Tokioda taksi sürücüsü göyərçin sürüsünü vurub və həbs edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 50 yaşlı Atsuşi Ozava taksi sürərkən qarşıda işıqforun arxasında göyərçin sürüsü görüb və quşların yolda dayanmasına qəzəblənib. İşıq yaşıl yanan zaman taksi sürücüsü qaza basaraq saatda 60 kilometr sürətlə göyərçin sürüsünə çırpılıb və onlardan birinin üzərindən keçib. Mühərrikin kəskin səsi yoldan keçən bir nəfərin diqqətini çəkib. Həmin şəxs polisə müraciət edib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cansız göyərçin aşkar ediblər. Göyərçinin cəsədi baytarda müayinə olunub və ölümün səbəbinin travmatik şok olduğu üzə çıxıb. Polis, Ozavanın “ov üçün nəzərdə tutulmayan adi göyərçinlərə qarşı maşından silah kimi istifadə etməkdə” günahkar olduğu qənaətinə gəlib. Sürücünün hərəkətləri “zərərli” kimi tanınıb və o, vəhşi təbiətin mühafizəsi qanununu pozduğuna görə həbs edilib.
Bununla belə, sorğu-sual zamanı Ozava müstəntiqlərə “yolların insanlara məxsus olduğu üçün göyərçinlərin oradan çıxmalı olduğunu” deyib.