İran hakimiyyəti də insan haqlarından danışarmış…
10 avqust 2011 13:56 (UTC +04:00)

İran hakimiyyəti də insan haqlarından danışarmış…

0
İran İslam Respublikası Xarici İşlər Nazirliyindəki İnsan Haqları üzrə mərkəz Qərbdə «islamofobiya» ilə bağlı hesabat hazırlayıb.
Hesabatda qərb ölkələrində dini azlıqda olan müsəlmanların haqqının tapdanmasına dair halların artdığı vurğulanıb. Qərbdə, o cümlədən ABŞ, Britaniya, İsveçrə, Fransa, Avstriya və Avstraliyada müsəlmanların hüquq pozuntuları ilə yanaşı, Belçika və Fransa da baş örtülərinin, niqabın qadağan olunması haqda qanunun qəbul edilməsinə hazırlıq da həmin sənəddə qeyd olunub.
Bundan başqa, Tehran hakimiyyəti Qərbi dini dözümsüzlükdə ittiham edib.
Ölkə parlamentinin milli təhlükəsizlik komissiyasının təmsilçisi İbrahimi bildirib ki, İngiltərədə insan haqlarının vəziyyətini araşdırmaq üçün məclis üzvlərindən ibarət nümayəndə heyətini bu ölkəyə göndərməyə hazırdırlar. O, Britaniyadan bu məsələdə iranlılara əngəl olunmamasını istəyib. İbrahimi bu heyətin İngiltərədə siyasi məhbuslarla görüşəcəyini və hazırlayacağı hesabatı beynəlxalq qurumlara göndərəcəyini söyləyib.
Təbii ki, insanların dininə, inancına görə təqib edilməsi bütün qanunlarla yolverilməzdir. Habelə, İran İslam Respublikasının insan haqlarından bəhs etməsi özü-özlüyündə az qala sevindirici bir olay təsiri bağışlayır. İndiyə kimi ölkə Xarici İşlər Nazirliyində belə bir mərkəzin fəaliyyət göstərdiyindən belə bəlkə də heç ölkə ictimaiyyətinin də xəbəri olmayıb. Tehranın bu sayaq sənədə qəbul etməsi «özünü göstərməyə» daha çox oxşayır. Bununla İran rəhbərliyi yenə də «müsəlmanların müdafiəçisi» rolunu ifa etməyə çalışır.
Madam ki İran hakimiyyəti insan haqlarına diqqət göstərib, fürsətdən istifadə edərək, bu məsələ ilə bağlı bir sıra məsələləri yada salmaq istərdik.
Tehran hakimiyyət yalnız atom-nüvə proqramında şəffaflığı təmin etməməsi ilə deyil, eləcə də insan haqlarını pozmasına görə beynəlxalq ictimaiyyətin kəskin tənqidinə, yasaqlarına məruz qalır.
Bu yaxınlarda Avropa Birliyini (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton məsələyə dair bəyanat vermişdi: «AB ölüm hökmü icra olunan İranı, eləcə də başqa dövlətləri bu hökmün yerinə yetirilməsini dayandırmağa və moratorium qəbul etməyə çağırır».
İyun ayında isə BMT-nin İnsan Haqları üzrə Şurası Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahidini İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçisi təyin edib. 10 ilə yaxındır ki, bu vəzifə boş qalmışdı. Şura İranda müxalifətin təqib edilməsi və ölüm hökmlərinin çoxluğundan rahatsızlığını da bildirib.
İslam Respublikasının çeşidli qurumları məruzəçiyə qarşı çıxmaqdadır.

İslam Respublikasında dini azlıqların təmsilçiləri də təqib edilməkdədir.
Ötən ay Amol şəhərinin zindanında saxlanan bəhai Huşəng Fənaiyan “Ziyafət” adlı dini iclaslara qatılmaqda və “Facebook” ictimai şəbəkəsinə üzvlükdə təqsirli bilinib.
İlkin məhkəmədə Huşəng Fənaiyana dini rəhbəri təhqir ittihamı irəli sürülsə də, apelyasiya məhkəməsi bu ittihamı götürüb. Məhkəmənin qərarı ilə Huşəng Fənaiyan bəhailikdə, sistemə qarşı təbliğatda və “Facebook” ictimai şəbəkəsinə üzvlükdə günahlandırılaraq, 4 illik həbsə məhkum edilib.
2009-cu ilin oktyabrında İran İnqilab Məhkəməsinin Rəştdəki şöbəsi 32 yaşlı xristianlığın protestant təriqətinin keşişi Yusif Nadirxaniyə ölüm hökmü çıxarmışdı. O, «mürtədlikdə» və «müsəlmanlar arasında xristianlığı təbliğ etməkdə» suçlandırılırdı.
İranın ali məhkəməsi bu hökmü ləğv edib. O, etdiyi «cinayətə» görə, tövbə edərsə, barəsində qaldırılmış iş ləğv oluna bilər.
Yusif Nadirxani 19 yaşında ikən xristianlığı qəbul edib. Bundan sonra hazırda «İran kilsəsi» adlanan yevangeliya icmasının keşişi olub. Y.Nadirxaninin xanımı Fatimə Pəsəndidə də xristianlığı qəbul etdiyi üçün barəsində ilkin olaraq, ömürlük həbs cəzası çıxarılmışdı. Ötən ilin oktyabrında Apelyasiya məhkəməsinin qərarından sonra o, sərbəst buraxılıb. Onların iki azyaşlı övladı var.
Onların vəkili M.Dadxah bildirib ki, o özü də İnqilab Məhkəməsinin Tehrandakı şöbəsi tərəfindən «İslam rejiminə qarşı fəaliyyət və təbliğata görə» 10 il azadlıqdan məhrum edilib, ona 10 il hüquq işlərlə məşğul olmaq və universitetlərdə bu fənnin tədrisi yasaqlanıb: «Mən Nobel mükafatı laureatı Şirin İbadi ilə İranda uşaq hüquqları və qadın haqlarının qorunması yönündə əməkdaşlıq etdiyimə, demokratiyanın inkişafı uğrunda mübarizə apardığıma, xarici radiostansiyalara müsahibə verdiyimə görə ittiham olunuram. Apelyasiya məhkəməsinə müraciət etmək üçün mənim iki həftə vaxtım var» .
İnsanları dini inanclarına və ya vicdan azadlığına görə təqib edib, onları cəzalandıran hakimiyyət islam dini məzhəblərinin təmsilçiləri arasında da ayrı-seçkilik qoymaqdadır. Bu, hakimiyyət təmsilçiləri tərəfindən də etiraf edilir.
İş o yerə çatıb ki, təkallahlı olmayan Yaponiyanın iri qaldırıcı kranlar istehsal edən “Tadano” şirkəti İranla bağladığı bütün müqavilələri ləğv edib. Şirkət bunu İranın onlardan aldığı kranlardan edamlar zamanı istifadə etməsi ilə əsaslandırıb.
Yaponiya hökuməti İrandakı ictimai edamlarda “Tadano” şirkətinin istehsal etdiyi qaldırıcı kranlardan istifadə edildiyi üçün rəsmi Tehrana etiraz bildirib. Bundan sonra “Tadano” şirkəti İrana kran satmaqdan imtina edib və bu ölkə ilə bağladığı bütün müqavilələri ləğv edib. Qeyd edək ki, 2004-cü ildə 16 yaşlı yeniyetmə qız bu krandan asılmışdı.

Odur ki, Tehranın öz vətəndaşlarına qarşı amansız davranışı qarşılığında Qərbi azlıqda olan «müsəlmanların haqqının tapdanmasında» ittiham etməsi gülünc görünür.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 548

Oxşar yazılar