Orta Şərqə “change” gəlir
19 mart 2011 12:39 (UTC +04:00)

Orta Şərqə “change” gəlir

Buna səbəb kimi Səudiyyə Ərəbistanının Bəhreyndəki şiələrin etiraz aksiyalarının yatırılmasına ordu göndərməsi göstərilib. Sənədin surəti Ərəb Dövlətləri Liqası və İslam Konfransı Təşkilatına göndərilib.

Rəsmi Tehran Bəhreynlə qonşu olan dövlətlərin şikayətə qoşulmasını və Səudiyyə Ərəbistanı ordusunun oradan tez bir zamanda çıxarılmasının tələb edilməsini istəyib.

Məlumatlara əsasən, Bəhreyndə Körfəzdəki Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələri, özəlliklə Səudiyyə Ərəbistanının hərbçiləri ilə qanlı qarşıdurma başlayıb. «mignews»-un yaydığı xəbərə görə, martın 16-da Səudiyyə Ərəbistanının bir hərbçisi, Bəhreyn təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı öldürülüb.

Təsdiqlənməmiş məlumatlarda isə bildirilib ki, şiələrin yaşadığı Sitra kəndində yüz nəfərə yaxın insan güllələnib. Rəsmi məlumatlara görə, ötən gün Bəhreyndə 4 əsgər və 3 aksiyaçı öldürülüb. Qarşıdurma davam edir.

Avropa Birliyinin rəhbərliyində olan, adının açıqlanmasını istəməyən diplomat “EU Observer” nəşrinə açıqlamasında deyib ki, şuraya üzv dövlətlərin hərbi birləşmələrinin Bəhreyn kralına kömək məqsədi ilə martın 14-də ölkəyə daxil olması çox təhlükəlidir və bu hal ölkədə Liviyadakından da təhlükəli vətəndaş müharibəsinin başlamasına səbəb ola bilər.

Diplomatın sözlərinə görə, Bəhreyndə nə baş verdiyi artıq çılpaqlığı ilə üzə çıxır: “Bəhreyndə şiə və sünnilər açıq toqquşma şəraitindədirlər. Bu, əslində İranla Səudiyyə Ərəbistanının üz-üzə gəlməsidir. Bu, partlayış doğuracaq bir durumdur. Tək biz yox, ABŞ və Rusiya da narahatdır”.

Bəhreyndə baş verənlər, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərinin hərbi birləşmələrinin şiələrə qarşı sərt davranışları İran və İraqda da narazılıqlara yol açıb. Şiələrin müqəddəs şəhəri Kərbəlada kütləvi aksiya keçirilib. Aksiyada Səudiyyə Ərəbistanının Bəhreyni işğal etməsi əleyhinə şüarlar səsləndirilib. İranda keçirilən aksiyada tələbələr Bəhreynə könüllü döyüşçü kimi getmək istədiklərini bəyan ediblər.

İsveç xarici işlər naziri Karl Bild öz bloqunda yazıb ki, Bəhreyndəki proseslərə öncə İranın müdaxiləsi olmayıb: “Ancaq İranın Bəhreyndəki proseslərə müdaxilə ehtimalı işğal və davam edən aksiyalar fonunda hər gün artır”.

Bundan başqa, etirazçıların həbsi ilə bağlı xəbərlər də yayılmaqdadır. Bəhreynin hakimiyyət orqanları şiə müxalifətinin 6 liderinin həbs olunduğunu elan edib.

“İnterfaks”-ın məlumatına görə, ötən 3 gün ərzində 25 nəfər tutulub. Onlara hakim monarxiyanı yıxmağa çağırış ittihamı irəli sürülüb.

Həbslər ölkədə fövqəladə vəziyyət, paytaxt Manamanın bəzi rayonlarında isə komendant saatı tətbiq edilməsindən sonra aparılıb. Bundan əlavə, bütün ölkə ərazisində nümayiş və yürüşlər qadağan edilib.

Şiə məzhəbli səhiyyə naziri Nizar Baharna polisin xəstəxanalarda yatan müxalifləri həbs etməsinə etiraz olaraq istefa verib, İran isə rəsmi Bəhreynin aksiyaçılara qarşı sərt davranışına etiraz olaraq, səfirini geri çağırıb.

Manama küçələrində isə tanklar növbə çəkir. Eyni zamanda vertolyotlarla da şəhəri nəzarətdə saxlanılır. BMT-nin insan haqları üzrə komissarı Navi Pilley isə Bəhreyndə təhlükəsizlik qüvvələrinin xəstəxana və klinikaları dərhal tərk etmələrini tələb edib. Beynəlxalq Amnistiya Təşkilatı polisin yaralı müxalifətçilərin xəstəxanalara getmələrinə mane olduğunu açıqlayıb.

Bəhreyn olayı Orta Şərqdə üzdə məzhəb savaşının başladığını söyləməyə əsas verir. Səudiyyə Ərəbistanında azlıqda olan şiələrdə etiraz aksiyası keçirməyə cəhd göstərdi.

Suriyada da azlıqda olan şiələr çoxluqdakı sünnilərə rəhbərlik edir və s.

Məqsədimiz məzhəblərarası savaş kimi təqdim edilən məsələ ilə bağlı müzakirə açmaq deyil. Baş verənlər bir daha sübut etdi ki, Orta Şərqdə ya bəsit və eybəcər demokratiya, ya da bir sülalənin ağalığı mövcuddur.

Bəhreyn, Səudiyyə Ərəbistan, Oman, İordaniya, Mərakeş bir ailə tərəfindən, İran, Suriya, Misir, Tunis isə bəsit və eybəcər demokratiya ilə idarə olunur. Hər iki halda vətəndaşların adi insan haqları tapdanır.

Tehran hakimiyyəti özünü Bəhreyndə çoxluqda olan şiələrin haqqının müdafiəçisi kimi göstərməyə çalışır. İranda isə durum bundan heç də yaxşı deyil. Hamının qəbul etdiyi bir örnək: bu ölkədə Azərbaycan türkləri çoxluq təşkil etdiyi halda ibtidai insan haqlarından məhrumdurlar. Hamıya bəllidir ki, insanlar sonradan şiə, sünni, katolik, pravoslav, vəhhabi, protestant və s. məzhəbi qəbul edirlər. Ancaq ana dilində (İranda Azərbaycan türkcəsində ana dilində bir məktəb belə yoxdur) məktəbləri açılmasına şərait yaradılmayan bir hakimiyyət hansı haqla “çoxluqda olan şiələrin” hüquq müdafiəçisi rolunda çıxış edir. Yaxud, azlıqda olan şiələrin idarə etdiyi Suriya İran İslam Respublikasının ən yaxın müttəfiqidir.

İrandakı etnik baxımdan çoxluqda olan Azərbaycan türklərinin haqqı tapdandığı kimi, məzhəb baxımından azlıqda olan sünnilərin də hüquqları pozulur. Dövlətin idarə olunmasında onlara şərait yaradılmır...

Tehranın Bəhreyndəki şiələri müdafiəsi Fələstin, Livan, İraqdakı vəziyyəti xatırladır. İran İslam Respublikasının ucbatından bu ölkələrdə insanlar dinclik tapa bilmir. Bu, heç də İran hakimiyyətinin güclü olduğu deyil, əksinə, onun zəifliyi, bu rejimin müvəqqətiliyi qənaətinə gəlməyə əsas verir.
Düzdür, bölgədəki qarışıqlıq müəyyən mənada Tehran hakimiyyətini əlinə oynayır. Çünki belə qarışıqlıqda o, atom-nüvə proqramı ilə birlikdə beynəlxalq ictimaiyyətin yadından çıxır. Elə belə qarışıqlığın uzunmüddətli olmasında İran rejimi də az maraqlı deyil. Ancaq Tehranda bu “çanağın onların başında çatlayacağını” bilənlər də var. Bu baxımdan, ehtimal etmək olar ki, İran hakimiyyəti Orta Şərqdəki qarışıqlığa həm sevinir, özünün əməllərinə baxanda isə kədərlənir.

Bölgədə baş verənlərdən qısaca olaraq, aşağıdakı nəticəyə gəlmək olar:

- Dinlərarası, məzhəblərarası savaşı qızışdırılması bölgədə yeni dövlətlərin yaranmasına səbəb ola bilər (Misirdəki xristianların timsalında). Başqa sözlə Afrikanın Şimalı və Orta Şərq yenidən bölünər;
- Uzun müddətli vətəndaş savaşı başlayar;
- Üçüncü dünya savaşı adlanmasa da bölgədə nüfuz uğrunda mübarizə ərəblərin əli ilə baş verər;
- Özlərini neftxudası sayan ərəb şeyxlərinin mütləq monarxiyası başa çatar;
- Bölgədə demokratik rejimlər yaranar;
- İran kimi terrorçuluğu dəstəkləyən, yaxud bu sayaq qüvvələrə himayədarlıq edən hakimiyyətlərin sonu çatar;
- İran kimi millətlər həbsxanası olan dövlətlər dağılmağa başlayar;
- Rusiya, Çin, Hindistan sözün əsl mənasında yenidən qurular və s.

Bir də nəzərə almaq lazımdır ki, insanlar da təbiətin bir parçasıdır. Onlar da təmizlənmək yenilənmək istəyir. İnsan cəmiyyəti də monarxlardan, saxta demokratlardan, hakim sülalələrdən, din, məzhəb adından siyasi alver edənlərdən qurtulmaq istəyir. Cəmiyyətin bu davranışı isə “sunami”, “sel” deyil, “inqilab” adlanır. Amerikanın yeni prezidenti prezidenti “change”, “dəyişiklik” deyəndə, fikrimizcə, hadisələr baş verən Orta Şərqin dəyişməsini nəzərdə tuturmuş. Çünki ABŞ-da ciddi dəyişikliyə indiki şəraitdə ehtiyac duyulmur.
Odur ki, Orta Şərqə… “change” gəlir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar