İran Suriyanı itirir - ŞƏRH
29 mart 2011 12:23 (UTC +04:00)

İran Suriyanı itirir - ŞƏRH

Dünya ictimaiyyəti hər gün Orta Şərqdə baş verən olaylarla bağlı yeni-yeni xəbərlər eşidir və baş verənlərin sonunu səbirsizliklə gözləyir.

Ötən həftə İran İslam Respublikasının qonşusu Suriyadakı etiraz aksiyaları Tehran hakimiyyətinin gələcəyi baxımdan çeşidli mülahizələrə səbəb olub. Çünki Suriyadakı Bəşər Əsəd rejimi İran hakimiyyətinin ən yaxın müttəfiqidir. ABŞ onu Tehranla əməkdaşlıqdan çəkindirmək üçün bir neçə dəfə səy göstərsə də B.Əsəd bunun əksini edirdi.

Ötən ilin payızında ABŞ prezidenti Barak Obamanın Suriya lideri Bəşər Əsədə kəskin xəbərdarlıq göndərdiyi haqda məlumatlar yayılmışdı.

İnformasiya vasitələrinin bu ismarıcla bağlı yaydığı məlumata görə, xəbərdarlıqda bildirilirdi ki, İsrailə qarşı terror aksiyaları davam edərsə, o zaman Vaşinqton yəhudi dövlətinin hərbi istəklərinə qarşı çıxmayacaq, Qəzza zolağında və başqa ərazilərdə terrorçuların infrastrukturunu dağıtmaq üçün İsraili dəstəkləyəcək.

Vaşinqtondakı rəsmi qaynaqlara istinad edən informasiya vasitələri daha sonra bildirmişdilər ki, bu əməliyyatlar Suriyada yerləşən terrorçuların, özəlliklə “Hizbullah” və onun himayədarlarının hərbi bazalarına da şamil ediləcək.

ABŞ hakimiyyətinin Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçellin müşaviri Frederik Hoff həmin vaxt Suriya prezidenti Bəşər Əsədlə görüşüb, Obamanın bəyanatını ona təqdim etmişdi. O, Dəməşq rəsmisinə bildirmişdi ki, sülh danışıqları zamanı Suriyanın terrorçuları ölkədən çıxaracağına Ağ ev inanır.

Ötən ilin sentyabrında Vaşinqtonda ABŞ-ın dövlət katibi Hillari Klinton, Corc Mitçell, Misirin o vaxtkı prezidenti Hüsni Mübarək, İordaniya kralı 2-ci Abdulla, İsrailin baş naziri Benyamin Netanyahu, Fələstin Muxtariyyatının sədri Mahmud Abbas birbaşa danışıqlara başlamışdı. Bu müzakirələrin nəticəsi kimi İsraillə Fələstin arasında sülh müqaviləsinin bağlanacağı gözlənilirdi.

Heç şübhəsiz, Fələstinlə İsrail arasında anlaşma ilk növbədə bölgədə öz iddiasını yeritmək istəyən İrana heç sərf etmir. Çünki Fələstin düyününün çözülməsi Avrasiyanın böyük bir hissəsinə əmin-amanlıq gəlməsi deməkdir.

Həmin ərəfədə İran İslam Respublikası Suriya ilə əlaqələrinin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndiyini və inkişaf etdiyini bəyan etdi. Keçən ilin aprelində Suriya-İran hökumətlərarası iqtisadi-ticarət komissiyasının toplantısında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması haqda bəyanatlar verilib.

ABŞ isə Dəməşqlə Tehranın bu yaxınlığından rahatsızlığını çeşidli diplomatik jestlərlə büruzə verirdi.

İran prezidenti Mahmud Əhmədinejad 2010-cu ildə Dəməşqə səfəri zamanı bildirmişdi ki, Suriya ilə ölkəsinin münasibətini korlaya biləcək qüvvə yoxdur.

Bununla belə, rəsmi Vaşinqton Suriya hakimiyyəti ilə münasibətləri bərpa etmək istiqamətinə səylərini davam etdirirdi.

Rəsmi Dəməşqə qarşı tətbiq olunan sanksiya ucbatından bu ölkəyə məhsullarının ixracını yasaqlamış şirkətlərin – “Microsoft”, “Dell”, “Sysco” və “Symantec”in direktorları Suriyanı İrandan “ayırmaq” üçün cəhd göstərdi.

Dəməşq və Tehran təmsilçiləri bu əməkdaşlığın iki dövlət çərçivəsindən çıxaraq, Türkiyə və İraqı da əhatə edəcəyinə inandıqlarını bildirirdi. Bu yaxınlarda isə Türkiyə hökumətinin təmsilçisi bölgədə Livan, İran, Suriya və Türkiyənin birgə ticarət zonası yaradacaqlarını bəyan etdi.

Bir müddət öncə İran və Suriya bankları iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi ilə müştərək maliyyə müəssisəsi açmaq barədə razılığa gəlib. Bankın nizamnamə kapitalı 30 milyon dollardır. Nəzarət zərfinin 60 faizi İrana məxsusdur.

Beləliklə, Suriya terrorçular və onların himayədarları ilə münasibətləri saxlayarsa, o zaman vəziyyətin ağır olacağını ehtimal etmək olar. Çünki Suriya İran deyilsə də, İraqdan güclü də deyil. Başqa sözlə, İrana qarşı hərbi əməliyyatlar onun bölgədəki müttəfiqlərindən də başlaya bilər…

Əslində Suriya həm də İranla əməkdaşlığın yaratdığı problemlərlə üz-üzədir.

Bəhreyndə baş verənlərdə etirazçıları dəstəkləyən Tehran bəyan edir ki, orada çoxluqda olan şiələrin haqqı tapdanır. Amma əslində o ölkənin əhalisi monarxiyanın qurbanına çevrilib. Suriyada isə Tehran hakimiyyətdə olan şiə azlığı müdafiə edir. Orada Əsəd ailəsinin hegemonluğuna isə İran rəhbərliyi önəm vermir. Çünki Tehran rejimi də cəmiyyəti əzməsi, müxalif düşüncəliləri təqib etməsi və sayaq davranışı ilə ərəb dövlətlərindəki hakimiyyətlərdən heç nə ilə fərqlənmir.

“Röyter”in məlumatına görə, İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib ki, Qərb Suriya və İrana qarşı da Liviyaya tətbiq etdiyi üsul və prinsiplərdən istifadə etməlidir.

Onun sözlərinə görə, Tehran və Dəməşq dünya üçün Tripolidən az təhlükə yaratmır. Liberman bildirib ki, İran və Suriyadakı rejimlər Müəmmər Qəddafi qədər məsuliyyət daşıyırlar…

Suriyada baş verənlərə nəzər saldıqda, İrandakı hakimiyyətin ətrafdakı dayaqlarının uçurulduğu qənaətinə gəlmək olar. Tehran hakimiyyətini müdafiə edəcək rejimlərin bundan sonra da ayaqda qalacağı ehtimalı günü-gündən azalır. Belə bir durumda isə İran İslam Respublikası rəhbərliyi islam adı altında fəaliyyət göstərən terrorçu qrupların yardımına möhtac ola bilər. Bölgədə baş verənlərdən çıxış etsək, həmin təşkilatların da silahı yerə qoyaraq, öz ölkələrində dinc siyasi fəaliyyətə başlayacaqlarını istisna edilmir (Fələstində HƏMAS-la Mahmud Abbasın görüşü buna örnək ola bilər). Bu şərait yaranarsa, İran rejimi təklənər. Bu durumdan isə yeganə çıxış yolu ya islahat, ya da islahatdır. Başqa yol İran üçün dəhşətli və arzuolunmaz bir qarşıdurma - vətəndaş savaşıdır…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar