Sankt-Peterburqda terror aktı nəticəsində yaralanan həmyerlimizin vəziyyəti orta ağır olaraq qalır.
Bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. Onun sözlərinə görə, həmyerlimiz Zaur Vəliyev hazırda Peterburqun İ.İ Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsindədir.
"Həkimlərin verdiyi məlumata görə, Z. Vəliyevin huşu yerindədir. O, həkimlərlə danışıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər" - deyə diaspor nümayəndəmiz bildirib.
Elşən Həmzəyev həmyerlimizin Peterburq sakini olmadığını, Oryol şəhərindən gəldiyini də söyləyib.
***
Sankt-Peterburq metrosunda baş verən terror aktında yaralananlar arasında azərbaycanlının olduğu təsdiqlənib.
Bu barədə APA-nın Rusiya bürosuna Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.
E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
***
Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralıların ilkin siyahısı açıqlanıb.
APA-nın Life.ru-ya istinadən verdiyi xəbərə görə, hazırda siyahıda 16 nəfərin adı var.
Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir. Onun azərbaycanlı olduğu ehtimal edilir.
Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.