spaniya Milli Polisi INTERPOL (Beynəlxalq Cinayət Polisi Təşkilatı), EUROPOL (Avropa İttifaqının Polis Xidməti), EUIPO (Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsi) və OLAF (Avropa Fırıldaqçılıqla Mübarizə Bürosu) ilə birgə əməliyyat zamanı 66 mindən çox saxta futbol köynəyi və milli komandaların forma dəstlərini müsadirə edib.
Lent.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Müsadirə edilmiş saxta məhsulların ümumi çəkisi 16 ton təşkil edib. Əməliyyat zamanı sənaye mülkiyyəti hüquqlarının pozulması ilə bağlı cinayətlərdə şübhəli bilinən 95 nəfər saxlanılıb.
Axtarışlar İspaniyanın 15-dən çox məntəqəsində, o cümlədən Madrid, Barselona, Malaqa, həmçinin Elçe və Deniya (Alikante vilayəti) şəhərlərində aparılıb. 2026-cı ilin aprelində, dünya çempionatı ərəfəsində hüquq-mühafizə orqanları İspaniyaya daxil olması planlaşdırılan böyük həcmdə saxta məhsul axınını müəyyən ediblər. Onların əsas hissəsini İspaniya millisinin formasının nüsxələri təşkil edib. Saxta malların bazarlarda, küçə ticarətində, elektron ticarət platformalarında və sosial şəbəkələr vasitəsilə satılması planlaşdırılırmış.
Müsadirə olunan məhsulların qara bazardakı dəyəri iki milyon avro qiymətləndirilir. Oxşar əməliyyatlar digər ölkələrdə də keçirilib. Belə ki, Kanadada Toronto polisi FIFA loqoları olan 16 mindən çox saxta futbol köynəyi və bayrağı, həmçinin dünya çempionatının iki saxta kubokunu müsadirə edib. Honkonqda isə polis əməliyyatı zamanı təxminən 230 min saxta məhsul, o cümlədən 30 minə yaxın futbol köynəyi, butslar, qapıçı əlcəkləri və çantalar müsadirə olunub.