İspaniyanın paytaxtı Madrid ölkədə həddindən artıq turizm problemi yaşanmasına baxmayaraq, 2026-cı il üçün Avropanın ən yaxşı səyahət istiqaməti elan olunub.
Lent.az xəbər verir ki, reytinq nüfuzlu European Best Destinations portalı tərəfindən hazırlanıb və siyahıya Avropanın 20 şəhər və regionu daxil edilib.
Qalib necə müəyyən edilib?
Qalib 154 ölkədən 1,3 milyondan çox səyahətçinin səsverməsi əsasında müəyyənləşdirilib. İctimai səsvermədən əvvəl turizm üzrə mütəxəssislər komandası Avropa üzrə 500-dən çox istiqaməti təhlil edib.
İlkin mərhələdə turizmin artım tempi, onlayn axtarışların çoxalması, sosial şəbəkələrdə populyarlığın yüksəlməsi, eləcə də davamlı inkişaf, əlçatanlıq və yerli inkişaf prinsiplərinə sadiqlik kimi əsas göstəricilər nəzərə alınıb. Bu təhlil nəticəsində yekun reytinq üçün 20 istiqamət seçilib.
Madrid - 2026-cı ilin lideri
Reytinq müəlliflərinin fikrincə, Madridin liderliyi şəhərin son illərdə Avropanın ən cəlbedici paytaxtlarından birinə çevrilməsinin göstəricisidir. Burada mədəniyyət, həyat tərzi, qastronomiya və yüksək həyat keyfiyyəti nadir harmoniya təşkil edir.
Eyni zamanda, bu nəticə Avropada turizm tendensiyalarında yeni istiqaməti əks etdirir. Artıq kimlik, keyfiyyət və emosional təsir yaradan şəhərlər turizmin gələcəyini formalaşdırır.
Madrid
Madridin mədəni həyatının mərkəzində UNESCO siyahısına daxil edilmiş “Qızıl İncəsənət Üçbucağı” yerləşir. Bu məkan Museo del Prado, Museo Reina Sofía və Museo Thyssen-Bornemisza muzeylərini birləşdirir. Burada incəsənət, memarlıq və təbiət eyni şəhər məkanında vəhdət təşkil edir.
Bununla belə, Madridin mədəni enerjisi yalnız bu muzeylərlə məhdudlaşmır. Keçmiş sənaye rayonu olan Karabançel bu gün rəssam və dizaynerlərin fəaliyyəti nəticəsində eksperimental qalereyalar, studiyalar və müasir incəsənət məkanları ilə tanınan yaradıcı mərkəzə çevrilib.
Madrid həmçinin İspaniyanın mədəni kimliyinin canlı ifadəsi sayılan flamenko tablaolarının vətənidir. Bu ənənə şəhərin emosional atmosferinin formalaşmasında mühüm rol oynayır.
İldə 3000 saatdan çox günəşli hava şəraiti Madridin açıq məkanda yaşamasına imkan yaradır. Zərif bulvarlar, canlı meydanlar və geniş Retiro parkı şəhərin açıq və sosial həyat tərzini müəyyənləşdirir. Günlər uzun axşamlara keçir, terras mədəniyyəti, damüstü görüşlər və Avropanın ən dinamik qastronomiya səhnələrindən biri şəhərə xüsusi rəng qatır. Burada avanqard mətbəx ənənəvi tavernalarla yanaşı inkişaf edir.
Şəhəri fərqləndirən əsas cəhətlərdən biri balansdır, həm zərif, həm əlçatan, həm enerjili, həm də yaşamaq üçün rahat. Madrid yaşıl zonaları genişləndirib, piyadalar üçün əraziləri artırıb və Avropanın ən səmərəli ictimai nəqliyyat sistemlərindən birini formalaşdırıb. Bu isə şəhərin davamlı inkişaf və yüksək şəhər mühiti keyfiyyətinə sadiqliyini göstərir.
Madrid Şəhər Şurasının turizm üzrə müşaviri Almudena Maylyonun sözlərinə görə, bu mükafat şəhər üçün böyük qürur mənbəyidir və Madridin mədəniyyət, açıqlıq və həyat keyfiyyəti üzərində qurulan strategiyasının uğurunu təsdiqləyir.
2026-cı il üçün Avropanın ən yaxşı 20 istiqaməti:
- Madrid, İspaniya
- Nicosia, Kipr
- Styria, Sloveniya
- Verona, İtaliya
- Paris, Fransa
- Câmara de Lobos, Portuqaliya
- Alaçatı, Türkiyə
- Burano, İtaliya
- Lisbon, Portuqaliya
- Almería, İspaniya
- Stavanger, Norveç
- Vicentine Coast, Portuqaliya
- Ano Koufonissi, Yunanıstan
- Begur, İspaniya
- Cefalù, İtaliya
- Avlemonas, Yunanıstan
- Bosa, İtaliya
- Ravello, İtaliya
- Procida, İtaliya
- Taormina, İtaliya.