Bir dəstə çiçək, ardıcıl çevrilişlər və prezident qızı prezident... – HEKAYƏT
17 fevral 2011 12:36 (UTC +04:00)

Bir dəstə çiçək, ardıcıl çevrilişlər və prezident qızı prezident... – HEKAYƏT

O, Filippinin ilk (və hələlik yeganə) qadın vitse-prezidenti oldu.

O, Korazon Aqinodan sonra ölkəsinin tarixinə ikinci qadın prezident kimi adını yazıb.

O, hələ parlamentdə senator olduğu 9 il ərzində ölkəsi üçün böyük iqtisadi önəm daşıyan 55 qanun layihəsinin müəllifi olmuşdu.

O, “Forbes” jurnalının 2005-ci ildə “dünyanın ən güclü qadınları” siyahısında 4-cü yeri tuturdu!

O, “Forbes” jurnalının 2006 və 2009-cu ildə “dünyanın ən güclü qadınları” siyahısının ön sıralarında dayananlardan biri idi.

O, Filippin tarixində Ferdinand Markosdan sonra Filippinin ən uzun müddət vəzifədə qalan prezidenti kimi də adını tarixə yazıb.

Bu qadın Filippinin keçmiş prezidenti Diosdado Makapaqalın qızı, qədim Luzon İmperiyasının Lakandula liderlərinin birbaşa sələfi, bütün dünyada tanınan Filippin prezidenti Mariya Qloriya Makapaqal-Arroyodur! (Maria Gloria Macapagal-Arroyo)

Mariya Qloriya Arroyo 1947-ci ildə Manila, San-Xuanda siyasətçi Diosdado Makapaqal və Evangelina Macaraeq Makapaqalın ailəsində dünyaya gəlib.

Həyatının ilk illərini Lubaoda, Pampanqada atasının əvvəlki nikahından olan uşaqları ilə birlikdə keçirib. 4 yaşından İliqan şəhərində nənəsi ilə birlikdə yaşamağa başlayıb. Burada 3 il qaldıqdan sonra isə 11 yaşına kimi Mindanao və Manila şəhərləri arasında, necə deyərlər, get-gəldə olub. O, ingilis və ispanca ilə yanaşı, taqaloq və Kapampangan, İlokano, Cebuano kimi bir neçə digər Filippin dillərində də mükəmməl danışır.

1961-ci ildə Arroyo 14 yaşında olarkən atası prezident seçilir və o, ailəsi ilə birgə Maniladakı Prezident Sarayına köçür. 1964-cü ildə məktəbi fərqlənmə ilə bitirir. Arroyo iki il Bill Klintonla qrup yoldaşı olduğu Corctaun Universitetində təhsil alır. O, həmçinin 1968-ci ildə Assumption Kollecindən iqtisadiyyat üzrə fərqlənmə ilə bakalavr dərəcəsini almışdır.

Amerikadan Filippinə döndükdən sonra Mariya Arroyo 1978-ci ildə Ateneo Manila Universitetində İqtisadiyyat üzrə magistr dərəcəsi və 1985-ci ildə Filippin Universitetindən iqtisadiyyat üzrə doktorluq dərəcəsi almışdır.

1968-ci ildə Mariya hüquqşünas və biznesmen olan Xose Migel Arroyo ilə ailə qurur. Onların üç övladı olur - Xuan Migel (1969), Evangelina Lurdes (1971) və Diosdado İqnasio Xose Maria (1974).

1977-87-ci illərdə o, Filippin Universitetində, Maniladakı Ateneo Universitetində (Ateneo de Manila University) və müxtəlif unversitetlərdə dərs demişdir. Arriyo həmçinin Assumption Kollecində İqtisadiyyat fakültəsinin dekanı olmuşdur.

Onun siyasi karyerası ölkənin ilk qadın prezidenti Korazan Akinonun (Corazon Aquino) adı ilə bağlıdır. Belə ki, 1987-ci ildə Prezident Korason Aqino iqtisadiyyat professoru olan Arroyonu Ticarət və Sənaye departamentinin katibi köməkçisi işinə dəvət edir. İki il sonra o, katibin müavini vəzifəsini tutur. Bir qədər sonra isə Hazır geyimlərin və Tekstilin İxracı Şurasının icraçı direktoru olur. Ötən yüzilliyin səksəninci illərində artıq çoxları etiraf edirdi ki, Arroyonun fəaliyyəti ölkəsində tekstil sənayesinin güclü inkişafına təkan vermişdir.

Baxmayaraq ki, onun atası vaxtı ilə ölkənin prezidenti olmuşdu, Arroyo 1992-ci ilə qədər aktiv siyasət səhnəsində görünməmişdir. 1992-ci ildə o, ilk dəfə və üç illik müddətə Filippin senatına seçilir. 1987-ci il Konstitusiyasına görə, ən çox səs toplamış 12 namizəd 6 illik müddətə, daha 12 nəfər isə 3 illik müddətə seçilirdilər. Səsvermənin nəticələrinə görə 13-cü yeri tutan Arroyo 3 il müddətinə senator seçildi.

1995-ci ildə Qloriya 16 milyon səslə yenidən senator seçilir və bu dəfə altı illik müddətə bu vəzifədə qalır. Parlamentin işində çox aktiv iştirak edən Arroyo, qanunverici hakimiyyətdə təmsil olunduğu müddətdə 400 qanun layihəsinin hazırlanmasında, müzakirəsində fəal iştirak etmiş, iqtisadi önəm daşıyan 55 qanun layihəsinin isə bilavasitə müəllifi olmuşdur.

Arroyo, 1998-ci ildə prezidentliyə namizədliyini vermək istəsə də prezident Fidel Ramos onu fikrindən daşındıraraq, hakim partiyaya üzv və vitse-prezidentlyə namizəd olmağa dəvət etdi. Bu seçkilərdə Arroyo, Edgardo Anqaradan iki dəfədən çox səs toplayaraq, vitse-prezident seçildi.

Hakim partiyanın prezidentliyə namizədi Senatın spikeri Xose De Venesia, vitse-prezidentliyə namizədi isə Mariya Arroyo oldu. O, 13 milyon səslə rəqibi senator Edqardo Anqara qalib gəlsə də, hakimi partiyanın prezidentliyə namizədi Xose De Venesia (Jose de Venecia) rəqibi, ünlü aktyor Cozef Estradaya məğlub oldu. 1998-ci il iyunun 30-da Mariya Arroyo vitse-prezidentlik vəzifəsinə başladı. O, Filippinin ilk (və hələlik yeganə) qadın vitse-prezidenti oldu. Prezident Estrada onu həm də Sosial Rifah və İnkişaf departamentinin rəhbəri vəzifəsinə təyin etdi.

Burada onun əsas işi yoxsullara köməklə bağlı hökumətin sosial proqramının yerinə yetirilməsinə nəzarət idi. Ancaq 2000-ci ildə o, istefa verdi, korrupsiyada ittiham olunan prezident Estradadan uzaqlaşdı. Prezident Estradanın korrupsiyada günahlandırılması ilə bağlı olaraq, xanım Arroyo açıq şəkildə Filippin cəmiyyətinin müxalif kəsiminə dəstək verdi.

Estradanın yanvarın 16-na təyin olunmuş məhkəməsi baş tutmadıqda yanvarın 17-də yüzminlərlə Filippinli küçələrə axışdı. Artıq bu etirazlar Filippin cəmiyyətinin bütün təbəqələrinə yayılmışdı. Nəhayət, 20 yanvar 2001-ci il tarixdə Ali Məhkəmə Estradanı prezident səlahiyyətlərindən məhrum etdi. Ordu və polis onu dəstəkləməkdən imtina etdi. Həmin gün Arroyo Ali Məhkəmə tərəfindən Filippinin 14-cü prezidenti elan edildi!

Estrada Prezident Sarayını tərk etdikdən bir müddət sonra Mariya Qloriya Arroyonun prezidentliyinin legitimliyini sual altına almağa cəhd etdi. Belə ki, Estrada rəsmi şəkildə istefa vermədiyini deyirdi. Baxmayaraq ki, Estrada Arroyonu prezident kimi qəbul etmədi, ancaq Ali Məhkəmə onun hakimiyyətə gəlməsinin legitim olmasına qərar verdi. Beynəlxalq ictimaiyyət də onun Filippinin qanuni prezidenti olduğunu qəbul etdi. Ölkənin sükanı ikinci dəfə qadına tapşırılmış oldu!

Prezident qızı Prezident!

Birinci müddət (2001 -2004 )

Arroyonun prezidentliyinin ilk zamanlarında ölkə sanki iki yerə bölünmüşdü: bir tərəfdə onun tərəfdarları, o biri tərəfdə isə Arroyonun legitimliyini tanımayan keçmiş prezident Cozef Estradanın tərəfdarları. Filippin müxalifəti yalnız 2004-cü ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra onun legitimliyi ilə bağlı söz-söhbəti yığışdırdı. Buna qədər isə Filippin və Arroyo narahat günlər yaşadı. Onun qarşısında dayanan əsas məsələ hökumətdə islahatlar aparmaq və korrupsiyasının qarşısını almaq idi. Amma o, bu işi çox çətinliklərə sinə gərərək irəli aparmalı olurdu.

2001-ci ilin aprelində Estrada və oğlu, senator Cinqqoy ölkəni talan etmələrinə görə həbs edildilər. Ancaq Estrada tərəfdarları bunu qəbul etməyərək, küçələrə axışıb onun azadlığa buraxılmasını tələb etdilər. Bu, onun hakimiyyəti dövründə ilk güclü siyasi etiraz idi. Hakimiyyətinin ilk dövrlərində Mariya Qloriya Arroyo, Estrada tərəfdarları ilə mübarizə aparmalı oldu. Etirazçılar Prezident Sarayının qabağına toplaşaraq Arroyonu onların tələbinə cavab verməyə çağırdılar. Etirazçılar sakitləşmək bilmirdilər, ölkədə iğtişaşlar başlamışdı. Mariya Qloriya Arroyo bununla əlaqədar olaraq ölkədə qiyam olduğunu bildirdi. Bir çox etirazçılar və ona müxalifətdə olub, etirazçılar sırasına qoşulan bir neçə tanınmış siyasi lider də həbs edildi. Manilada keçirilən iki böyük aksiyadan sonra prezident ölkədə fövqəladə vəziyyət elan etdi. Etirazlar səngiyəndən sonra, Arroyo fövqəladə vəziyyəti ləğv etdi. Bununla da Arroyonu hakimiyyətdən uzaqlaşdırmaq məqsədi daşıyan hərəkat uğursuzluqla nəticələndi.

Oakvuud...

2003-cü il iyulun 27-də o başqa bir qiyamla üzləşdi. Bu dəfə 300-dən çox hərbçi tərəfindən Makati şəhərinin biznes mərkəzində yerləşən alış-veriş mərkəzi və mehmanxana qarət edilərək, ələ keçirildi. Bu qiyamı edənlərin önündə Dəniz Hərbi Qüvvələrinin baş leytenantı Antonio Trillanes və kapitan Qari Alixano da daxil olmaqla, hərbi qüvvələrin yüksək vəzifəli altı nümayəndəsi var idi. 22 saatdan sonra onlarla hakimiyyət qüvvələri arasında danışıqlar başladı və onlar Filippin hərbi qüvvələrində islahatların aparılmasını tələb etdilər. Bununla yanaşı, Dəniz Hərbi Qüvvələrinin baş leytenantı Antonio Trillanes və kapitan Qari Alixano qiyamı özlərinin planlaşdırdığını bəyan edərək, bu etirazda iştirak edən digərlərinin öz işlərinə qayıtmaları müqabilində məhkəmə qarşısında dayanmağa hazır olduqlarını bildirdilər. Böhran bitdikdən sonra hökumət bu tələbləri uzun müddət yerinə yetirmədi, çünki qiyamda sabiq prezident Estradanın əli olduğu ehtimal edilirdi. Qiyamın təşkilatçısı kimi sabiq prezidentin köməkçisi həbs edildi. Prezident Arroyo bu qiyamı araşdırmaq üçün Felisiana komissiyasını yaratdı. Komissiyanın rəyində qeyd olunurdu ki, Oakvuud qiyamı (Oakvuud qiyamı öz adını baş verdiyi otelin adından götürmüşdü) planlaşdırılmış bir hərəkat idi və məqsədi Arroyo hökumətini devirmək cəhdi idi.

2003-cü ilin avqustunda Arroyonun həyat yoldaşı Xose Migel prezidentə müxalifətdə olan (2004-cü il seçkilərində həmdə rəqib) senator Panfilo Lakson tərəfindən korrupsiyada ittiham olunmağa başladı. Senator bəyan etdi ki «Coze Pidal» adlı bank hesabı vasitəsilə prezidentin həyat yoldaşına müxtəlif qaynaqlardan pullar köçürülür. Bundan başqa, senator Panfilo Lakson, Xose Migeli xanım prezidentə xəyanətdə də ittiham etdi. O, bəyan etdi ki, Xose Migel Viktoria Toh adlı bir qadınla gizli münasibətdədir. Onun bu ittihamlarının heç biri sübuta yetmədi. Buna baxmayaraq, ittihamlar Arroyoya bir qadın olaraq ciddi təsir etdi, onu məyusluğa bürüdü. Hətta onun həyat yoldaşına qəzəbli olduğu barədə Filippinlilər arasında söhbətlər yayıldı. Bir neçə həftədən sonra mətbuat konfransında xanım Arroyonun həyat yoldaşı ona bir dəstə çiçək verərək, hər kəsə aralarında soyuqluq olmadığını göstərdi. Lakin bu söhbətlər onun populyarlığına öz mənfi təsirini göstərmiş oldu.

Turizm iqtisadiyyatının sıçrayışı

Hələ 2001-ci ildə prezidentliyi elan edildikdən dərhal sonra Arroyo yeni siyasətini xalqa bəyan etdi. Bu siyasət Turizm İqtisadiyyatı adlandırıldı. Bu siyasətlə hökumət daha uzun həftə sonlarını elan etdi. (Məsələn, iyunun 12-si Filippinin müstəqillik günü, əgər həftənin 3-cü gününə düşürsə o, həftənin 5-ci və ya 1-ci gününə keçirilir, bununla da həftə sonu artırılır.) Bu siyasətlə o yerli turizmin inkişafına təkan vermək istəyirdi. Onun bu addımını tənqid edənlərin də olmasına baxmayaraq, artıq 2002-ci ildə bu siyasət özünün müsbət nəticələrini verməyə başladı. Arroyonun bu siyasəti həyata keçirməkdə əsas məqsədləri

- Filippinlilərin öz ailələri ilə daha çox vaxt keçirməsi və
- Yerli turizmin Filippin iqtisadiyyatına təkan verməsi idi.

2004-cü il: Arroyo fikrini dəyişir...

1987-ci il Konstitusiyasının VII maddəsinə əsasən Filippin prezidenti ancaq bir dəfə seçilə bilər. Ancaq həmin maddə yenə də qeyd edir ki, əgər prezidentin davamçısı 4 ildən çox prezident olmamışsa, onda o, ikinci dəfə prezident seçilə bilər. Arroyo bu kateqoriyaya daxil olsa da, 2002-ci ilin dekabrında 2004-cü ildə ikinci dəfə prezidentliyə namizədliyini irəli sürməyəcəyini açıqladı; hakimiyyətdəki sonuncu aylarını insanlara xidmətə və iqtisadiyyatın inkişafına həsr edəcəyini dedi.

2003-cü ilin oktyabrında Arroyo fikrini dəyişdi və elan etdi ki, 2004-cü ilin mayında prezident seçkilərində iştirak edəcək. O izah edirdi ki, “bizim gələcəyimizə xidmət edən cəmiyyəti dəyişməyin vaxtı çatıb.” Bu qərarından sonra tənqidçilər onu sözünü tutmamaqda günahlandırırdılar. Lakin o, tərəfdarlarının da dəstəyi ilə fikrini dəyişmədi və namizədliyini irəli sürdü.

Onun əsas rəqibi ünlü aktyor və sabiq prezident Estradanın yaxın dostu Fernando Po oldu. Ancaq Po öz intellektual səviyyəsinə görə Arroyoya uduzurdu. Çünki o, heç orta məktəbi də tam bitirməmişdi. Onun digər rəqibləri, senator Raul Roko, senator Panfilo Lakson və Eduardo Villanueva idi. İlk günlər Arroyonun reytinqi Podan aşağı idi. Amma az sonra onun reytinqi önə keçdi. Çünki onu hakim partiya ilə yanaşı, Filippindəki ünlü Katolik Kilsəsi və ona çox sadiq olan, böyük və nüfuzlu Sebu və Pambanqa kimi şəhərlər dəstəkləyirdi. Eyni zamanda İraqdan Filippin hərbi qüvvələrinin geri çağırılması barədə qərarı da onun populyarlığının artmasına təsir etdi.

Bir Vətəndaşın dəyəri...

2004-cü ilin iyulun 20-də prezident Arroyo İraqa göndərilmiş kiçik saylı Filippin hərbi kontingentinin geri çağırılması barədə qərar qəbul etdi. Buna səbəb Angela De La Kruz adlı Filippin vətəndaşının İraqda koalisiya əleyhinə olan silahlı qruplar tərəfindən girov götürülməsi oldu. Prezident İraqdan hərbi qüvvələri qərarda göstərilən vaxtdan da öncə geri çağırdı. Çünki Filippin vətəndaşını girov götürən silahlı dəstə açıqlamışdı ki, rəsmi Manila öz kontingentini İraqdan nə qədər tez çıxararsa Angela De La Kruzu sağ qurtarmaq imkanına sahib ola bilər. Həmin vaxt prezident Arroyo “…Əgər söhbət Filippin vətəndaşının həyatından gedirsə, o zaman bizim üçün özünü dünyaya göstərməkdənsə, öz vətəndaşımızın həyatı daha vacibdir” - deyə öz fikrini bildirdi. Arroyo bu qərarı ilə bağlı tənqidlərə də məruz qaldı. Özəlliklə, ABŞ və İraqla bağlı koalisiyanın bir çox üzvləri tərəfindən… Məsələn, bu qərarı əsas tənqid edənlərdən biri, Avstraliyanın baş naziri Con Hovard deyirdi: “Sizin ölkənizə qarşı terrorçular tərəfindən olunan hadisə İraqda mübarizəni davam etdirməkdən sizi çəkindirməməlidir. Bu, sizin yerinə yetirməli olduğunuz beynəlxalq öhdəlikdir”. Arroyo bu açıqlamaya cavabında yenə öz vətənpərvər ampluasında idi (...və haqlı idi): “…ABŞ hökuməti və İraq müharibəsi Koalisiyası mənim vətəndaşlarımın həyatı üçün heç bir öhdəlik yerinə yetirməyiblər”.

Müstəqil sayıcıların, beynəlxalq müşahidəçilərin də proqnozlaşdırdığı kimi 2004-cü ilin 10 may seçkilərində Arroyo rəqibi Poya qalib gələrək ikinci dəfə 6 illiyə Prezident oldu! Müxalifət nümayəndələri seçkilərdə qanun pozuntularının olduğunu iddia edirdilər. Ancaq bütün bunlara baxmayaraq, 2004-cü il iyun ayının 23-də Konqres Arroyonu prezident, Noli de Kastronu isə vitse-prezident elan etdi.

İkinci müddət

2004-cü il iyunun 24-də, seçkidən təxminən 1 ay sonra Konqres onun seçkilərdəki qalibiyyətini təsdiq etdi. Bu onu Filippinin hakimiyyətdə ən uzun müddət qalan 4-cü prezidentinə çevirdi. İyunun 30-da Arroyonun andiçmə törəni keçirildi. Sebu adasında inaqurasiyasını keçirməklə o, ölkəsinin tarixində adada andiçmə törəni keçirən birinci prezident kimi düşdü. Bu, Arroyonun, seçkilər dövründə ona böyük dayaq durmuş Sebu sakinlərinə jesti (təşəkkürü) kimi qiymətləndirildi.

Seçki qalmaqalı: biri “qalma” deyir, biri “qal” deyir...

Milli Tədqiqatlar Bürosunun direktoru Samuel Onqun, 2004-cü ilin may seçkilərindən sonra - iyunun 10-da keçirdiyi mətbuat konfransında Arroyonun Seçki komissiyasından olan rəsmi şəxslə Poya qalib gəlmək üçün əlavə 1 milyon səs qazanmaq barədə gizli danışıqlarını ortaya çıxaran lent yazıları barədə açıqlamaları qalmaqala səbəb oldu. O, seçki komissiyasının rəsmisi ilə bu barədə danışdığını boynuna alsa da, seçkilərə heç bir təsir göstərmədiyini və ədalətli seçkilər nəticəsində hakimiyyətə gəldiyini dedi.

İyulun 8-də onun hökumətində olan 10 nəfər təyin edilmiş şəxs istefa verərək, prezidentdən də bu addımı atmasını istədilər. Həmin gün Liberal Partiyası və Arroyonun keçmiş müttəfiqi olan sabiq prezident Korason Aqino da onu istefaya çağıranlara dəstək verdi. Lakin Arroyo bütün ittihamları rədd etdi və istefa vermədi. Onu dəstəkləyənlər arasında olan sabiq prezident Fidel Ramos Arroyoya öz dəstəyini davam etdirdi və ona dərhal Konstitusiya dəyişikliklərini həyata keçirməyi məsləhət gördü. Bu dəyişiklik Filippinin unitar prezidentlik sistemindən federal parlamentli sistemə keçməsini nəzərdə tuturdu.
2005-ci ilin sentyabrında bir qrup millət vəkilinin və senatorun Arroyoya qarşı impiçment addımı da uğursuzluqla nəticələndi. Nümayəndələr Palatasının üzvləri 51 səsə qarşı 158 səslə Arroyonun impiçmentinə “yox” dedilər. Bununla da Arroyonun impiçment məsələsini nümayəndələr palatasından keçirib senata aparmaq istəyənlərin planı uğursuzluğa düçar oldu. Bunun səbəblərindən biri, bəzi müxalif qüvvələrin palatadakı üzvlərinin son anda fikrindən daşınaraq Arroyo əleyhdarlarına deyil, prezidentə dəstək vermələri oldu. Nümayəndələr palatasının prezidenti dəstəkləməsinə və ölkədə iqtisadi inkişafa baxmayaraq, müxalifət ona qarşı sərt tənqidlərini davam etdirirdi.

Fövqəladə vəziyyət

2006-cı il fevralın 24-də General Denni Limin başçılığı ilə hərbi çevriliş cəhdi oldu. General Lim və onun bəzi tərəfdarları həbs olundu. Arroyo ölkə boyu fövqəladə vəziyyət elan etdi. Arroyoya görə bu addım ölkədə hərbi üsyanı yatırmaq, qeyri-qanuni zorakılığı dayandırmaq, sülh və stabilliyi qorumaq məqsədi ilə atılmışdı. Fövqəladə vəziyyət 1 həftə davam etdi. Polis və hərbi qoşunlar nümayişləri yatırdı. General Lim və başqa bəzi tanınmış dövlət xadimləri həbs olundu.

2007-ci ildə prezident Qloriya Arroyo, korrupsiyaya görə ömürlük həbsə məhkum edilmiş sabiq prezident Cozef Estradanı əfv etdi. 70 yaşdan yuxarı bütün məhkumların amnistiyası çərçivəsində azadlığa buraxılan sabiq prezident bunun əvəzində ölkədə keçiriləcək heç bir seçkilərdə iştirak etməyəcəyi ilə bağlı öhdəlik götürdü.

İqtisadi baxışları, iqtisadi nəticələri

Arroyo ölkəsinin iqtisadi inkişafını öz prezidentliyinin prioriteti elan etmişdi. Onun prezidentliyi dövründə İqtisadi inkişafın ümumi daxili məhsulda payı 2001-ci ildən 2005-ci illər arasında ortalama 4,6% olub. Bu keçmiş prezidentlər Aqinonun (3,8%), Ramosun (3,7%) və Estradanın (2,8%) dövründəki göstəricilərlə müqayisədə çoxdur. Arroyonun prezidentliyi dövründə ölkədəki inflyasiya da Markosdan sonrakı prezidentlər dövründə müşahidə olunan ən aşağı inflyasiyadır (5,3%).

Xanım Prezident iqtisadiyyatla yanaşı təhsil islahatlarının, ölkədə təhsilin inkişafının da prioritetlərinə daxil olduğunu elan edib. O, Türkiyəyə rəsmi səfəri zamanı Türk iş adamlarını Filippinə yatırımlar qoymağa çağırmaqla yanaşı, ölkəsində Türk məktəblərinin artırılmasını da xahiş etdi. O, bu məktəblərin Filippinin təhsilinə müsbət təsiri ilə yanaşı mədəniyyətlər və sivilizasiyalararası dialoqun genişlənməsinə də öz töhfəsini verəcəyini vurğuladı.

Şəfqətli Arroyo

2009-cu ildə “Ketsana” tropik qasırğası zamanı güclü selbasma zamanı Qloriya Arroyo bəyan etdi ki, prezidentin sarayı qan itirmiş insanları qəbul etməyə hazırdır. Prezident minlərlə insanın ev-eşiyini itirdiyi bu fəlakət zamanı, zərər çəkənlərə gərəkən yardımın ediləcəyini vəd etdi və vədinə də əməl etdi.

Rəsmi Manilanın Mindanao problemi

Qloriya Arroyo İslam Konfransı Təşkilatının baş katibi İkmələddin İhsanoğlu ilə görüşündə, rəsmi Manilanın müsəlman dünyasında böyük nüfuzu olan bu təşkilatda müşahidəçilik statusu əldə etmək istəyini açıqladı. (Filippin bu təşkilatda müşahidəçilik statusu üçün 2004-dən müraciət etsə də hələlik müsbət nəticə yoxdur.) Rəsmi Manila üçün bu istiqamətdə əsas problem Mindanao əyalətində yaşayan müsəlman moro əhalisi ilə barışıq əldə edilməsidir. Qeyd edək ki, artıq uzun illərdir, Filippin hökuməti ilə bu əyalətdəki müsəlman icması arasında gərginlik var və təşkilatın vasitəçiliyi ilə tərəflər arasında danışıqlar davam edir.

***

Ümumiyyətlə, Filippin Prezidentinin xarici siyasət sahəsində çoxvektorlu (balanslaşdırılmış) siyasət izlədiyi görünməkdədir. Bu, bir yandan, etnik yapısı zəngin olan Filippinin daxili siyasətinin tamamlayıcı faktoru kimi; digər yandan Filippində marağı olan dövlətlərin, beynəlxalq qurumların maraq dairələrinin kəsişməsinin mümkün olduqca ən ziyansız variantının seçilməsi faktoru kimi özünü göstərir. Digər yandan xanım Prezidentin gənclik illərindən Qərblə, özəlliklə ABŞ-la təmasları; Qərb mədəniyyəti, Qərb dəyərləri ilə ölkəsinin mədəni dəyərlərinin uzlaşdırılması cəhdləri diqqəti cəlb edir.

2009-cu il iyulun 3-də elan olundu ki, Arroyo süd vəzilərində aşkar olunmuş şişlə əlaqədar biopsiya testindən keçmişdir. Onun mətbuat katibi Kerq Remond biopsiyanın nəticələrinin mənfi olduğunu açıqladı. Katib “Manila Bülleteni”ndə Arroyonun buna görə əməliyyat olunduğu barədə məlumatları təkzib etdi.

Beləliklə, Mariya Qloriya Arroyo haqqında bir oçerkdə, bir “tanıtım yazı”sında daha nələri demək olar? Onun daha hansı yönləri ələ alına bilər? İlk növbədə, onu deyək ki, xanım Arroyo adı, məhz insani özəllikləri, yaraşıqlı xanım kimliyi ilə; bir çoxlarının gözlədiyinin əksinə yalnız yumşaq davranışları ilə deyil, əsasən sərt qərarları ilə yaddaşlara hopacaq. Onun bir çox qərarlarını (sırf) bir qadının qərarları kimi təhlil etmək bəlkə də düzgün olmazdı. Unutmaq olmaz ki, o dövlət başçısı səlahiyyətlərini (kimliyini) daşıyır, Məsuliyyət sahibidir! Onun hər sözü, hər hərəkəti rezonans doğurur (yaxud doğura bilər). Önəmli dövlət vəzifələri daşıyana qədərki (özəlliklə, prezident olana qədərki) Arroyonun həyat ritmi, işlərinin ahəngi (eləcə də olaylara baxış bucağı) indikindən heç şübhəsiz ki, fərqlənirdi. Onu necə var, eləcə də qəbul etmək, dəyərləndirərkən də bütün gerçəklikləri göz önündə tutaraq dəyərləndirmək lazımdır! Bu gerçəkliklərin içində bütün yuxarıda vurğuladığımız məqamlarla yanaşı onun hiss və həyəcanları, Filippin üçün döyünən qəlbi də var!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar