İran rəsmiləri ölkəmizə səfər edəndə, yaxud Azərbaycan Respublikasından Tehrana gedən nümayəndələri qəbul edəndə “müsəlman qardaşlığı, tarixi, mədəni ortaqlıqdan” və s. bu kimi məsələlərdən ağız dolusu danışırlar. Ancaq əmələ gəldikdə isə bir qayda olaraq, haqqı, ədaləti sanki unudur, eyforik hala düşürlər.
Noyabrda İran prezidenti Həsən Ruhani ölkəmizə səfər edib. Azərbaycan Respublikası baş nazirinin müavini Əli Həsənov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İslam Respublikasında olub, bir sıra görüşlər keçirib.
İran hökumətinin başçısı Bakıda bəyanatla çıxış edib, Qarabağ məsələsi ilə bağlı təmsil etdiyi hakimiyyətin mövqeyinin açıqlayıb. Bu münasibət isə indiki halda Azərbaycan tərəfi qane edib.
İran tərəfi ticarət dövriyyəsini 10 milyard dollaradək artırmaq niyyətində olduqlarını gizlətmir.
Yeri gəlmişkən qeyd edək ki, cari ilin mart-sentyabr aylarında İrandan ölkəmizə 228 milyon dollarlıq ixracat olub.
Heç kimə sirr deyil ki İranda milyonlarla Azərbaycan türkünün milli-mədəni haqqı tapdansa da Azərbaycan bu məsələləri rəsmi şəkildə heç vaxt qabartmayıb. Bununla da İrana münasibətdə daha dözümlü və şəffafdır.
Bu münasibətin qarşılığında İslam Respublikasının davranışında illər uzunudur müsbət dəyişiklik nəinki görünmür, sezilmir də.
Bunu qarşılığında noyabrda Tehran hakimiyyəti hansı addımları atıb?
İran prezidenti Həsən Ruhaninin Bakı səfərindən az sonra İran rejiminin dəstəyi ilə Türkiyə və Azərbaycan əleyhinə tədbir keçirilib.
İranda iki gün fəaliyyət göstərən ermənilərin qondarma tarixi illə bağlı fotosərgi keçirilib.
Hakimiyyət tərəfindən dəstəklənən sərgi Tehranın “Ərəsbaran” Mədəniyyət sarayında açılıb. Həmin tədbirin açılış mərasiminə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyanın, İran ermənilərinin maraqlarını parlamentdə təmsil edən deputat Karen Xanlarinin, saxta tarixin “muzey-institutunu”nun direktoru Ayk Demonyan, incəsənət xadimlərinin qatıldığı bildirilir. Mərasimdə ermənilərlə yanaşı fars etnik qrupunun təmsil edən bir çox yerli tanınmış şəxs qatılıb.
Qeyd edək ki, hər il ermənilər tərəfindən Azərbaycan və Türkiyə əleyhinə keçirilən müxtəlif tədbirlərə rəğmən, İranda Dağlıq Qarabağ, o cümlədən Xocalı Soyqırımı kimi mövzularla bağlı mərasimlərin keçirilməsinə Tehran hakimiyyəti bir qayda olaraq icazə vermir. Bu yöndə tədbir keçirmək istəyənləri isə ya heç edir, ya da çeşidli bəhanələrlə basqı altında saxlayır.
İran hakimiyyəti 10 ildən artıqdır Güney Azərbaycanın Astara şəhərindən Quzeydəki Astaraya dəmiryol xətti çəkilməsi ilə bağlı vəd verir. U istiqamətdə bir addım atılmadığı halda Tehran İrəvanla noyabrın 10-da dəmir yolunun tikintisinə dair saziş imzalayıb. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib.
O bildirib ki, ermənilər öz dəmir yollarını İranın Culfa şəhərinin dəmir yoluna birləşdirmək istəyir. “Ermənistan əmin olmaq istəyir ki, öz dəmir yolunu İran dəmir yoluna birləşdirəcək. Biz bu barədə onlarla əməkdaşlıq etməyə hazır olduğumuzu elan etdik və saziş də imzaladıq”.
İranlı nazirin sözlərinə görə, İran və Ermənistan arasında tikiləcək dəmir yolunun uzunluğu 382 kilometr olacaq: “Dəmir yolunun 80 kilometri İran ərazisində, 302 kilometri isə Ermənistan ərazisində inşa ediləcək. Hazırda İran bu istiqamətdə araşdırmalara başlayıb".
Bu günlərdə İran ermənilərinin parlamentdəki təmsilçisi Karen Xanlari bir daha “Qarabağı erməni torpaqları” adlandıraraq münaqişənin həllini “Azərbaycanın ermənilərin hüququna ədalətlə yanaşması şərtilə” əlaqələndirib.
İranın “Fars” xəbər agentliyi “Pantürkizmin saxta iddiaları və vətənpərəst Səttarxan” başlıqlı yazıda Azərbaycan Respublikası və Türkiyəni “pantürkizmi” dəstəkləməkdə ittiham edib.
“Fars” xəbər agentliyi “pantürkizm” adlandırdığı cərəyanla bağlı “universitet ustadı və tarixçi alim” Kamruz Xosrəviyə müraciət edib. Sayt K.Xosrəviyə istinadən yazıb:
“Azərbaycan Respublikası və Türkiyə pantürkizm siyasətini dəstəkləyir. Ona maliyyə və informasiya baxımından dəstək verir. Pantürkizmin məqsədi dünya türklərini birləşdirməkdir. Pantürkizmin əsas təhlükəsi Orta Asiyadadır. Onlar çalışır ki, özbəklərlə taciklər arasında ixtilaf yaransın. Bu baş verərsə İran da problemə cəlb olunacaq”.
Güney Azərbaycanda bir məsəl var: “Həzrət Abbas andına inanım, yoxsa qoltuğundakı xoruzun quyruğuna”.
Həmin deyim belə yaranıb. Bir nəfər qonşudan xoruz oğurluğu edir. Ev yiyəsi onun qoltuğundakı xoruzun quyruğunu görüb, deyir: “Ay qonşu, niyə oğurluq dirsən?” Oğruda cavabında bildirir: “Həzrət Abbas haqqı oğurluq etmirəm”. Xoruzun yiyəsi özünü saxlaya bilməyib əsəbi halda deyir: “Həzrət Abbas andına inanım, yoxsa xoruzun quyruğuna?”
İndi İrandakı hakimiyyətin Azərbaycana münasibətdə nəyə inanmaq lazımdır?