Maliyyə islahatı, yoxsa panfarsçılıq hikkəsi…
22 iyul 2011 23:37 (UTC +04:00)

Maliyyə islahatı, yoxsa panfarsçılıq hikkəsi…

Bu şənbə, iyulun 23-də ölkə əhalisi pullarından 4 sıfırın atılıb-atılmayacağını müəyyən etmək üçün referenduma gedir. İran Mərkəzi Bankı devalvasiya üçün şənbə günü referendum keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, İranın Nazirlər Kabineti sonuncu toplantısında puldan 4 sıfırın atılması barədə qərar vermişdi. İran Mərkəzi Bankının sədri Mahmud Bəhməni deyib ki, puldan sıfırların atılması təklifi nazirlər kabineti tərəfindən verilib. Yaxın günlərdə isə yeni pul vahidi ilə bağlı bütün məlumatlar bankın internet ünvanında yerləşdiriləcək.

«Yeni rial ABŞ dollarına ekvivalent olacaq» - deyə, bank sədri söyləyib. Bununla belə o, referendumdan sonra İslam Respublikasının ticarət əlaqələri zamanı mübadilədə dolların İran puluna dəyişdirilməsi ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, 1979-cu il inqilabından sonra bir dollar 70 riala bərabər dəyişdirilirdi. Ancaq son zamanlar İslam Respublikasının milli valyutası kəskin şəkildə ucuzlaşıb. Son məlumatlara görə, bir dollar 11 min rialdır. Rəsmi məlumatlara əsasən, bu ilin martında ölkədə inflyasiyanın səviyyəsi 13 faiz təşkil edib.


Məlumatlarda bildirilib ki, yeni pul vahidinin dövriyyəyə buraxılması üçün ən azı 3 il vaxt tələb olunur. Referendumdan sonra üç ay ərzində ölkə parlamentinə denominasiya haqqında qanun layihəsi təqdim ediləcək. M.Bəhməninin sözlərinə görə, məclis üzvləri ilə məsələyə dair müşavirə keçirəcək: «Biz məclis tərəfindən tam dəstək alsaq, o zaman valyutamızdan 4 sıfırın yığışdırılması ilə bağlı ciddi addım atacağıq. İlk dəfədir ki, belə bir addım atırıq. Ona görə də bununla bağlı problemin yaranmasını istəmirik».

Məsələ heç də sıfırların yığışdırılması ilə başa çatmır. Keçmiş SSRİ-inin son illərində ölkənin baş naziri Pavlov da sovet valyutasını xilas etmək üçün oxşar addım atmışdı. Ancaq bu sovetlər birliyinin iqtisadiyyatını batmaqdan qurtarmadı. Eləcə də ölkədəki çox saylı sosial, siyasi məsələ öz həllini tapmadı.

Tehran hakimiyyəti bu islahatı çox çətin bir dönmədə həyata keçirməyə hazırlaşır. Məlum olduğu kimi son bir neçə ayda ölkədə gündəlik tələbat malları bir neçə dəfə bahalaşıb.
Dünyanın ən iri dəniz nəqliyyatı şirkəti “Maersk line” İslam Respublikasının bir neçə limanından – «Bəndər Abbas», «Bəndər Xomeyni» və «Üsləviyyə»dən taxıl məhsullarını daşımağı dayandırdığını bildirib. Şirkətin yaydığı bəyanata o da vurğulanıb ki, bu sayaq məhsullar ABŞ-ın İrana qarşı yeni sanksiyalar siyahısına düşüb. “Maersk line” xarici ticarətlə əlaqədar İrana qarşı qoyulan sanksiyalar və beynəlxalq nəzarət sisteminə uyğun əməkdaşlıq etmək haqda öhdəlik götürüb.

İslam Respublikasının bundan sonra Güney Astaradakı liman vasitəsi ilə bu çatışmazlığı aradan qaldırmağa çalışacağını bildirib.
Ötənaykı məlumata əsasən, İran Mərkəzi Bankı dollar və qızılın qiymətini nəzarətdə saxlasa da, onların qiymətləri «qara bazar»da günü-gündən artır. Nəhayət Mərkəzi Bank rəsmi qiymətləri sabit saxlaya bilmədiyindən qızılın qiymətini və xarici valyutaların məzənnəsini artırıb. İran mətbuatının verdiyi məlumata əsasən, ölkə bazarlarında bir ABŞ dollarının qiyməti son bir həftə içində 11 200 rialdan 12 150 riala qədər qalxıb və məlumatlara görə bu artım davam edir. Dolların əvvəlki rəsmi qiyməti 10 599 rial olsa da, indi Mərkəzi Bank məzənnəni 12 faiz artıraraq bir ABŞ dollarını 11 717 riala satmağa başlayıb.

