Kaliforniyada yanan sinaqoq
05 fevral 2022 16:44 (UTC +04:00)

Kaliforniyada yanan sinaqoq

Azərbaycan Kaliforniyada yanmış sinaqoqu bərpa edir

"Kaliforniya ştatının San-Xose şəhərində bu yaxınlarda tikilmiş Xabad Evi sinaqoqu 2021-ci il dekabrın 23-də baş vermiş yanğın nəticəsində tamamilə yararsız vəziyyətə düşüb. Bundan Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin “Twitter” hesabındakı paylaşımından öyrəndim. Ötən ilin dekabrında baş vermiş yanğın nəticəsində Xabad Evi sinaqoqunun dağıldığını öyrəndim və bu, məni kədərləndirdi. Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu sinaqoqun bərpasına vəsait ayırıb. İnsanları bu cür səyləri dəstəkləməyə təşviq etmək üçün bunu paylaşın. Sinaqoqun təntənəli açılışını səbirsizliklə gözləyirəm”.

Lent.az worldmedi.az saytına istinadla bildirir ki, bu sözləri Nəsimi Ağayev sosial şəbəkə hesabında yazıb.

Azərbaycan əhalisinin 96%-i müsəlmandır. Amma ölkədə müxtəlif yəhudi icmaları da yaşayır. Məsələn, paytaxtımız Bakıda Xabad icması gündən-günə çiçəklənir. Sumqayıt və Qubada da Xabad mərkəzləri fəaliyyət göstərir. Bakıda Xabad sinaqoqu ilə yanaşı, ultramüasir yəhudi təhsil mərkəzi də var. “Xabad-Or-Avner” təhsil mərkəzində təxminən 450 yəhudi şagird təhsil alır, onlara yəhudi mədəniyyəti, adət-ənənələri, ivrit dili, həmçinin müasir elm və texnologiyalar tədris olunur. Məktəb yəhudi icmasını kaşrut yeməklərlə də təmin edir. Bundan başqa, Bakıda yəhudi uşaqlar üçün uşaq bağçası və çoxsaylı yəhudi təşkilatı da fəaliyyət göstərir.

Azərbaycanın Sovet İttifaqından 1991-ci ildə müstəqillik əldə etməsindən sonra hökumət ölkədə yaşayan 30 minlik yəhudi icması üçün sinaqoqların inşasına, müxtəlif infrastrukturun yaradılmasına maliyyə vəsaiti ayırır, bu cür layihələrə ciddi dəstək verir. Eyni yanaşma xristianlığın müxtəlif məzhəblərinə aid olan kilsələrə və təbii ki, məscidlərə də aiddir.

Bu da son deyil. Azərbaycan qonşu Gürcüstanda fəaliyyət göstərən kilsə, monastır, məscid və sinaqoqları pulsuz qazla təmin edir!

Bakıdakı möhtəşəm “Xabad-Or-Avner” təhsil mərkəzi Azərbaycanın birinci ledisi Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Onun açılış mərasimi 2010-cu ildə keçirilib və mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Hazırda Bakıda iki əsas sinaqoq fəaliyyət göstərir: dağ yəhudilərinin sinaqoqu və Avropa yəhudilərinin sinaqoqu. Dağ yəhudilərinin sinaqoqu Azərbaycan hökumətinin maliyyə yardımı hesabına tikilib. O, dağ yəhudilərinə 2011-ci ildə təhvil verilib. Azərbaycan bəlkə də dünyada öz yəhudi əhalisinə sinaqoq tikmiş yeganə ölkədir.

Avropa yəhudilərinin sinaqoqu isə 2003-cü ildə açılıb. Onun tikintisi dünyadakı müxtəlif yəhudi icmalarının, həmçinin Azərbaycanda fəaliyyət göstərən xristian və müsəlman dini icmalarının maliyyə yardımı ilə həyata keçirilib.

Azərbaycanda yəhudi icmasına həqiqətən unikal münasibət var. Yəhudilər bu ölkədə 2 min ildir ki, yaşayır. Quba regionunun müsəlman xanı hələ 1742-ci ildə yəhudilərin təhlükəsiz yaşaması üçün qorunan ərazi ayırıbmış. O, yəhudiləri qoruyur və dəstəkləyirmiş. Həmin dövrlərdə Quba xanlığının ərazisi tez-tez yadelli işğalçıların hücumuna və işğalına məruz qalıbmış...

Bu gün Qubada yerləşən Qırmızı qəsəbə İsrail və Nyu-Yorkdan kənarda yəhudilərin kompakt yaşadığı ən böyük məkandır. Qırmızı qəsəbə həqiqətən nadir incidir.

İkinci Dünya müharibəsi zamanı da Avropada Holokostdan canını qurtaran minlərlə yəhudi məhz Azərbaycanda sığınacaq tapıb. Burada müsəlman ailələr onları xoş qarşılayıb, özlərini yad hiss etməsinə imkan verməyib. Qeyd edək ki, Azərbaycanın öz qapılarını yəhudi qaçqınlara açdığı vaxt 700 min azərbaycanlı cəbhədə Hitlerə, onun nasist rejiminə qarşı qəhrəmanlıqla döyüşürdü. Həmin savaşda 400 min azərbaycanlı həyatını itirib.

Əsrlərdir davam edən azərbaycanlı-yəhudi harmoniyası və qardaşlığı Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən İsraillə güclü, strateji tərəfdaşlıq münasibətləri qurmasına da kömək edib. Bu il iki dövlət arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi tamam olur. 

Azərbaycanın Los-Anceləsdəki Baş konsulluğunun San-Xosedəki Xabad sinaqoqunun bərpasına dəstəyindən danışan Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini, Avropa Yəhudi Sinaqoquna rəhbərlik edən Şneor Seqal deyib: “Mən uzun illərdir Azərbaycanda yaşayıram. Bu müddətdə Azərbaycan xalqının və hökumətinin müxtəlif dini icmalara həssas münasibətinin, səxavətinin şahidi olmuşam. Azərbaycanın yəhudi xalqına qarşı 2000 illik isti, mehriban münasibətinin Kaliforniyaya qədər yayılması məndə dərin təəssürat yaradıb”.

Məsələyə San-Xosedəki Xabad sinaqoqunun ravvini Mendel Vaynfeld də münasibət bildirib. “Yardımın bizdə hansı ruh yüksəkliyini yaratdığını, bizi necə ümidləndirdiyini ifadə etmək çox çətindir. Bu böyük səxavət göstəricisidir. Bu qərarın köklərinin hara gedib çıxması, bu münasibətin tarixi, onun arxasında dayanan dəyərlər məndə dərin təəssürat yaradır. Bu gün dünyada insanlar arasında bölünməyə son qoyulması qeyri-mümkün görünür. Belə bir vəziyyətdə işıq, ümid və həqiqi həmrəylik nümunələri çox vacibdir”, - deyə o, qeyd edib.

Bu gün Bakıdakı Xabad icması yeni mikvanın tikintisi ilə məşğuldur və o, əlbəttə ki, Azərbaycan hökumətətinin maliyyə yardımı hesabına inşa edilir. O, “Xabad-Or-Avner” təhsil mərkəzinin maliyyələşməsinə də kömək edir.

Kaliforniyada baş verənlərə qayıdaraq qeyd edim ki, Azərbaycanın burada, həmçinin qonşu ştatlarda yaşayan yəhudi icmaları ilə dostluq münasibətlərinin zəngin tarixi var. Kaliforniyadakı yəhudi icmaları da çətin günlərimizdə bizim yanımızda olub. Mənim sağ çıxa bildiyim Xocalı qətliamı, işgəncə düşərgəsində məhbus olmağım Los-Ancelesdəki yəhudi icması tərəfindən dəfələrlə xatırlanıb. Onlar hər zaman mənimlə həmrəy olduqlarını ortaya qoyublar...

Beləliklə, dünyamızı daha da təkmilləşdirməmiz üçün hər zaman imkan var. Söhbət həmrəylikdən, şəfqətdən, davamlı addımlardan, çətin günlərin acısını bölüşməkdən gedir. İndi mən San-Xose şəhərindəki Xabad Evi sinaqoqunun təmiri, burada keçiriləcək çox sayda tədbir və bayramlar, həmçinin Bakıda tikilməkdə olan mikva ilə bağlı xoş xəbərlər eşitmək istəyirəm. İndi yeni və köhnə dostluq münasibətləri haqda düşünür, bundan məmnun oluram. Qoy Bakıda, San-Xosedə, Los-Ancelesdə və müxtəlif şəhərlərdə yaşayan, dostluq münasibətlərini, ümumi dünya görüşünü bölüşən insanlar çiçəklənməyə davam etsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar