Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, öz nəcib əməlləri ilə “Millətin Anası” adına layiq görülmüş Şeyxə Fatimə bint Mübarəkin rəhbərlik etdiyi “Millətin Anası” festivalı keçirilib.
Səfirlikdən Lent.az-a verilən məlumata görə, festival çərçivəsində açıq havada və yerli vətəndaşların sıx yaşadıqları “Əl-Batin” rayonunda dəniz kənarında Mədəniyyət Gecəsi təşkil edilib. Təşəbbüsə görə, yüzlərlə yerli tamaşaçının önündə milli rəqslər nümayiş olunur.
Səfir Daşqın Şikarovun xanımı Ülviyyə Şikarovanın da iştirak etdiyi Mədəniyyət Gecəsinin açılışı Azərbaycandan başlayıb. Açılışdan öncə publika qarşısında çıxış edən Ü.Şikarova müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması, eləcə də yerli vətəndaşlarda digər mədəniyyətlər haqda aydın təsəvvürün yaradılması üçün yaradılan şəraitə görə Əla Həzrət Şeyxə Fatimə bint Mübarəkə təşəkkürünü bildirib.
Fürsətdən istifadə edərək, səfir xanımı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın beynəlxalq və regional fəaliyyətlərindən söz açıb. Heydər Əliyev Fondunun istər ölkənin daxilində, istərsə də xaricində səhiyyə, təhsil və digər humanitar sahələrdə gördüyü işlərdən geniş bəhs edib.
Ü.Şikarovun çıxışından sonra səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ inciləri” rəqs ansamblının iştirakçıları Aliyə Şahhüseynova, Qumral Yusifova, Ceyla Musa, Nəsrin Elnur qızı və s. tərəfindən “Yallı”, “Sarı Gəlin”, “Ay Qaşı Gözü Qara Qız” kimi kollektiv və fərdi rəqs nümunələri ifa olunub və tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Səhnədə quraşdırılan böyük ekranda ölkəmizi təbliğ edən video çarxlar da rəqslər boyu izləyicilərin marağına səbəb olub.