Krasnodarın Leninski rayon Məhkəməsi yerli sakini Rusiya ordusunu ictimai məkanda gözdən salmaqda təqsirli bilib və onu 40 min rubl cərimələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, qadın Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi (“Rusiya Silahlı Qüvvələrini (SQ) nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər”) nəzərdə tutulmuş inzibati xəta törətməkdə ittiham edilib.
İş materiallarından belə çıxır ki, müttəhim yanvarın 29-da restoranda olarkən orada “xüsusi hərbi əməliyyat zamanı beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün RF Silahlı Qüvvələrinin hərəkətlərini gözdən salan şüarlar” səsləndirib.
Qadının əri və dostu ilə bir müəssisədə olduğu bildirilib. Ukraynadakı vəziyyətin müzakirəsi zamanı onlar itaətsiz davranaraq ictimai asayişi pozub, o cümlədən “Ukraynaya eşq olsun!” şüarını səsləndiriblər. Onların davranışı masaya yaxınlaşan və eşitdiklərindən şikayət edən başqa bir müştərinin diqqətini çəkib və bu, münaqişəyə çevrilib. Nəticədə rusiyalı qadının əri 15 sutka inzibati həbsə göndərilib.