Ermənilərin əli ilə “xilas ediləcək” Urmiya
03 avqust 2012 16:39 (UTC +04:00)

Ermənilərin əli ilə “xilas ediləcək” Urmiya

İslam Respublikasının rəhbərliyi bütün imkanlardan yararlanaraq Ermənistanla əlaqələrini inkişaf etdirməyə çalışır.

Rejim bu fəaliyyəti həm Güney, həm də Quzey Azərbaycan türklərinin milli hissiyyatlarını da sınağa çəkir. Lent.az-ın «UMMA.info»-ya istinadən məlumatına görə, İran-Ermənistan birgə komissiyasının iclasında Urmiya gölünün qurumasının qarşısının alınması üçün əməkdaşlıq edilməsi ilə bağlı razılaşma əldə edilib.

İran ətraf mühit və ekologiya təşkilatının başçısı Məhəmmədcavad Məhəmmədzadənin sözlərinə görə, tərəflər Ermənistandan suyun nasosla İrana vurulması istiqamətində razılıq əldə ediblər. Təşkilat başçısı Müqəddəs Ramazan ayında ağ yalan danışmaqdan da özünü saxlamayaraq, deyib: «Urmiya gölü isti və quraqlı ucbatından qurumaq ərəfəsindədir». O, gölə əlavə su tökülməsi üçün ölkəsinin başqa dövlətlərlə danışıqlar apardığını da söyləyib.

Xatırladaq ki, çoxsaylı vədlərə baxmayaraq, Tehran hakimiyyəti Urmiya gölünün qurumasının qarşısını almaq üçün əməli addım atmır. Heç şübhəsiz ermənilərlə danışıqlar da daha çox indiyə qədər hakimiyyət rəsmilərinin etdiyi boş-boğazlığın bir hissəsidir.

Güney Azərbaycanın Urmiya mahalını İran parlamentində təmsil edən deputat Nadir Qazipur növbəti dəfə Urmiya gölü faciəsindən danışıb. Bu həftənin əvvəlində N.Qazipur parlamentdəki çıxışında bunları deyib: “Urmiya gölü probleminin həlli üçün yetərincə maliyyəyə, habelə hökumətlə parlamentin birgə tədbir həyata keçirməsinə ehtiyacı var. Bu göl ölkənin başlıca və böyük su hövzələrindəndir. Ancaq bu göl hazırda məhv olmaqdadır. Əgər bir az da yubansaq,onda Urmiya gölündən əsər-əlamət qalmayacaq».

Qazipur, gölün quruyacağı təqdirdə duz sunamisi ilə bağlı xəbərdarlıq edərək deyib ki, ora Arazdan mütləq su gətirilməlidir. Xatırladaq ki, o, bir müddət öncə də Urmiya gölündə «duz fırtınasının baş verdiyi xəbəri həqiqətdir» kimi bəyanat vermişdi.

Qazirpur “Fars” xəbər agentliyinin müxbirinin Urmiyada baş verən duz fırtınası ilə bağlı sualını belə cavablandırmışdı: “Urmiya gölü məntəqəsində əsən küləklər təbii olaraq özü ilə duz gətirir. Ona görə də Urmiyada duz fırtınasının olduğunu demək olar». Onun sözlərinə əsasən, göl üzərindən əsən külək daha çox Şərqi Azərbaycan əyalətinə tərəf əsir - Təbriz, Şəbüstər, Əcəbşəhr və başqa şəhərlər təhlükə qarşısındadır. O, Urmiya gölünün 70 faizə qədər quruduğunu xatırladaraq bəyan edib: «Urmu gölü böhranla üz-üzədir. Ona görə də böhrandan çıxmaq üçün lazımı tədbirlər görülməlidir».

Onu da qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad ölkənin ən böyük və dünyanın iri duzlu göllərindən olan Urmiya gölünün qurumasının qarşısının alınması üçün Araz çayının suyundan istifadə edilməsi haqqında göstəriş verib.

Yeri gəlmişkən, İranda çıxan "Kəlimə» qəzeti də Urmiya gölünün qurumaq üzrə olmasından yazıb: «…Gerçəklikdə duzlu Urmiya gölü duzlu səhraya çevrilir, xəritədə artıq onu mavi rəngdən ağa çevirməyin vaxtı çatıb. Bu gölün məhvindən sonra 13 milyon İran vətəndaşı duz sunamisi ilə üz-üzə qalacaq. Yellər bütün ölkəyə 10 milyard ton duz səpələyəcək. Gölün vəziyyəti o qədər ağırdır ki, İranın təbiət mühiti və biologiya üzrə ekologiya idarəsinin rəhbərinin müavini Əsgər Məhəmmədi Fazil həyəcan təbili çalır: “Artıq gölün səthinin 65 faizi quruyub”. O, “İRNA” informasiya agentliyinə bildirib ki, gölün akvatoriyasının yalnız 35 faizində su var».

Halbuki, Qərbi Azərbaycan əyaləti ekologiya idarəsinin baş direktoru bir ay öncə yağışların artırılması üçün buludların sıxlaşdırılması və Araz çayının bir qolunun istiqamətinin gölə tərəf dəyişməsi planlarından danışmışdı və vəd etmişdi iki 20 iyun 2012-ci il günündən Urmiya gölünün durumu yaxşılaşacaq, su axını artacaq və gölün duzluluq səviyyəsi aşağı düşəcək. Gölün akvatoriyasının yalnız 35 faizinin su ilə dolu olması göstərir ki, artıq göl mövcudluğunu dayandırıb.

Məhəmmədi Fazil daha sonra deyib: “Urmiyanın bəzi hissələri duzun çox yığılmasından qızarıb, bu, durumun böhranlı olması deməkdir”. O, İran energetika nazirliyini tənqid edib ki, gölə lazım olan illik suyu verməyib: “Energetika nazirliyi keçən il su mövsümünün əvvəlindən Urmiya gölünə 18 milyard su göndərib, halbuki hazırda Urmiya gölünün 24 milyard kubmetr suya ehtiyacı var”.

Regionun su resurslarının 90 faizinin kənd təsərrüfatı işləri üçün istifadə edilməsi, havanın isti olmasından buxarlanmanın güclü getməsi, axıntı quyularının qazılması üzündən yeraltı sulara zərərli maddələrin qarışması üzündən İranın bu ən iri daxili gölü qurumaq üzrədir. Ekoloqlar artıq dəfələrlə bildiriblər ki, gölün quruması üzündən bölgənin mülayim iqlimi duzlu yellərin üstünlük təşkil edəcəyi tropik iqlimə çevriləcək və bölgənin bütün ekosistemi dəyişəcək.

Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi tikilib, həmçinin gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Mütəxəssis ekoloqların sözlərinə görə, bu, gölün qurumasının əsas səbəbdir, nəticədə, göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb.


Həmçinin BMT ətraf mühit proqramı 2012-ci il martın 19-da Urmiya gölünün qurmasının ekoloji sonucları barədə xəbərdarlıq edərək, bildirib ki, 1995-ci ildən 2011-ci ilə kimi göldə suyun səviyyəsi 7 metr düşüb, kosmosdan çəkilmiş şəkillərdə gölün səthi sahəsinin 6100 kv. km-dən 2366 kv. km-ə qədər azaldığı görünür.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar