Ekvador Quayakilindəki Litoral həbsxanasında öldürülənlərdən altısı avqust ayında ölkə prezidentliyinə namizəd Fernando Villavisensionu öldürməkdə ittiham olunan kolumbiyalıdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Böyüklərə və azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanlara Hərtərəfli Qayğı üzrə X Milli Xidmətinin sosial şəbəkəsində yayılan məlumatda deyilir.
“Cəsədlərin çıxarılmasına cavabdeh olan qurumlar lazımi testləri həyata keçirdikdən sonra bildiririk ki, Quayakilin 1 saylı İstintaq Təcridxanasında dünyasını dəyişən 6 nəfər azadlıqdan məhrum edilmiş Con Qreqore R., Andres Manuel M., Adey Fernando J., Camilo Andres R., Soules Osmin S. və José Neider L.-dir. Bütün məhbuslar Kolumbiya vətəndaşlarıdır və keçmiş prezidentliyə namizəd Fernando Villavisensionun qətlində ittiham olunurlar”, - deyə press-relizdə qeyd olunub.
Onların cəsədləri Litoral həbsxanasının pavilyonlarından birində tapılıb. Qətliamdan sonra ölkə prezidenti Gilyermo Lasso təhlükəsizlik məsələləri üzrə Nazirlər Kabinetinin təcili iclasına sədrlik etmək üçün xarici səfərini yarımçıq qoymağa qərar verib.
Xatırladaq ki, Fernando Villavisensio Ekvadorun paytaxtı Kitoda keçirilən seçki iclasından sonra başına üç güllə ilə vurularaq öldürülüb. Atışma nəticəsində təxminən 8 nəfər yaralanıb. Qətldə şübhəli bilinən 6 nəfər saxlanılıb, biri isə öldürülüb. Villavisensionun qətlindən sonra Ekvadorda 60 gün müddətinə fövqəladə vəziyyət elan edilib.