Britaniya parlamentinin qarşısında saxlanılan şəxs iki samuray qılıncı ilə silahlanaraq Britaniyanın keçmiş baş naziri Boris Consonla danışmaq istəyib.
Lent.az bildirir ki, “The Daily Telegraph” qəzetinin xəbərinə görə, bu barədə məhkəmədə prokuror Melaki Pakenem danışıb.
İngiltərənin şərqindəki Març şəhərində yaşayan 34 yaşlı Lyuis Ellinqton noyabrın 12-də günorta saatlarında Vestminster sarayı ilə üzbəüz saxlanılıb. Saxlanılan zaman samuray qılınclarından əlavə, gülləkeçirməz jilet geyinibmiş. Hadisə ilə əlaqədar qanunvericilik orqanı binasının əsas girişlərindən biri bir müddət mühasirəyə alınıb.
Ellinqton cümə axşamı günü Vestminster Magistrat Məhkəməsində görünüb, burada o, hücum niyyəti ilə iti silaha sahib olmaqda ittiham edilib. Onun vəkili Norman Ço bildirib ki, müvəkkilinin “heç kimə zərər vermək niyyəti olmayıb”.
Dinləmədən sonra Ellinqton dekabrda onun işi ilə bağlı ilkin dinləməyə qədər zaminə buraxılıb. Hakim Brayoni Klark onun Londona səfərini qadağan edib və Peterborodakı tibb müəssisəsində nəzarətdə saxlanmasını əmr edib.