Bu qiymət artımına baxmayaraq, banklardan rəsmi qiymətlərlə dollar almaq ancaq bir sıra məhdudiyyətlərlə mümkün olur, lakin açıq bazarlarda azad qiymətlə istənilən qədər dollar tapmaq mümkündür. Dövlət lisenziyası ilə işləyən valyuta dəyişdirmə məntəqələri də dünən rəsmi qiymətlərlə valyuta satmaqdan imtina edib. Onlar bunun səbəbini rəsmi qiymətlərlə Mərkəzi Bankdan valyuta ala bilməməmələri ilə izah ediblər.

«Araztm»-ın məlumatına əsasən, bir müddət öncə Mahmud Bəhməni bildirmişdi ki, İranda istənilən qədər valyuta ehtiyatı mövcuddur və valyutalar bahalaşdıqda bazara əlavə valyuta çıxarmaqla qiymətlərin yüksəlməsinin qarşısını almaq mümkün olacaq. Lakin indi Mərkəzi Bankı tərəfindən qiymətlərin artırılması əhalidə çaşqınlıq yaradıb.

Yenə məlumatlara görə, İranın qiymətli metallar bazarında qızılın qiyməti 8 faiz artıb. Son zamanlar İranda subsidiyaların (subsidlərin) dayandırılması ilə əlaqədar ölkə iqtisadiyyatında 20 faizdən çox inflyasiya müşahidə olunur. Buna görə əhali əldə olan sərmayələrini qızıl və valyuta kimi inflyasiyaya məruz qalmayan və istənilən zaman pula çevrilə biləcək yatırımlarda istifadə edir. Bu isə ölkədə qızıl və valyuta qiymətlərinin artımına səbəb olur.

Yuxarıda qeyd etdiyimiz kimi belə islahatlar ilk növbədə əhalinin güzəranında özünü göstərməlidir.



Bu günlərdə yayılmış bir xəbər sıfırların yığışdırılması əməliyyatının vətəndaşların həyatına müsbət mənada ciddi təsir göstərəcəyi ehtimalını azaldır.

Məlum olduğu kimi bu ölkə də əllə toxunan xalçalar dünya bazarında çox baha qiymətə satılırdı. Ancaq Tehran hakimiyyətinin iddialı və hikkəli atom-nüvə proqrammı bu sahəyə də yasaqların qoyulmasına səbəb olub.
«İRNA»-nın məlumatına görə, xalça istehsalçılarından biri, Rəsul Xorsənd ölkədəki xalçaçılar çox ciddi dəstəyə ehtiyac duyur. Tehran hakimiyyəti maliyyə islahatında da öz panfarsçılığından əl çəkmir. İran Mərkəzi Bankı valyutanın adının «rial»dan «parsi»-yə dəyişdirilməsi təklifini irəli sürüb.

Urmiyadan olan deputat Nadir Qazipur jurnalistlərə açıqlamasında pul vahidinin adının dəyişdirilməsi təklifinə etiraz bildirib: «İranın milli pul vahidinə ölkədə yaşayan millətlərdən birinin adının verilməsi məqsədə uyğun deyil. Müxtəlif millətlərdən ibarət olan İran xalqı bir bayraq altında yaşayır. Onlar arasındakı birlik qorunub saxlanılmalıdır. Ölkənin indiki həssas şəraitində pul vahidinin adının dəyişdirilməsi, ona İranda yaşayan müəyyən bir millətin adının verilməsi məsləhət deyil».

Odur ki, Tehran hakimiyyətinin bu islahatda istəyi və hədəfi bəlli görünmür. Bu pul islahatıdır, yoxsa panfarsçılıq hikkəsinin gerçəkləşdirilməsinə cəhd. Görünür, bəhs etdiyimiz maliyyə islahatının müsbət sonuc verməyəcəyini hakimiyyət yaxşı bilir. Ona görə də heç olmazsa, bir vaxtlar adı tümən olmuş sonra riala dəyişdirilmiş ölkə pulunun «parsi»yə dəyişdirilməsi ilə özlərinə toxtaqlıq vermək istəyirlər. Hər halda heç şübhəsiz pulun adlanması deyil, onun alıcılıq qabiliyyət önəmlidir. Ancaq baş verənlərə əsaslansaq, ehtimal etmək olar ki, ayətullah Xamneyi, Əhmədinejad, Bəhməninin başladığı maliyyə islahatı SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçovun, onun baş naziri Pavlovun maliyyə siyasətinin taleyini təkrarlayacaq.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar