Rejim hikkəsinin sonucu: savadsızlıq, mənəvi aşınma, narkomanlıq…
01 iyun 2011 21:12 (UTC +04:00)

Rejim hikkəsinin sonucu: savadsızlıq, mənəvi aşınma, narkomanlıq…

Başqa sözlə vətəndaşlar arasında yaranan mənəvi-psixoloji pozuntunun əsas baisi mövcud rejimin yürütdüyü yanlış siyasətdir.

Ölkədə edam olunanların əksəriyyətinə qarşı “narkotik maddələrin qanunsuz alveri”, “zina” ittihamları irəli sürülür. Ən faciəlisi isə həmin insanların məhkəməsinin qapalı keçməsidir.

Bir həftə öncə narkotik maddələrin “satışı və qaçaqmalçılığında” suçlandırılaraq, 23 nəfər edam edilib.

İnqilab məhkəməsinin ölümə məhkum etdiyi məhbuslardan 3-ü mayın 22-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin, 20-si isə Qəzvin şəhərinin zindanında dar ağacından asılıb.

Narkotik maddələrin satışı ilə məşğul olanlarla bundan sonra daha kəskin davranacaqlarını bildirən Qəzvin prokuroru höccətülislam İsmayıl Sadiqi-Niyarəki jurnalistlərə açıqlamasında narkotik qaçaqmalçılığında günahlandırılaraq, ölümə məhkum olunmuş daha 20 nəfərin yaxın günlərdə dar ağacından asılacağını vurğulayıb.

İranda çıxan “Şərq” qəzetinin məlumatına əsasən, Tehranın baş prokuroru Abbas Cəfəri–Dövlətabadi isə deyib ki, İslam Respublikasının hüquq-mühafizə orqanları “narkotik maddələrin qanunsuz alveri” ittihamı ilə 300 nəfər barəsində dar ağacından asılmaqla ölüm hökmü çıxarıb.

Prokurorun çıxışında dəqiqləşdirmə aparaq, deyib: “Üzərində 30 qram və ondan artıq narkotik maddə aşkarlanan istənilən vətəndaş narkotik maddə taciridir və ona güllələnmə maddəsi tətbiq edilir”.

O, qeyd edib ki, 300 nəfərlik bu siyahıda narkotik maddə tacirləri və narkomafiya başçıları yoxdur.

Xatırladaq ki, Beynəlxalq Əfv Təşkilatının illik hesabatında ölüm hökmünün daha çox ABŞ, İran, Çin, Səudiyyə Ərəbistan, Yəməndə icra olunduğu vurğulanıb. Bu cəza növü Asiya və Yaxın Şərq dövlətlərində daha çox tətbiq edilir. İran, Sudan, Pakistan və Birləşmiş Ərəb Əmirliyində 18 yaşdan da aşağı yaşda olanlar edam olunurlar.

2010-cu ildə 527 nəfərin ölümə məhkum edildiyi qeydə alınıb. Həmin il İranda 252, Şimali Koreyada 60, Yəməndə 53, ABŞ-da 46, Səudiyyə Ərəbistanında 27 edam icra olunub. Çin bu barədə məlumatı açıqlamadığından onun adı bu siyahıda göstərilməyib. Onu da qeyd edək ki, ABŞ-ın 16 ştatında ölüm hökmü yasaqlanıb.

Cəmiyyətdə mənəvi aşınmanı müəyyən mənada hakimiyyətdəkilər də təbliğ edir. “MIGnews”in məlumatına əsasən, İslam Respublikasının tanınmış din xadimi, prezident Mahmud Əhmədiejadın “mənəvi atası” sayılan ayətullah Məhəmmədtağı Mispah öz tərəfdarlarını israillilərə, o cümlədən onların uşaqlarına qarşı terror aksiyaları tətbiq etməyə çağırıb.

O, İranda ən radikal din xadimlərdən sayılır. Öz internet səhifəsində yaydığı risaləsində ayətullah Mispah terrorçu – intiharçının hücumlarının yalnız qanuni olduğunu deyil, bunun hər imanlı müsəlmanın vəzifəsi olduğunu açıqlayıb. Sayt izləyicilərindən biri ona belə bir sualla müraciət edib: “Əzabla ölməklə, intihar arasında nə fərq var. Bəziləri deyir ki, əzablı ölüm, intihar yasaqdır. Bu islama ziddi sayılır”. Ayətullah Mispah cavabında “tələbənin islam düşmənlərinin təbliğatına uyduğundan” təəssüflənərək, deyib: “Sionist rejimə qarşı mübarizə aparmaqdansa, belə suallar verməklə vaxt itirirsiniz. İslam və xalqın müdafiəsi üçün islama iman gətirənlərin əzabla şəhid olmasına nəinki icazə verilir, hətta bu onun borcu sayılır”.

İstifadəçi “Həmas” və “İslami cihad” kimi qrupların mülki insanlara qarşı terror aksiyası gerçəkləşdirməsi ilə bağlı belə bir sual verib: “Bu halı islam necə dəyərləndirir? Bu hücumlar zamanı uşaqların öldürülməsini necə dəyərləndirirsiniz?” Ayətullah Mispah bu sualı belə cavablandırıb: “Məncə, uşaqların öldürülməsini yasaqlamaq vacib deyil. Nə qədərki yəhudilər öz hakimiyyətlərinə qarşı etiraz etməyəcəklər, onlara daha çox ziyan vurmaq lazımdır”.

Belə çıxışlar ölkə vətəndaşlarını həm islamdan uzaqlaşdırır, həm də dünyada islam dinin nüfuzuna ciddi zərbə vurur. Nəticədə isə İran cəmiyyəti itirir.

“Qərb mədəniyyətinə qarşı mübarizə” aparan Tehran hakimiyyəti 32 ildən artıqdır savadsızlığa qarşı mübarizə kampaniyası keçirir. Maarifləndirmə hərəkatının sədri Əli Bağırzadənin sözlərinə görə, 2,6 milyon ölkə vətəndaşı oxuyub-yazmağı bilmir. İranın informasiya vasitələrinin yaydığı bu xəbərə əsasən, sədr deyib ki, İran əhalisinin 85 faizi təhsillidir: “Biz çalışırıq ki, əhalinin qalan 15 faizi oxuyub-yazmağı öyrənsin. Əhalinin əsasən 10-49 yaş arasında olan hissəsi savadsızdır”.

Bir müddət öncə, bu hərəkat bəyan etmişdi ki, hər il orta hesabla bir milyon vətəndaş təhsil almaqdan məhrum olur. Qurum sədrinin müavini Əli İbrahimianunu sözlərinə görə, savadsızların çoxu qadınlardır.

Savadsızlığın əsas səbəblərindən biri milli dildə təhsilin verilməməsidirsə, o biri dolanışığın ağırlığıdır. Odur ki, əcnəbi dildə oxumaq fars olmayanlara problem yaradır. Ona görə də həmin uşaqlar oxumaqdan yayınırlar. Təcrübə göstərir ki, dolanışığın ağırlığı ucbatında ata-ana uşaqları çörək qazanmağa yollayır.

Sadaladığımız bu faktlar Tehran hakimiyyətinin öz vətəndaşlarına etdiyi zülmün nəticəsi kimi də dəyərləndirilə bilər. Savadsız, işsiz, beyinlərinə yalnız qondarma islam düşmənlərinə qarşı mübarizə təbliğatı yeridilən insanların mənəvi aşınması qəribə görünmür.

Bir ayda 300 nəfərin narkotik maddə qaçaqmalçılığına görə barəsində ölüm hökmünün çıxarılmasının kökü, təəssüf ki araşdırılmır. Axı, həmin insanlar İslam Respublikasının qoyduğu qaydalar əsasında tərbiyələnib. Bu üzdən də İranda nə savadsız, nə narkotik maddə istifadəçisi, taciri, uşaqbaz və s. bu sayaq yaramazlıqlar olmamalı idi. Ancaq bütün bunları əksi baş verir. İran kimi varlı bir məmləkətin insanlarının belə mənəvi aşınmasının bütün məsuliyyəti hakimiyyətin üzərinə düşür. O, isə dar ağacı yolu ilə vəziyyətdən çıxmağa çalışır. Bu problemin həlli sayılmır. Çünki problem qalır. Onu da qeyd edək ki, məhkəmələr qapalı keçirildiyindən ölüm hökmləri də şübhəlidir…

Sədrəddin Soltan
# 667

Oxşar yazılar