Soyunan gözəllər: “Sponsorlarımızdan biri azərbaycanlıdır” - REPORTAJ
14 yanvar 2013 11:11 (UTC +04:00)

Soyunan gözəllər: “Sponsorlarımızdan biri azərbaycanlıdır” - REPORTAJ

Ukraynanın “FEMEN” qızları... İndi bu qızlar əksər media qurumlarının maraq obyektidir.

Etiraf edim ki, onlarla görüşə cəhd edəndən görüş alınana qədər bu qızlar barədə müxtəlif təsəvvürlər yaşadım. Hətta ilk cəhdlərdə qızların lideri Anna Quçol və ya prodüsserləri ilə telefon danışıqları zamanı onlardan gözləmədiyim halda görüşdən imtina cavabı aldıqda belə bu təsəvvürlər xeyli rəngarəng idi. Onlarla telefon söhbətlərimizdən belə analdıq ki, qızlar nəinki media ilə, hətta şərqli kişilərlə ünsiyyət üçün belə xeyli acıqlıdırlar...

Növbəti Kiyev səfərimizdə yenə cəhd etdik və gözlənilmədən təşkilatın aktiv üzvlərindən

olan Yana Jdanova “ofisimizdəyəm, gələ bilsəniz, bu gün gəlin, sabahdan bayrama başlayırıq (həmin gün dekabrın 28-i idi - M.A.), başımız şənliklərə qarışacaq” - deməsi bizim üçün fürsət oldu və dərhal həmin ünvana yollandıq.

 

***

 

Ofisləri Kiyevin mərkəzində, məşhur “Maydan” adlanan yerə yaxın, Mixaylovskaya 21, ünvanındakı binanın birinci mərtəbəsindədir.

 

Özümüzü rəsmi bir görüşə hazırlayaraq yollandığımız halda, ünvana çatan zaman orada rastlaşdığımız mənzərə bizi şaşırtdı - Yana qurşaqdan yuxarı lüt soyunub ofis yerləşən binanın qarşısında kürəklə qar təmizləyirdi. İlk baxışdan bu, qar təmizləməkdən daha çox fiziki təmrinə oxşayırdı.

Yana bizi elə bu formadaca ofisə dəvət elədi. Dediyinə görə, o biri qızlardan fərqli, o, soyuğa öyrəşmək üçün tez-tez əlində kürək yarımçılpaq halda belə çalışır...

 

***

 

Bir neçə otaqdan ibarət olan ofisin böyük bir otağı idman zalıdır. Yana bizi ofisləri ilə tanış edə-edə əyninə qısaqol köynək keçirib, trenajorlarda məşq eləməyə başladı.

 

- Bu idman zalı yəqin biznes üçündür.

 

-(Gülür) Yooox, nə danışırsan? Əksinə, idman zalı bizim işimizin tərkib hissəsidir. Bizə fiziki hazırlıq çox lazım olur, ona görə də mütəmadi olaraq idmanla məşğul oluruq, şaxtalı havada bayırda hərəkət edirik. Soyuğa davamlılıq bizim üçün vacib şərtdir.

 

- Niyə?

 

- Necə niyə? Biz daim küçələrdə soyunuruq, bu da daha çox soyuq havalarda olur. Bundan başqa bizim aksiyalar daim polislər tərəfindən fiziki təzyiqə məruz qalır, biz onlardan müdafiə olunmalıyıq. Bütün bunlara görə daim fiziki hazırlıq keçirik. Bax, belə! (gülür). Bu gün əslində proqramımda idman yox idi, amma eşidəndə ki azərbaycanlı jurnalistlər gəlir, soyunub küçəyə çıxıb bir az hərəkət eləmək istədim ki, sizə də sürpriz olsun (gülür), axı sizlərdə belə şeylərə qəribə baxırlar.

 

Bütün otaqların divarları aksiyalardan çəkilmiş müxtəlif fotolardan ibarətdir. Otaqların birinə keçib bizi masa arxasına dəvət edir və əvvəlcə qısaca təşkilatlarının tarixindən danışır:

 

- Bizim təşkilat 2008-ci ildən fəaliyyətə başlayıb. Düzdür, yaranan vaxt mən üzv deyildim, amma hadisələri izləyirdim. Ukraynada qadınlar artıq daha çox əcnəbilər üçün alətə çevrilmişdi, hansı ki bizim qadınlar heç vaxt belə olmayıb. Bu, kobud şəkildə qadın hüquqlarına təcavüz demək idi. O vaxt qadınların belə kobudluğa qarşı ciddi mübarizəsi yox idi, dövlət də ciddi maraq göstərmirdi. Həmin il Xmelnitski şəhərində Anna Quçol bir neçə qızla mübarizəyə başladı. Qızlar ilk aksiyada soyunmurdular, çəhrayı paltarda və çəhrayı bayraqla etiraz piketləri keçirirdilər. Artıq səsimiz bütün Ukraynaya, daha sonra qonşu ölkələrə və bütün Avropaya yayıldı. Biz qərara aldıq ki, tələblərimizin daha sərt olması üçün soyunaq və qadının alətə çevrilən bədənini nümayiş etdirməklə etirazımızı bildirək. Bu, çox ciddi rezonans doğurmağa başladı. Biz hər gün nəsə yenilik fikirləşməyə başladıq. İlk böyük və geniş çılpaq aksiyamız “Ukrayna hərəmxana deyil!” devizi ilə keçirildi. Biz artıq mütəmadi olaraq Ukraynanın bütün şəhərlərində aksiya keçirirdik, Ukrayna qadınlarına alət kimi baxanlar bizi kabus kimi görürdülər (gülür). Hərçənd Ukraynada ölkənin qərbi ilə şərqi fərqli düşüncədədir, məsələn, şərqlilər bizi o qədər normal qəbul etmirlər, amma ölkənin qərb şəhərlərində bizə daha çox dəstək verirlər.

 

- Çox gəncsiniz, gözəlsiniz. Bu da aksiyalarda sizə problem yaradır yəqin ki.

 

- 24 yaşındayam, bizim təşkilatda məndən kiçik qızlar da var. Amma bu bizə aksiyalarda soyunan zaman heç bir problem yaratmır, çünki biz striptriz göstərmirik, etiraz edirik...

 

- Necə maliyyələşirsiniz?

 

- “FEMEN” fəaliyyətə başlayanda Amerika əsilli ukraynalı iş adamı Djed Sanden ayda 100 dollar plakatlar, makiyaj, alt paltarları üçün pul verirdi. Sonradan biz siyasi məsələlərə etiraza başlayanda o, etiraz etdi və maliyyələşdirməkdən imtina etdi. İndi əsas gəlirimiz “FEMEN” yazılı maykalar, fincanların satışından əldə olunur. Həmçinin bizim şəxsi hesabımız var və kim istəyirsə oraya ianə göndərə bilər, xeyli sayda göndərirlər də. Onların çoxu məşhur iş adamlarıdır və adlarının gizli saxlanmasını istəyirlər... Aralarında azərbaycanlı da var, təbii ki adını sizə deməyəcəm (gülür).

 

- Üzvlərinizin sayını bilmək maraqlı olardı.

 

- Hazırda 50-yə yaxın aktiv üzvümüz var. Dünya üzrə isə 300-ə yaxın üzvümüz var və biz mütəmadi olaraq onlarla əlaqə saxlayırıq. Hansı şəhərdə qadınlara qarşı haqsızlıq olursa, onlar dərhal soyunub etiraz bildirirlər. Liderimiz isə bildiyiniz kimi, Anna Quçoldur. O, əslən Ukraynanın Xmelnitski şəhərindəndir.

 

- Maraqlıdır, təşkilata hansı kriteriyalarla üzvlər qəbul olunur?

 

- Çalışırıq cavan, enerjili qızlar olsun.

 

- Sizi çox vaxt ölkənizdə “Ukraynanın ayıbı” və sair adlandırırlar. Bu, xüsusən də ictimai xadimlər və deputatlar tərəfindən səsləndirilir...

 

- Əgər onlarda güc, vicdan olsaydı, o zaman biz soyunub təkbaşına ukraynalı qadınların tapdanan hüquqları uğrunda mübarizə aparardıqmı?! (əsəbiləşir) Onların bu fikri patriarxal təfəkkürün stereotipləridir. Müdafiəsiz qalan qadınlar silah götürüb kimisə qətlə yetirməlidirlər? Biz, alətə çevrilən qadın bədənin özü vasitəsi ilə mübarizə aparırıq. Bu halda çılpaq qadının öz haqlarını tələb etməsinin nəyi ayıbdır ki?

 

- Başqa hansı ölkələrdə aksiyalar keçirmisiniz və yaxud da keçirməyi planlaşdırırsınız?

 

- 2012-ci ildə İstanbulda aksiya keçirdik. Geniş bir aksiya idi, rezonansı böyük oldu. Türkiyədə bizi elə aksiya zamanı saxladılar. Sabahı gün isə bizi bir il qayıtmağa qadağa şərti ilə deportasiya etdilər. Türkiyə prokurorluğu bizim hərəkətlərimizdə cinayət tərkibi olmadığını aydınlaşdırdı və cinayət işi qaldırmadılar. Yəni hər şey yaxşı qurtardı. Düşünürdüm ki, ora müsəlman ölkəsidir, qadınlar istəsələr də bizə dəstək ola bilməyəcəklər. Amma sən demə, orada da cəsarətli qadınlar varmış. Onlar bizə böyük dəstək oldular...

Mən və təşkilatın digər aktiv üzvləri çox istəyirik ki, qadın hüquqları tapdalanan bir çox Şərq ölkələrində aksiya keçirək. Biz hər toplaşanda istəklərimizi müzakirə edirik ki, İrana, İraqa, Səudiyyə Ərəbistanına, Suriyaya və qadınların alınıb-satıldığı digər ölkələrə gedək, oradakı kişilərin “dərsini verək” (gülür). Bunlar hələ ki yalnız plandır, ola bilsin bir hissəsi 2013-cü ildə reallaşdı. Yəni əsas planlarımız artıq saydığım həmin çətin ölkələrə getməkdir. Bilirəm ki, o ölkələrdə bizi heç də yaxşı şeylər gözləmir, amma onların silahı, qılıncı və dəyənəyi qədər də bizim cəsarətimiz var (gülür).

Yeri gəlmişkən, internetdən oxuyuruq ki, Azərbaycanda da qadınların vaxtından tez ərə verilməsi və döyülməsi hallarına rast gəlinir. (sözünü kəsib bir az əsəbi halda başını bulayır). Axı siz şərqli kişilər, niyə belə amansızsınız?!

 

- Sizin ölkədə də qadın zorakılığı var, dediyiniz kimi olmasaydı belə mübarizəyə başlamazdınız...

 

-(gülür) Əlbəttə var. Azərbaycan haqqında az bilmirik, dediyim kimi, izləyirik. Gürcüstanda vəziyyət bir az yaxşıdır, bizim orada çoxlu dostlarımız var. Ukrayna da bir az “demokratiya” oyunu oynayıb, lakin hakimiyyət dəyişir, yeni liderlər gəlir və onlar da yenidən demokratiyanı boğaraq düşünürlər ki, xalqı boş buraxmaq olmaz. Əgər Azərbaycanda da qadın hüquqlarının pozulması ilə bağlı hər hansı ciddi qalmaqal baş qaldırsa, qadınlar səslərini qaldırsalar, biz dəstəmizi yığıb ora gələ bilərik. İstər soyunaraq, istərsə də başqa formada etiraz aksiyamızı keçirərik.

 

- 24 yaşınız var, dediyiniz kimi təşkilatda sizdən də gənc qızlar var. Fəaliyyətiniz şəxsi həyatınıza mane olmur?

 

- Mən ali məktəbi bitirmişəm, ümumiyyətlə qızlarımızın çoxu ali təhsillidir. Müxtəlif dillər bilirlər. İstənilən halda mənim həyatım ictimai işlərlə sıx əlaqəli olacaq. Və bütün həyatımı da yalnız bu cür işlərlə bağlı görürəm. Bizim üçün mübarizəmizdən göründüyü kimi sevgi də müqəddəsdir və əminəm ki bizim kimi güclü oğlanlar da var.

 

***

 

Söhbətimiz əsnasında telefonuna bir neçə dəfə zəng gəldi, hər dəfə də telefonu tez götürdüyündən zəng üçün qoyduğu musiqi tanış gəlsə də axıra kimi dinləmək mümkün olmadığından dəqiqləşdirə bilmirdim. Söhbətin sonuna yaxın yenə zəng gəldi və telefon xeyli çağırdığından musiqiyə axıra kimi qulaq asdıq. Dərhal aydın oldu ki, bu, məşhur türk serialı “Möhtəşəm Yüzil”də Hürrəm Sultanın oxuduğu qədim slavyan laylasıdır.

 

Açığı, nəinki Kiyevdə, Ukraynanın ucqar bölgələrində belə bu məşhur seriala, oradakı əslən ukraynalı olan Hürrəm Sultan obrazına böyük marağın şahidi olmuşuq. Hətta Ukraynanın məşhur “1+1” kanalı bu serialı Ukrayna dilinə tərcümə edib yayımlayır. Bir çox ukraynalı qızların və oğlanların da serialdakı səhnələrin əzbərdən ifadə etməsini görmüşdük. Amma ağlımıza gəlməzdi ki, bu, çılpaq aksiyaçı qızların da marağında olsun.

 

-  Bu seriala baxırsız?

 

- Əlbəttə.

 

- Yəqin məlumatınız var, oradakı Hürrəm Sultana Şərqdə güclü qadın deyilir.

 

- Şəxsən mən bu seriala Roksalanaya görə baxıram. Ona hərdən Aleksandra da deyirlər. Roksalana şübhəsiz güclü qadın simvoludur. Mən onun tarixini də oxumuşam, bizdə Ukraynada onunla bağlı çoxlu kitablar yazıblar. Roksalana zorla oğurlanıb və qul kimi alınıb. Bu qadın quldan şahzadəyə çevrilib. Oranın dilini öyrənib. Məqsədi, sevgisi uğrunda dinini dəyişib, Quranla axıra kimi tanış olub. Hansı ki sarayda onunla mübarizə aparan, ona qul kimi baxan müsəlman qadınların özləri Quranı axıra kimi oxumamışdılar...

 

O çox müdrik, ağıllı qadın idi və on illərlə bütün saray intriqalarından çıxaraq üzdə qala bilib. Öz ideyalarını yeridib, böyük siyasətçi olub.

 

Kiyev-Bakı

 

[email protected]

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10735
avatar

Mübariz Aslanov

Oxşar yazılar