Tarixin süryani sirri: qədim mədəniyyətin dərbədər varisləri - ARAŞDIRMA
28 iyul 2011 18:18 (UTC +04:00)

Tarixin süryani sirri: qədim mədəniyyətin dərbədər varisləri - ARAŞDIRMA

Kökləri beş min il öncəyə dayanan süryanilər qədim mədəniyyətə malikdirlər. Mesopotamiyadan dünyaya yayılan bu xalqın nümayəndələri dağınıq şəkildə dünyanın bir çox ölkələrində yaşamaqdadılar.

Süryanilərin kökləri və haradan gəldiklərinə dair iki fərqli baxış var. Bunlardan biri süryanilərin arami əsilli olduqlarını irəli sürür. Süryanilərin arami dilində danışmaları səbəbindən onların arami əsilli olduqları və daha çox inanca dayalı bir toplu olduqları iddia edilir. Süryanilərin köklərinə dair ikinci baxışa görə, süryanilər assur əsillidirlər. Bu iddiaya görə, süryanilər qədim Mesopotamiyada dövlət qurmuş assurların törəmələridir və daha çox siyasi toplumdurlar.

Əslində kökləri assur və aramiyə bağlanan xalq eyni xalqdır. Qədim Mesopotamiya mədəniyyətini daşıyan və dini inanc baxımından xristian olan topluluqdur. Bu xalq İran və İraqda daha çox «assur» adı ilə, Suriya və Türkiyədə «süryani» adı ilə tanınır. «Süryani» sözü xristianlıqdan sonra daha geniş yayılıb və xristian olan Yuxarı Mesopotamiya xalqını nəzərdə tutur. «Asur» sözü isə miladdan əvvəlki Yuxarı Mesopotamiya xalqına verilən addır. Başqa sözlə, «assur», «süryani» adlandırılan xalqın xristianlıqdan əvvəlki adıdır. Bu gün bu xalq «arami», «asur», «süryani» (kəldani, maruni və s.) adlarla tanıdılır.

Süryanilərin köklərinin yalnız arami və assurlara deyil, eyni zamanda qədim Mesopotamiya xalqları ilə (finikiyalılar, akkadlar, keltlər, babilər) əlaqələndirmək daha doğru olar. Çünki bütün bu xalqlar eyni kökdən olduqları üçün daha asan qaynayıb-qarışıblar. Eyni dildə danışan, oxşar adət və ənənələrə malik bu xalqlar xristianlıqla birlikdə eyni dinə sitayiş ediblər. Və bu qədim xalqların təməli üzərində yeni bir adla süryanilər yaranıb.

Süryani adı hardan qaynaqlanır?

Süryani adının necə, nə vaxt və niyə istifadə edildiyi barədə dəqiq məlumat yoxdur. Süryani adının mənbəyi haqqında bir çox fikirlər var. Bütün fikirlərin isə ortaq bir tərəfi var: süryani adının Mesopotamiyadakı bir şəhər, yaxud bu bölgədə hökmdar olmuş bir kralın adından götürülməsidir. Bununla bağlı iki ehtimal mövcuddur.

Birinci fikrə görə, «Suriya» adı bölgəni işğal edən Kilikin qardaşı Surosun adından qaynaqlanır. Süryani adı da bu sözdən törəyib. XII əsrdə yaşamış Diyarbəkir mitropoliti arami kralı Sirosun hakimiyyəti altındakı ölkənin «Surisyin» adlandırıldığını, daha sonra Surisyinin adındakı sonuncu “s” hərfinin atılaraq «Suriyin» formasına düşdüyünü və burada yaşayan xalqın bu adla adlanmağa başladığını söyləyir.

İkinci fikir tərəfdarlarının fikrincə, yunanlar Asur ölkəsini sözün sonuna «y» hərfi artıraraq «Asurya» adlandırırlar. Yunanların istifadə etdikləri və get-gedə geniş yayılan «asurya» və «asuryan» sözləri arami dilində danışan xalqın dil qaydalarına görə bəzi dəyişikliklərə məruz qalaraq «asuryo» şəklində tələffüz edilməyə başlayır. Zaman keçdikcə «a» hərfi düşərək «suroyo» (süryani) şəklini alır.

Süryani tarixində parçalanmalar

Süryanilərin tarixi iki dövrə bölünür: bütpərəst süryanilər və xristian süryanilər. Süryanilər miladdan əvvəl bütpərəst idilər. İsanın gəlişi ilə Xristianlıq Qüdsdən Antakyaya, ordan da Mesopotamiyaya doğru sürətlə yayılmağa başlayır. Xristianlığın Mesopotamiyada yayıldığı dövrdə bu ərazidə yaşayan süryanilər bu yeni təlimi mənimsəyirlər və beləliklə, onlar üçün yeni dövr başlayır. Süryanilər miladın 37-ci ilində kilsə ətrafında birləşərək, icma formalaşdırırlar.

Antakyadan sonra qurulan Urfa Süryani Kilsəsi ilə birlikdə bölgədəki bir çox xalqlar Xristianlığın çətiri altında birləşərək, İsa Məsihin təlimi ətrafında yeni düzən yaradırlar. O dövrdə bölgənin əsas güc mərkəzləri olan Roma və Bizans imperatorluqları xristianlıqdakı təsir gücünü IV əsrdən etibarən hiss etdirməyə başlamışdılar. Bu arada Xristianlıqdakı dini zəmində mübahisələr - İsa (oğul) və Allah (ata) münasibətləri mövzusunda fikir ayrılıqları mövcud idi. Sonralar Qərb və Şərqi, imperatorluq və kilsələri bir-birindən ayıracaq olan bu dini mübahisələrdən ən çox süryanilər əziyyət çəkirlər. Bu dövrdə süryanilər tarixçilər tərəfindən ŞərqiQərbi Süryanilər adlandırılıblar. Qərbi Süryanilər Diyarbəkir, Antakya, Maraş, Urfa, Mardin, Midyat, Nusaybir və Suriyada yaşayanlar; Şərqi Süryanilər isə İran, İraq və Hindistan coğrafiyasında yaşayanları tanımaq üçün istifadə edilirdi.

İlk bölünmə: Nasturilər

Qərbi və Şərqi Süryanilərin bir-birindən ayrılmasında miladın 451-ci ilində toplanan Xalkedon Kilsə Məclisinin böyük rolu olub. Süryani kilsəsi Xalkedon məclisinin dini qanunlarını qəbul etməyərək, İstanbul kilsəsi ilə əlaqələrini kəsir. Bu parçalanmaya əsas səbəb Bizansın Şərqdə süryanilərin kilsələrinə öz əqidələrini təlqin etməyə çalışmasıdır. Bu məclisdə önə çıxan ad süryani əsilli olan və o vaxt Bizans kilsəsinin Patriarxı Mor Nasturdur. Mor Nastur, ya da süryani dilindəki adı Mor Barsavmo - miladın 380-ci ilində süryani ailədə dünyaya gəlib. Ali təhsilini Antakya akademiyasında alıb. Bu akademiya ellin fəlsəfəsinin təsiri altında olan fəlsəfə məktəbi idi. Mor Nasturun köməkçiləri süryani müəllimlər Mor Teodor və Mor Diador idi. Hər ikisi filosof idi. Onların birgə müzakirəyə çıxardıqları «İsanın təbiəti» mövzusu Antakya akademiyasında uzun müddət araşdırılır. Mor Nastur İstanbuldakı Bizans kilsəsinə patriarx təyin edildikdən sonra da bu müzakirələri davam etdirir. Bəzi mənbələrdə göstərilənlərin əksinə, Mor Nestor heç zaman Şərqi Süryani kilsəsində ruhani iyerarxiyasında yer almayıb. Mor Nasturdan əvvəl də bir çox süryani müdrikləri bizanslılar tərəfindən təsir altına salınmışdı. Mor Nastura da eyni şəkildə davranmaq istədikdə Şərqi Süryanilər etiraz edərək Mor Nasturu sürgünə göndərirlər. Onun tərəfdarlarını da «Nasturi» adlandırırlar. Şərqi Süryanilər üzərindəki təzyiqlər Mor Nasturdan sonra da uzun illər davam edir. Mor Nasturun dini baxışlarına tərəfdar olanlar «Nasturilər» adı ilə tanınmağa başlayır. X əsrdə Nasturi kilsəsi adını dəyişərək «Şərqi Asuri Kilsəsi» adlandırır.

Yəqubilər

Qərbi Süryanilər adlandırılan Antakya Süryani Kilsəsi də məruz qaldığı təzyiqlər nəticəsində yox olma təhlükəsi ilə qarşılaşır. Məhv olma təhlükəsi yaşayan Qərbi Süryani Kilsəsini Yaqub Burdono adlı bir süryani rahib yenidən toplayır. Burdono 543-cü ildə Uryoha (Urfa) başqa bir kilsənin işini təşkil etməyə getmişdi. O, yaşadığı müddətdə 27 rahib, yüzlərlə keşiş yetişdirir. Yenidən bərpa edib topladığı kilsə anti-Xolkedonçu olaraq tanınırdı. Kilsənin adı sonralar Bizansın nüfuzlu şəxsləri tərəfindən aşağılayıcı mənada «Yaqubilər» adı ilə tanıdılır (indiki Ortodoks Süryanilər).

Rum Ortodokslar

Xalkedon məclisindən sonra bir qrup süryani Bizans imperatorunun təzyiq və zülmlərindən qorxaraq məclisin qəbul etdiyi qanunları tanıyır. Bu süryanilərə də «Malkoye Melkit» (melkitlər) adı verilir. Bu ad süryani dilində «kralın tərəfdarları» mənasını verir. Onlar bir müddət Bizans kilsəsinin tabeçiliyində öz dillərində ibadət edirlər. Ərəb istilalarından sonra Bizans kilsəsindən ayrılan süryanilər dillərini də ərəbcəyə dəyişirlər. Bu gün həmin süryanilər «Rum Ortodoks» adıyla tanınır.

Marunilər

Bununla belə, vaxtilə «Malkoye Melkit» adlanan bu topluluqda miladın VII əsrində parçalanma baş verir. Liviyadakı Mor Marun monastırının rahibləri Melkit Patriarxı Maksimusun müdafiə etdiyi nəzəri dini-etiqadi baxışlarla razılaşmayaraq, müstəqil «Maronit Patriarxlığı»nı yaradırlar. Bu patriarxlığa bağlı insanlar «Marunilər» adlandırılırlar. XIII əsrdə Maronit Patriarxlığı Papalığa tabe olur. Digər tərəfdən, Rum Ortodoks kilsəsinin üzvlərindən bir qismi başqa bir anlaşmazlıq səbəbindən Roma Papalığına tabe olurlar. Bu topluluq 1724-cü ildə «Rum Katolik» adı ilə patriarxlıq mərkəzi qururlar.

Keldanilər

1445-ci ildə Nasturilikdən ayrılan və müxtəlif səbəblərdən Papalığa tabe olan Kipr Nasturi mitropoliti Timoteos və onun ətrafında olan kütlə Papa IV Yevqeni tərəfindən «Keldani» adlandırılır. Beləliklə, Nasturilikdən ayrılıb katolik inancını mənimsəyən insanların yaratdıqları bu kilsə «Keldani kilsəsi» kimi tanınır. Bu kilsəyə bağlı süryanilərə də «keldanilər» deyilir.

Süryani katoliklər

Antakya Süryani Kilsəsi XVIII əsrdə yenidən parçalanmaya məruz qalır. Yepiskop Mixail Carvenin rəhbərlik etdiyi bir qrup süryani Papalığa tabe olur və «Süryani katolik» adı altında patriarxlıq yaradır. Əslində bu parçalanmaya zəmin xeyli öncədən hazırlanmışdı. Belə ki, 1626-cı ildə Romada olan Papalıqda əlaqələr yaradan və Papalığa tabe olmaq istəyən bəzi süryanilər 1667-ci ildə keçirilən Patriarx seçimində iki namizədin eyni sayda səs toplamasını əsas gətirərək, parçalanmaq ideyasını reallaşdırmağa çalışırlar. 1773-cü ildə Süryani Katolik Patriarxlığı yaranır.

Süryani protestantlar

XIX əsrdə protestant missionerlərin (amerikan və ingilis) süryanilər arasında apardıqları fəaliyyət nəticəsində bəzi süryanilər Protestantlığı qəbul edir və beləliklə, protestant topluluğu da yaranır.
Protestant inancında ruhanilər sinfi anlayışı olmadığından süryani protestanların vahid patriarxlıq mərkəzləri yoxdur. Hazırda Turabdin bölgəsində (Cənub-Şərqi Anadoluda yer) süryani protestantlara aid bir neçə kilsə var.

Süryani müsəlmanlar

Bu dediklərimizlə yanaşı, İslam dinini qəbul edən süryanilər də vardır. Lakin müsəlman süryanilərlə bağlı araşdırmalar çox az aparıldığından ətraflı məlumat demək olar ki, yoxdur. Məlum olan odur ki, «Mhalmi» adlanan bu insanların əsas hissəsi süryani ola bilərlər. Mardin və ətrafında mhalmilərin bütün kəndlərinin adı süryanicədir. Bu kəndlərdə məscid və cameyə çevrilmiş binaların əksəriyyəti əvvəllər kilsə, ya da monastır olub. İndiyə qədər Xristianlığın və süryaniliyin adət ənənələri qorunub saxlanmaqdadır. Mhalmilərlə bağlı məlum olan yeganə mənbə patriarx Mor Afremin qələmə aldığı «Turabdin tarixi»dir. Burada mhalmilərin dinini dəyişdirdikləri tarix 1609-cu il kimi göstərilir. Bu topluluq keçmişdə Süryani Ortodoks kilsəsinə bağlı olub.

Göründüyü kimi, süryanilər tarix boyu dini və siyasi mübahisələr səbəbindən davamlı olaraq parçalanmalara məruz qalmış, əvvəlki fəaliyyətlərini, mədəniyyət və nüfuzlarını itirmişlər.

Müasir dövrdə dünyada 20 milyondan çox süryani vardır: Süryani Ortodokslar, Süryani Katoliklər, Marunilər, Melkitlər (Melkit Katoliklər), Syro-Malabarlar və s..

Hindistanda yaşayan 3,5 milyon süryani də daxil olmaqla 5,5 milyon süryani ortodoksun dini rəhbərliyini patriarx Mor İqnatios I Zekka İvas və ona bağlı olan Hindistandakı Şərqi Mafiryani Mor Baselios və 40 mitropolit həyata keçirməkdədir.

Türkiyə süryaniləri

Türkiyənin Mardin, Mersin, Diyarbəkir, Adıyaman, Elazığ, Ankara, İzmir, Malatya, Şanlıurfa, Qaziantep, Antakya, Antalya və Adana bölgələrində məskunlaşan süryanilərin sayı 17 mindən çoxdur. İstanbulda isə 15 min nəfər süryani yaşayır. Onların İstanbuldakı tarixləri əsrlər öncəyə təsadüf edir. Bizans imperatoru Konstaninin anası Heleni, imperator Yustinianın arvadı Teodora, İstanbulun ilk mitropoliti Mor Yuhanna İstanbul tarixində mühüm iz qoyan süryanilərdən sadəcə bir neçəsidir. İndiki İstanbul Süryani İcması 1950-ci illərdən başlayaraq Şərqi və Cənub-Şərqi Anadoludan köç edənlərin hesabına yaranıb.

XIX əsrdə Patriarx IV Pyotr tərəfindən yaradılan Tarlabaşındakı Məryəm ana kilsəsi 1950-ci illərdə o dövrdəki Mardin mitropoliti Mor Filüksinos Yuhanna Dolabaninin rəhbərliyi altında daha da genişlənir. Mardində mitropolit Yuhanna Dolabaninin vəfatından sonra, 1986-cı ildə Moran Mor İğnatiyos Zeka İvas tərəfindən Dəməşqdəki Patriarxlıqda təmtəraqlı mərasimlə Yusuf Çetin İstanbul İcması Ruhani rəhbərliyinə təyin edilir.

Ankara və İzmirin də daxil olduğu, 2002-ci ildə Mersin, Adıyaman, Urfa, Malatya, Qazintep, Elazığ ve Adana bölgələrinin də tabe olduqları İstanbul İcması mitropolit Mor Filüksinos Yusuf Çetinin rəhbərliyi ilə 5 keşiş, 2 rahib, vəqf idarə heyəti olmaqla fəaliyyətini davam etdirməkdədir.

Beş min illik tarixi keçmişə malik mədəniyyətin varisləri olan süryanilər Türkiyə, Suriya, İraq, Liviya, İordaniya, İsrail və Hindistanda yaşayırlar. XX əsrin son rübündən süryanilərin böyük bir qismi Türkiyə və Yaxın Şərqdən ayrılaraq Avropa və Skandinaviya ölkələri başda olmaqla Amerika, Avstraliyaya köçüblər.

Süryanilər çoxkonfessiyalı olmaqla yanaşı, həm də çox maraqlı adət-ənənələri var.

Süryanilərin toy adətləri

Süryanilərdə evlənən oğlanın əsgərlik keçməsi və işi olması başlıca şərt hesab olunur. Əvvəlki illərdə oğlanlar üçün evlilik yaşı 18 olsa da, indi artıq bu rəqəm 22-25 yaş arasında dəyişir. Qızlar üçün isə əvvəllər 16, indi isə 18 yaşdır. Ərə gedən qız heç olmasa lisey məzunu olmalı, fiziki qüsuru olmamalı, ailəsi və özü dürüst, əxlaqlı, namuslu və vəftiz (xaç suyuna salınmış) olunması vacibdir. Bundan başqa oğlan əmiqızı, dayıqızı, xalaqızı, bibiqızı ilə evlənə bilməz. Onları öz bacısı kimi qəbul edildiyindən, evlilik yolverilməz sayılır.

Evlənmə yaşı çatan və evlənməyən qız və oğlanlar Məryəm Ana kilsəsinə gedib orada rahibə dua oxutdurar, çörək paylayarlar. Bu mərasimdən sonra da qismətləri açılmasa, möcüzəli olduğuna inandıqları Mardindəki Deyruzzafaran və Midyatdakı Deyrulumur monastırlarına gedib oradakı müqəddəslərin məzarlarını ziyarət edirlər. Süryanilərdə qızın razılığı olmadan məcbur evləndirilə bilməz. Süryani inancına görə, zina və sağlamlıq səbəbindən başqa, hər hansı bir səbəbdən insanlar boşana bilməzlər.

Toy mərasiminin özünəməxsus məqamları var. Gəlinə nişan günü nişan üzüyü ilə birgə mütləq xaç da verilir. Nişanla toyun arasındakı vaxt çox olmur. Eyni zamanda, Pasxa bayramından sonra 40 gün müddətində toy edilməsi qadağandır. Buna səbəb, xristian inancında İsa Məsihin qiyamdan 40 gün sonra həvarilərlə birlikdə olmasıdır. Süryanilərdə rəsmi nikahı olmayan cütlük kilsədə dini nikah bağlada bilməz. Dini nikah mərasimi bazar günü kilsədə keçirilir. Mərasim zamanı gəlin və bəyin başına tac qoyulur, hər ikisinin əlləri bağlanır, üzükləri dəyişdirilir. Bunun simvolik mənası iki bədənin bir olmasıdır.
Süryani kilsəsinə görə, keşiş və onun köməkçisi vəzifəsində olanlar evli olurlar. Onlar subay olarkən bu rütbələri ala bilməzlər və köməkçilər arvadları öldükdə yenidən evlənə bilərlər. Lakin keşişlər arvadları öldükdən sonra evlənə bilməzlər, onların arvadları da ərləri öldükdən sonra ərə gedə bilməzlər. Buna görə keşişlər rütbə almaq üçün arvadlarının razılığını almalıdırlar. Buna səbəb keşişlərin insanların mənəvi atası olmaları və onlara «ata»,- deyə müraciət etmələridir. Arvadı ölən keşiş yenidən evlənmək istəyərsə, vəzifəsindən istefa verməlidir. Monastırda rahib olan din xadimləri də evlənə bilməzlər. Onlar ömür boyu subay qalırlar və yepiskop, mitropolit və patriarx onların arasından seçilir. Lakin arvadı ölmüş keşiş elmi və əxlaqi baxımdan münasib olduğunda yepiskop təyin oluna bilər.

Ölümün süryanicəsi

Süryani Ortodoks inanc sistemində ölüm sonrasında insanın qarşılaşacağı hadisələr: ölüm, dirilmə, qarşılaşma və sonsuz cəza olaraq mərhələlərə bölünür
1. Ölüm - canın bədəndən ayrılması
2. Dirilmək - canın cismə geri dönməsi, ikisinin birlikdə yenidən canlanması
3. Qarşılaşma - Məsihin ikinci gəlişində insanları elədiklərinə görə mühakimə etməsi
4. Sonsuz cəza - yaxşıların xoşbəxtliyə, pislərin cəhənnəmin sonsuz əzabına məhkum edilməsi

Xoşbəxtlik - müqəddəslərin göylərdə sahib olacaqları sonsuz həyatdır Cəhənnəm isə, günahkarlar və şeytanların sonsuz əzab yeridir

Süryanilərin dini düşüncəsinə görə, inanclı ölənlər, dirilərin qurban, namaz və sədəqələrdən faydalanırlar Süryani inanc adətlərində, mömini ölümə hazırlama prosesində “xəstə yağı”nın tətbiqi kilsə sirlərindən biridir.

