Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Liman şəhəri istiqamətində müdafiəyə rəhbərlik edən Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Kadırov Liman şəhərində Rusiya qoşunlarının açıq hədəfə çevrilmə təhlükəsi ilə bağlı Baş Qərargah rəisi Valeri Gerasimova məlumat verdiyini açıqlayıb.“İki həftə əvvəl "Axmat" Xüsusi Təyinatlı Qüvvələrinin general-mayoru, mənim əziz qardaşım Aptı Alaudinov şəxsən mənə bildirdi ki, döyüşçülərimiz asan hədəfə çevrilə bilər. Mən də öz növbəmdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova təhlükə barədə məlumat verdim. Amma general məni əmin etdi ki, o, Lapinin hərbi sərkərdə istedadına şübhə etmir və Krasnıy Limanda və onun ətrafında geri çəkilməyin mümkün olduğunu hesab etmir. Bir həftə sonra Lapin qərargahını tabeçiliyindən yüz kilometr aralıda olan Starobelskə köçürür, özü də Luqanskda oturur. 150 km məsafədə olan bölmələri necə operativ idarə edə bilərsiniz? Elementar hərbi logistikanın olmaması səbəbindən bu gün biz bir neçə yaşayış məntəqəsini və ərazinin böyük bir hissəsini tərk etmişik.
Lapinin bacarıqsız olması ayıb deyil. Onun Baş Qərargahdakı yuxarıdakı rəhbərlər tərəfindən ört-basdır edilməsi ayıbdır. Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib ayıbını qanla yumaq üçün cəbhəyə göndərərdim. Ordu qohumbazlığı yaxşılığa aparmayacaq. Orduya güclü xarakterli, cəsur, prinsipial, döyüşçünün qayğısına qalan, tabeliyində olanın köməksiz, dəstəksiz qala bilməyəcəyini bilən insanları təyin etmək lazımdır. Xüsusən də çətin vaxtlarda orduda qohumbazlığa yer yoxdur”, - deyə Kadırov qeyd edib.