Moskvanın “Aviapark” ticarət mərkəzində “Özəl Hərbi Şirkət” Redan”ın üzvləri olan yeniyetmələrin iştirakı ilə qeydə alınan davasına görə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qeyri-rəsmi qruplaşma üzvlərinə qarşı polisə səkkiz şikayət edilib. Bundan əlavə, Təhlükəsiz İnternet Liqası yeni subkulturadan olan yeniyetmələrlə maraqlanır. Həmin qurum artıq “Redan” neonasist hərəkatını qadağan etmək üçün məhkəməyə sorğu göndərib.
İlk dava fevralın 19-da Moskva ticarət mərkəzinin yeməkxanasında baş verib. “Redan” nümayəndələrinin sözlərinə görə, onlara bir qrup yeniyetmə yaxınlaşaraq stulları boşaltmağı tələb edib. Nəticədə kütləvi dava düşüb. Daha sonra gənclər yenidən görüşməyə razılaşıblar. Artıq onlarla münaqişə iştirakçısı saxlanılıb.
“Redan”dan olan yeniyetmələrin uzun tünd saçları var və paltarlarına hörümçək nişanları taxırlar. Onlar “Hunter x Hunter” manqasındakı “Dahi Redan” dəstəsindən ilhamlanıblar.
Gənclərin futbolsevərlərə, Qafqazdan olanlara və miqrantlara qarşı çıxdığı iddia edilir.