Bu proses xəstə və öləcəyi təxmin edilən ağır xəstələrə tətbiq olunur. Ətrafda şamlar yandırılır və dualar oxunur. «Kandilo» adlanan «xəstə yağı»ndan xəstənin sağ və sol diz qapaqlarına, sinəsinə, göz qapaqlarına və alnına xaç şəklində çəkilir. Dualar oxunduqdan sonra isə bir daha bütün vücuduna və üzünə yağ sürtülür. Kahin sağ əlini xəstənin başına qoyaraq dua oxuyur. Daha sonra masanın üstündəki xaç və İncil xəstənin başı üstünə qaldırılaraq dualar edilir. Bu mərasimdə əsas məqsəd, Tanrının həmin xəstə İsanın yanında olması, onun əzabını və ağrılarını yüngülləşdirməsi, onu tərk etməməsinə işarədir.
Dəfn ayini də demək olar ki, dualar, ilahilər oxunmaqla həyata keçirilir. Cənazənin qəbiristana aparmaq üçün kilsədən çıxarılması və tabutun çiyinlərə alınmasıyla ilahilər oxunmağa başlanır
Bu ilahilərin oxunması qəbiristana qədər davam edir. Tabut, öncədən hazırlanmış məzara endirilir Ruhani əlinə bir ovuc torpaq alıb: “Ya Rəbb, sənin iradən yerinə yetdi Dediyin kimi, torpaqdan gəldik, torpağa dönəcəyik”, - deyərək, ovcundakı torpağı xaç çəkərək tabutun üzərinə səpir
Məzarın torpaqla doldurulması zamanı da ilahilər oxunur Məzarın üstü bağlandıqdan sonra, qəbrin üstü yerdən bir az yüksəldilərək ətrafına kiçik daşlar düzülür Kütlə qəbiristandan ayrıldıqda, din adamlarıı başda olmaqla, cənazə sahibləri yan-yana düzülərək başsağlıqlarını qəbul edir

Süryanilərdə batil inanc və adətlər

Süryanilər tarixin müxtəlif dövrlərində bir çox sivilizasiyalara şahid olduqları üçün həyat və məişətlərində çox maraqlı adət və inancları vardır.

Misal üçün, ayağını soyunan zaman ayaqqabılar üst-üstə düşməsi sahibinə səfərə çıxacağına, əlinin içi qaşınan adamın pul itirəcəyi və ya qazanacağı, gözü səyriyən adamın sevinəcəyi, qayçının açıq qalması ev sahiblərinin haqqında dedi-qodu yayıldığını göstərən əlamətlər kimi qəbul edilir. Sabun, bıçaq, qayçı kimi əşyaların əldən-ələ verilməsinin alanla verən arasında küsülülüyə səbəb olacağına dair inanclar vardır. İnsanın şəklinin öpülməsi, ayaqqabının çevrilməsinin uğursuzluq gətirəcəyi haqda inanc, əsgərə və ya qürbətə gedəcək şəxsin əlini un dolu qaba salınması kimi adətlər də mövcuddur.
Süryanilərin məişət həyatlarında çox istifadə edilən deyimlərlə qısa araşdırmamızı yekunlaşdıraq:
“Bu günün yumurtasını sabahın toyuğuna dəyişmərəm...”
“Uzunqulaq ya oduna, ya suya,
başqa niyə çağırılsın ki, toya?”
“Dovşan: “mənim ən xoşbəxt anlarım - mənim tazını görmədiyim; tazının da məni görmədiyi anlarımdır” ,- deyir.

"Məryəm Ana Süfrəsi kimi” (gözəl bir hadisəni qeyd etmək üçün hazırlanmış, əskiksiz və bol süfrə üçün deyilir).

“Plov Zəngi” - (Zaman ölçü vahidi olaraq istifadə edilir. Ən yaxın kilsədə ilkindidən sonra və axşam azanından əvvəl zəngin çalınmasıyla axşam yeməyinə hazır olması üçün yarma plovunun ocağa qoyulduğu zamanı bildirir).

“Kiminin uzunqulağı ölür, kiminin iti kökəlir”.

“Heç bir qoyun öz quzusunu əzib keçməz”.

Yaqut Əliyeva
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2123

Oxşar yazılar