İranda insan haqları edam və həbslərlə “qorunur”
21 sentyabr 2011 14:08 (UTC +04:00)

İranda insan haqları edam və həbslərlə “qorunur”

Hələlik hakimiyyətin başı onu tənqid edənləri və milli haqlarını tələb edənləri tutmağa qarışıb.

Bu ayın əvvəlində İran Mətbuata Nəzarət Şurası “Ruzigar” (Dövran) və “Şəhrvəndi-emruz” («Bu günün vətəndaşı») qəzetlərinin fəaliyyətinə iki aylıq qadağa qoyub. Hər iki qəzet islahat tərəfdarlarına yaxın sayılır. “Ruzigar” gündəlik, “Şəhrvəndi-emruz” həftəlik qəzetdir.

İran informasiya vasitələrinin məlumatına görə, Mətbuata Nəzarət Şurası bu qəzetləri «dövlət quruluşuna qarşı təbliğat aparmaqda, dövlət sirlərini yaymaqda, qanuna zidd materiallar dərc edərək insanların şəxsi hüquqlarını pozmaqda» günahlandırıb.

“Şəhrvəndi-emruz”un adının çəkilməsini istəməyən bir əməkdaşı İranda insan hüquqları üzrə beynəlxalq kampaniya aparan qrupun saytına açıqlamasında deyib ki, qəzetlərin iki ay müddətinə bağlanmasına prezident Mahmud Əhmədinejadın siyasətini tənqid edən yazılar, eyni zamanda “Şəhrvəndi-emruz”da prezidentin iki karikaturasının (karikaturaların birində prezident komandasının üzvləri ilə təsvir edilib) dərc edilməsi səbəb olub.

“Şəhrvəndi-emruz” qəzetinin sentyabrın 3-də çıxan nömrəsinin üz qabığında dərc edilən karikaturada Əhmədinejad hökumətinin yalnız hərbçilərdən ibarət olduğu və bu hərbçilərin getdikcə Əhmədinejaddan uzaqlaşdığı, yəni hökumətin getdikcə parçalandığı fikri aşılanır.

BBC-nin farsdilli televiziyası ilə gizli əməkdaşlıqda, ona sənədli film çəkməkdə günahlandırılan 8 kinorejissor - Möhsün Şəhrnazdar, Şəhnam Bazdar, Mehran Zinətbəxş, Muctaba Mir Təhmasib, Hadi Afəridə, Kətayun Şəhabi, Mehrdad Zahediyan və Nasir Səfariyan tutulublar.

Bəzi hüquq müdafiəçiləri kinorejissorların kütləvi həbsini İranın ali rəhbəri ayətullah Xamneyinin siyasi həyatından bəhs edən sənədli filmin bir neçə gün əvvəl BBC-nin farsdilli televiziyasında yayılması ilə əlaqələndirir.

Filmdə İran İslam İnqilabından əvvəl çox da tanınmayan ruhanilərdən ayətullah Xamneyinin inqilabdan sonra Məsləhət Şurasının indiki sədri Haşimi-Rəfsəncaninin yardımı və vasitəçiliyi ilə inqilab rəhbəri ayətullah Xomeyniyə yaxınlaşmasından, onun etimadını qazandıqdan sonra müxtəlif vəzifələrə gətirilməsindən, həmin ərəfədə öz siyasi rəqiblərini meydandan çıxarmasından, Xomeyninin ölümündən sonra mütləqiyyətə söykənən vəliyyi-fəqih (Xamneyinin indiki vəzifəsi belə adlanır) vəzifəsinə gətirilməsindən, sonunda isə ölkədə diktatorluq rejimini möhkəmləndirərək, totalitar sistem yaratmasından bəhs edilir.

Xatırladaq ki, BBC fars redaksiyasının rəhbəri Sadıq Səba “Azadlıq” radiosunun fars xidmətinə açıqlamasında əməkdaşlarının İranda tutulması xəbərini təkzib edib.

Sentyabrın 17-də İran Teleradio Şirkətinə bağlı Gənc Jurnalistlər Klubu İranda BBC-nin gizli şəbəkəsinin aşkarlandığını, bu şəbəkə ilə əməkdaşlıq edən 6 İran vətəndaşının tutulduğunu yayıb.

Sadıq Səbanın sözlərinə görə, İranda BBC-nin heç bir əməkdaşı yoxdur: “Əvvəllər İranda BBC-nin ingilis redaksiyasının ofisi fəaliyyət göstərirdi. Lakin 2009-cu ildə keçirilən prezident seçkisindən sonrakı etirazlarda bu ofisi bağlayıb, oradakı müxbirləri ölkədən qovdular. Hazırda bizim İranda istər rəsmi, istərsə də qeyri-rəsmi heç bir işçimiz yoxdur. Əlbəttə, biz BBC-nin İranda fəaliyyət göstərməsini istərdik. Bu barədə dəfələrlə İran hakimiyyətinə müraciət etmişik. Lakin bizim İranda fəaliyyət göstərməyimizə imkan vermirlər”.

Bu arada Urmiya gölünün qurumasına Tehran hakimiyyətinin laqeyd münasibətinə etiraz aksiyalarında tutularaq haqqı tapdananları müdafiə etməyən, Nobel mükafatçısı Şirin İbadi İranla bağlı başqa məsələlərdə öz münasibətini bildirir.

O, BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidə məktub yazaraq, bu ölkədə hüquq müdafiəçilərinin kəskin təzyiq altında olduğunu yazıb. O Bildirib ki, işindən və peşəsindən məhrum edilən belə şəxslər hər an təhlükə ilə üz-üzə qalırlar: “İranda inqilab məhkəmələrinin çıxardığı hökmlərdən bəlli olur ki, bu ölkədə insan hüquqları uğrunda aparılan hər hansı fəaliyyət ağır cinayət sayılır. Məhz buna görədir ki, hüquq müdafiəçilərini tutub cəzalandırırlar”.

Şirin İbadi “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında Əhməd Şahidə yazdığı məktubundan danışıb: “Əhməd Şəhidin vəzifəsi ondan ibarətdir ki, İranda insan hüquqlarının pozulması hallarını diqqət mərkəzində saxlayaraq bu barədə dəqiq hesabat hazırlayıb, BMT Baş Məclisinə və BMT-nin İnsan Hüquqları Şurasına təqdim etsin. Mən ondan xahiş etmişəm ki, öz vəzifəsini layiqincə yerinə yetirsin. Çünki bu hesabat İranın insan hüquqları sahəsində beynəlxalq qurumlar və dünya ictimaiyyəti qarşısında cavabdehlik daşımasına gətirib çıxara bilər”.

Bu günlərdə Güney Azərbaycandan olan hüquq müdafiəçiləri Əhməd Şahidi ilə görüşüb. Bir müddət öncə onu Güney Azərbaycanın ictimai fəalları Urmiya gölündəki vəziyyəti yerində görmək üçün Urmiyaya dəvət etmişdi.

«Human Rayts Votç» (İnsan Hüquqlarını Müdafiə) beynəlxalq təşkilatı sentyabrın 11-də bəyanat yayaraq Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə qarşı dinc etirazlarda yüzlərlə azərbaycanlının tutulmasını pisləyib.

“Human Rayts Votç”un Orta Şərq departamentinin direktoru Co Stork jurnalistlərə açıqlamasında deyib ki, İran hökuməti dinc etirazlarda tutduğu yüzlərlə azərbaycanlını dərhal azadlığa buraxmalıdır: “İran rəsmiləri Qərbi Azərbaycanda Urmiya gölünün qurumasına və hakimiyyətin bu yöndə siyasətinə qarşı dinc etirazlara icazə verməlidir. İran hakimiyyəti Urmiya gölünün qurumasına dinc şəkildə etiraz bildirən yüzlərlə azərbaycanlını həbsə salıb. Biz İran hökumətini həmin şəxsləri dərhal azadlığa buraxmağa və onların dinc toplantıların keçirilməsi ilə əlaqədar hüquqlarına riayət etməyə çağırırıq.

Təəssüflər olsun ki, İran rəsmiləri Urmiya gölünün quruması ilə bağlı bundan əvvəl istər Azərbaycanda, istərsə də İranın digər yerlərində edilən xəbərdarlıqlara məhəl qoymayıblar. Onlar tənqidə nə qədər dözümsüz olduqlarını bir daha nümayiş etdiriblər».

Hər gün yeni həbs olunan və ya girov qarşılığında sərbəst buraxılanlar haqqında məlumatlar yayılır.

Ötən həftə Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, jurnalist və hüquq müdafiəçisi İbrahim Rəşidi (Savalan) Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etirazlara görə tutulub. ETTELAAT-ın Xiyavdakı (Meşkinşəhr) şöbəsinin əməkdaşları İbrahim Rəşidini sentyabrın 12-si axşam saatlarında atasının mənzilindən aparıblar. Evdə axtarış aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.

4 həftə əvvəl İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizdə tutulan 15 azərbaycanlı fəal barədə həbs qərarı çıxarılıb.

ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları avqustun 24-də azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərək ən azı 30 fəalı tutmuşdu. Təbriz məhkəməsi iftar süfrəsində tutulan İlqar Kərimi, Əhməd Əlizadə, Əli Şirnak, Məhəmməd Əlimuradi, Yasər Salmani Rzayi, Abdulla Səduqi, Mustafa Əvəzpur, Fərzad Məhdəvi, Yusif Sələhşur, Mehdi Mühaciri, Qadir Novruzi və adları hələlik bilinməyən daha 4 fəalın hər birini 4 ay müddətinə həbsə məhkum edib. Onlar ölkənin «milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz toplantılara qatılmaqda» günahlandırılıblar.

Urmiya aksiyalarına görə tutulan azərbaycanlı fəal Səid İbrahimzadəyə işgəncə verilib. Təbriz zindanının təcridxanasında saxlanılan Səid İbrahiminin ailə üzvləri Güney Azərbaycandakı hüquq müdafiəçilərinə bildiriblər ki, zindan məmurları fəalı iki gün ac saxlayıb və döyüblər.
Şallaq zərbələri nəticəsində daxili orqanlarında qanaxma əmələ gələn təbrizli gəncin səhhəti ağırdır. S.İbrahimiyə qarşı irəli sürülən ittiham məlum deyil.

Təbrizdə keçirilən aksiyalara qatıldığı üçün həbs edilən azərbaycanlı şair, jurnalist, tərcüməçi Fəranək Fəridə zindanda işgəncələr verilib. Onunla eyni kamerada saxlanan məhbus azadlığa çıxandan sonra İran Hüquq Müdafiəçiləri Xəbər Agentliyinə (HRANA) bildirib ki, təbrizli qadın zindanda vəhşicəsinə döyülüb. Bu azərbaycanlı ziyalı xanımın qulağından ciddi xəsarət aldığı, eşitmə qabiliyyətində problem yarandığı bildirilir. ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Fəranək Fəridi sentyabrın 3-də tutub. Təbriz zindanında saxlanan məhbusun konkret suçu bəlli deyil.

Son iki həftədə edamlar da davam edib. 5 gün öncə 15-i Türbət şəhərindəki «Cam» zindanında, 5-i Simnanda, 3-ü isə Qumda olmaqla, 23 nəfər asılıb. Bundan başqa, 4 nəfər ölkənin cənubunda Kirman şəhərindəki həbsxanada edam olunub.

Sentyabrın 18-də Kərəc şəhərinin «Qızıl hasar» zindanında asılan 7 nəfərin siyasi motivlərlə ölümə məhkum olunduğu haqda xəbərlər yayılıb.

Dar ağacından asılanların demək olar ki, heç birinin adları açıqlanmır. Məhkəmələri isə qapalı keçdiyindən onların təqsirli olması da hüquq müdafiəçilərində şübhə doğurmaqdadır.

Bəzi mənbələrin bildirdiyinə görə, ötən il İranda 179 nəfər asılmışdısa, bu ilin ilk 8 ayında edam edilənlər 184 nəfərdir. Onu da nəzərə almaq lazımdır ki, bu, edam olunanların, yaxud barələrində edam hökmü çıxarılmışların tam siyahısı deyil.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar