Biz “Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlət başçısı keçən il və ondan əvvəlki illərdə multikulturalizmlə bağlı bədbin fikirlərin səsləndiyini qeyd edib: “Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasətçilər də özlərinə rəva bilib multikulturalizmlə bağlı çox təhlükəli ifadələr işlədiblər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə əlbəttə ki, səylərini davam etdirəcək”.
Prezident bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini xatırladıb: “Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirib. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.
Prezident Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik bir ölkə olduğunu qeyd edib: “Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz.
Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm”.