Kanadanın Ontario əyalətində yerləşən məşhur Kidd-Krik mədənində alimlər heyrətamiz kəşfə imza atıblar. Yerin təxminən 3 kilometr dərinliyində aşkarlanan suyun təxminən 2 milyard il ərzində qayaların arasında təcrid vəziyyətdə qaldığı müəyyən edilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu su sonuncu dəfə Yer səthi ilə təmasda olanda planetdə yalnız mikroorqanizmlər mövcud olub. Həmin dövrdə nə heyvanlar, nə bitkilər, nə də mürəkkəb həyat formaları yaranmışdı.
Kidd-Krik uzun illər mis, sink və gümüş hasilatı aparılan dünyanın ən dərin mədənlərindən biri hesab olunub. Araşdırmaya rəhbərlik edən Toronto universitetinin alimi Barbara Şervud Lollar ilk dəfə 1992-ci ildə həmin əraziyə səfər edib.
2013-cü ildə alimlərin qrupu təxminən 2,4 kilometr dərinlikdə yerləşən və ən azı 1,5 milyard il yaşı olduğu hesablanan su nümunələrini tədqiq edib. Daha sonra, 2016-cı ildə aparılan araşdırmalar zamanı təxminən 3 kilometr dərinlikdə yaşı 2 milyard ilə çatan daha qədim su ehtiyatı aşkarlanıb.
Alimləri təəccübləndirən məqamlardan biri də bu suyun yalnız bir neçə damcıdan ibarət olmaması olub. Su qayalardakı çatlar və qazılmış quyular vasitəsilə dəqiqədə bir neçə litr sürətlə axır və onun həcmi gözləniləndən xeyli çoxdur.
Tədqiqatçılar suyun yaşını molekulların özünə görə deyil, onun Yer səthindən nə qədər müddət ayrı qaldığını müəyyən etməklə hesablayıblar. Bunun üçün suda həll olmuş nəcib qazların miqdarı ölçülüb. Bu qazlar ətraf qayalarda radioaktiv parçalanma nəticəsində zamanla yığılır. Qazların çoxluğu suyun nə qədər uzun müddət təcrid vəziyyətdə qaldığını göstərir.
Araşdırmalar zamanı Barbara Şervud Lollar qədim suyun dadına da baxıb. Alimin sözlərinə görə, su nə qədər qədimdirsə, adətən bir o qədər duzlu olur.
Məlum olub ki, bu su okean suyundan təxminən 10 dəfə daha duzludur. Su qalın konsistensiyaya malikdir, acı dada və kükürd qoxusuna sahibdir. Hava ilə təmasda olduqda isə tərkibindəki dəmir oksigenlə reaksiyaya girərək suya narıncı çalar verir.
Alimlər hesab edirlər ki, Kidd-Krikdə tapılan su indiyədək bu üsulla yaşı müəyyən edilmiş ən qədim su olsa da, Yer üzündə bundan da qədim su ehtiyatlarının mövcud olması mümkündür.
Hazırda tədqiqatçılar digər qitələrdəki dərin qaya laylarında oxşar qədim mayelər axtarırlar. Onlar bu suların kimyəvi tərkibini, yaşını və mümkün canlı həyat izlərini araşdırmağa çalışırlar.
Mütəxəssisləri maraqlandıran əsas suallardan biri belə sistemlərdə hələ də yaşayan mikroorqanizmlərin olub-olmamasıdır. Əgər belə həyat formaları aşkarlanarsa, bu kəşf Yer üzündə həyatın mənşəyi və başqa planetlərdə həyat ehtimalı ilə bağlı elmi təsəvvürləri dəyişə bilər.