Sevgilisiylə Qafqaza qaçan marşal qızının sülhə qurban gedən həyatı - HEKAYƏT
O, Nobel Sülh Ödülünü alan ilk qadın kimi adını tarixə yazdı.
O, Mariya Küridən sonra Nobel ödülünə layiq görülən ikinci qadın oldu!
Onun Nobel ödülü ilə təltif olunmasının 100 illik yubileyi 2006-cı ildə YUNESKO-nun himayəsi altında dünya miqyasında qeyd edildi.
O, qadınların demək olar ki, ictimai həyatdan kənarda saxlanıldığı dövrlərdə «Silahları buraxın!» romanı ilə dünyanı düşünməyə dəvət edir, sülh uğrunda yorulmadan mübarizə aparırdı. Dünyada bu gün də ən məşhur mükafat olan Nobel mükafatının təsis olunması üçün Alfred Nobeli ruhlandıran da məhz o idi! O, «Dövlətlər arasında münasibətlərdə nə üstünlük təşkil etməlidir: kobud gücmü, yoxsa qanunmu sualı hadisələrlə zəngin olan dövrümüzdə ən ümdə məsələ kimi qalmaqdadır» - deyəndə 1905-ci il idi və onun üzərində düşünməyə çağırdığı bu məsələ dünya üçün bu gün də öz aktuallığını qoruyub saxlayır. O, Avropa ölkələrini müharibəyə qarşı yeganə alternativ kimi birləşməyə çağıranda, yəni Avropa Birliyi ideyasını ortaya atanda, yer üzündə sülhün qorunub saxlanılması üçün beynəlxalq münsiflər, beynəlxalq arbitraj məhkəmələrinin yaradılmasının vacibliyini hər yanda bəyan edəndə hələ 20-ci əsrin əvvəlləri idi, Avropa və dünyanı sarsıdacaq 1-ci və 2-ci dünya müharibələri olmamışdı. Milyonlarla günahsız insan müharibələrin qurbanı olmamışdı. Məhz bu müharibələrdən sonra dünya onun fikir və ideyalarının həyata keçməsinin nə qədər böyük əhəmiyyət daşıdığına əmin oldu! O, çox ittihamlarla, əziyyətlərlə üzləşsə də geri çəkilmədi, sülh uğrunda, qadın haqları uğrunda ömrünün sonuna qədər mübarizə apardı, dünyaya səs salan əsərlər yazdı, qadınların haqları uğrunda mübarizə apardı və sülhü qorumaq uğrunda fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülən ilk qadın oldu! Bir cığır açdı…
Bu qadın, ölümündən təxminən 100 il keçməsinə baxmayaraq, bu gün də böyük sayğı ilə yad edilən, adını TARİXə - sənət tarixinə, beynəlxalq sülh hərəkatına və də qadınlıq tarixinə qızıl hərflərlə yazmış Berta fon Zuttnerdir!
Aristokrat ailənin sevinci
Qızlıq ad-soyadı Berta Sofiya Kinski olan Avstriya yazıçısı və uluslararası pasifist (sülh müdafiəçisi) hərəkatı xadimi, Nobel Sülh ödülü almış ilk qadın Berta fon Zuttner (Berta Sophie Felicitas Freifrau fon Zuttner) 9 iyun 1843-cü ildə, o zamanlar Avstriya-Macarıstan imperiyasına daxil olan Praqada dünyaya gəlib. Atası Avstriya feldmarşalı qraf Frans Yozef Kinski fon Şinik und Tettaun, anası süvari zabitinin qızı Sofiya Vilhelmdir. Atası onun dünyaya gəlişindən öncə vəfat etdiyindən, Bertanın tərbiyəsi ilə anası məşğul olub.
Ailə mənşəyi baxımından o, aristokrat təbəqədən sayılırdı. Bu səbəbdən Bertanın uşaqlıq və yeniyetməliyi, aid olduğu sosial təbəqənin (və aid olduğu zamanın!) gerçəkliklərinə uyğun keçib, desək, yanılmarıq: müəyyən qədər deformasiya olunmuş ənənələrə bağlı, bütün mümkün çətinliklərə rəğmən təhsilli və bütün hallarda öz gələcəyinə ümidli (daha doğrusu, öz idealları uğrunda prinsipial)...
Anası vaxtının və pulunun əksər hissəsini kurortlara sərf edirdi. Buna görə də Bertanın uşaqlığı Paris, Venesiya, Badenbaden və Avropanın digər şəhərlərində keçirdi. Bu səbəbdən də o, gənc yaşlarında ingilis, fransız və italyan dillərində mükəmməl danışa bilirdi; eləcə də həmin şəhərlərdə bir çox ünlü insanlarla tanış olmuşdu. Sanki inersiya ilə özü öz gələcəyinin quruculuğu ilə uğraşan Bertanın 30 yaşı olanda anası artıq ailənin var-dövlətini son qəpiyinədək dağıtmışdı...
Kasıblıq və böyük məhəbbət
Peşəkar müğənni olmaq cəhdi uğursuz nəticələnəndən sonra, Berta Vyanada Zuttner ailəsində dörd qıza mürəbbiyəlik etmək üçün işə düzəldi.
Amma çox tezliklə, elə bu ailənin üç oğlundan birinə - Artur Qundakkar fon Zuttnerə vuruldu. Lakin maliyyə durumu o qədər də yaxşı olmayan Zuttnerlər Arturu varlı ailədən olan bir qızla evləndirmək ümidində idilər. Buna görə də, Zuttner ailəsinin müqaviməti ilə üzləşən, daha dəqiq desək, sevgilisinin ana və atası tərəfindən evdən qovulan Berta, 1876-cı ildə Parisə köçməli oldu... O, burada, qəzetdə elan verərək katibəlik və ev xanımlığı (təsərrüfat müdiri) funksiyasını həyata keçirəcək bir qadın aradığını bildirən İsveçli zəngin, bununla bərabər həm də maraqlı bir adamla münasibət yaratdı. Bu adam Alfred Nobeldən başqası deyildi... “Nobel Alfred: İsveçli kimyagər, dinamit və partlayıcı jelatini kəşf etdi və Nobel Vəqfini (Nobel mükafatını) təsis etdi”. Berta fon Kinskinin yanında çalışacağı bu maraqlı adam daha sonralar ensiklopediyalarda belə anılacaqdı...
İş yeri tapmağına baxmayaraq, Berta Parisdə çox ümidsiz durumda idi. Həyatında bir dönəm uzaqdan da olsa eşq hüznü çəkən hər kəs, Bertanın Parisdə nə üçün ümidsiz olduğunu anlamamış deyil, təbii. Berta Parisdə, qəzet elanı vasitəsi ilə əldə etdiyi yeni iş yerində cəmi səkkiz gün dayana bildi. Sonra… Çox sonralar özü belə nəql edəcəkdi: “...Çox dəyərli brilyant bir “xaç”ım vardı. Onu satıb pula çevirməyə getdim. Aldığım pulla otel xərcini ödədim və növbəti Vyana ekspressinə bilet aldım. Bir qədər də nağd pulum qalmışdı. Qəribə və dözülməz bir təzyiq altında, yuxulu kimi hərəkət edirdim. Atdığım addımın adının dəlilik olduğunun fərqindəydim, bəlkə də bir xoşbəxtlikdən qaçıb, əsil ümidsizliyin qollarına atırdım özümü. Bütün bunlar şüurumda şimşək kimi çaxırdı, fəqət başqa cür davrana bilmirdim...”
Bertanın o anlarda hansı məntiqlə hərəkət etdiyi gerçəkdən təsirlidir. Bir məktub yazıb qoyaraq tərk etdiyi Alfred Nobel də onun barəsində eyni şeyi hiss etmişdi yəqin. Çünki Alfred Nobel, onun Parisdən anidən qaçışına başqa cür təpki göstərmək imkanına sahib olmasına baxmayaraq, Bertanın bütün həyatı boyu ən yaxşı dostlarından biri olaraq qaldı.
Berta Vyanaya dönüb, Artur fon Zuttner ilə gizlicə görüşdü. Hətta gizlicə evlənərək, uzaqlara – Qafqaza qaçdılar. Gürcü knyazı Dadianinin dəvətindən istifadə edərək “səfər” adı ilə çıxdıqları Qafqaz yolçuluğu – “könüllü Qafqaz sürgünü” doqquz il sürdü. Berta fon Zuttner, həmin zamanlara təsadüf edən 1877-78-ci illər Osmanlı-Rus Savaşını da yaşamış oldu. (Onu da deyək ki, sevgililər buradakı dolanışıqlarını daha çox yazarlıqla təmin edirdilər. Belə ki, Artur fon Zuttner Vyananın dövri dərgilərinə türk-rus savaşından reportajlar yazırdı. Ərinin məqalələrinin aləmə ün salması Bertanı da qələmə sarılmağa sövq etmişdi. O, hekayələr, esselər, məqalələr yazırdı. Yazılarının böyük bir bölümünü isə B.Oulot psevdonimi ilə imzalayırdı. Onlar Arturla birlikdə (həmmüəllif olaraq) Emil Zolyanın ideyalarının təsiri altında dörd roman yazdılar: “Bir ruhun siyahısı” / “İnventarium einer Seele” (1883), “Ein Manuskript” (Leypsiq, 1885); “Kübar həyatı” / “High Life”(1886), “Daniela Dormes” / “Daniela Dormes” (1886)...)
Həmin illərdə hələ gəncliyində aşılandığı ideya və amalların təsiri altında olan Berta üçün, savaş, özəlliklə tarixi önəmi olan ibtidai (başqa sözlə, qədim) bir hadisəydi – "Savaşın ortasında yaşamaq da insana bu önəmi anladır" – o, belə düşünürdü.
...Qafqazda (Tiflisdə) Bertanın dostları var idi. O, dil və musiqi üzrə özəl dərslər deyir, habelə özü çağdaş Avropa mədəniyyəti və siyasəti ilə maraqlanırdı.
Qafqazda keçirdiyi illər Bertanı belə bir qənaətə gətirdi ki, sağlam düşüncə və təhsil olmadan bəşəriyyətin inkişafı mümkün deyil! Xanım Zuttner sonrakı illər boyu həmişə bu qənaətin həyata keçirilməsi yolunda əməli fəaliyyətdə oldu.
“Üfüqdə yenə savaşmı var?”
Zuttner ailəsi Vyanaya qayıtdıqdan sonra (1885) Berta öz siyasi və ictimai baxışlarını bədii əsərlərində əks etdirməkdə davam edirdi. Beləliklə, onun qələmindən “Pis adam” / “Ein schlechter Mensch” (1885), “Fırtınadan qabaq” / “Vordem Gewitter” (1894) kimi ünlü əsərlər çıxdı.
1885-ci ilin may ayında cütlük Avstriyaya döndü. Artıq, fon Zuttner ailəsi “qaçaqlar”la barışmış sayılırdı. Artur və Berta əsasən Güney Avstriyada Harmannsdorf mülkündə yaşamaqda və hər ikisi yazarlıq işinə davam etməkdəydi.
1886-87-cı illərin qışını Parisdə keçirdilər. Berta, Alfred Nobeli ziyarət etdi; Nobelin çevrəsində dövrün maraqlı insanları ilə - ədəbiyyatçılar, hüquqçular və siyasətçilərlə tanış olub, gecələr boyu fikir mübadilələri, müzakirələr apardı. Müzakirə mövzularının başında isə “Üfüqdə yenə savaşmı var?” sualı gəlməkdəydi...
O aylarda Almaniya və Fransa arasındakı siyasi münasibətlər çox gərgin idi. Bu danışıqların tam ortasında Berta fon Zuttner, öz sözləri ilə ifadə etsək, onu “elektrik cərəyanı kimi vuran” bir xəbər aldı: Bir tanışı ona 1880-ci ildən bəri Londonda “Beynəlxalq Uzlaşma və Sülh Birliyi” adlı bir qurumun, yəni sülh hərəkatının fəaliyyət göstərdiyini söyləyirdi. Berta, sanki bu xəbəri illərdi gözləyirmiş kimi, vaxt itirmədən həmin birlik haqqında əlavə bilgilər toplayıb, müvafiq sənədlər əldə etdi.
1870-71-ci illərdə baş vermiş Fransa-Prussiya müharibəsi zamanı Fransanın məğlubiyyətinə görə revanş arzulayan parislilərin militarist əhval-ruhiyyəsinə olduqca təəccüblənən xanım Zuttner (və onun həyat yoldaşı), həmçinin Beynəlxalq Arbitrajın fəaliyyəti, habelə kontinental Avropa ölkələrində mövcud olan analoji təşkilatların işi ilə yaxından tanış olurdu. Zuttnerlər dövlətlərarası münaqişələrin sülh yolu ilə həlli üçün yaradılmış Beynəlxalq məhkəməyə ictimai dəstəyi səfərbər etmək məqsədilə Londonda təsis olunmuş Arbitrajın çalışmalarına böyük maraq göstərirdilər.
Berta Zuttner sonralar, “Bu məlumatlar məni olduqca riqqətə gətirdi” deyə xatırlayırdı. O, yeni ideyaların səsinə səs verməyi qərara alaraq Avropa ölkələrində milliyyətçiliyi və militarizmi tənqid atəşinə tutan “Maşınlar əsri” / “Das Maschinenzeitalter” (1889) əsərini yazdı. Əsər işıq üzü görər-görməz, beynəlxalq ictimaiyyətdə və ədəbiyyat tənqidçiləri arasında geniş müzakirələrə səbəb oldu.
Sehirlənmişdi Berta… O, sülhpərvər düşüncələrini yaymağa davam etmək istəyirdi. O, “Silahları buraxın!” / “Die Waffen nieder” adlı kitabını yazır. Əsər adı ilə də, məzmunu ilə də bəlkə xahiş yox, daha çox çağırışı, ərkyana zabitəli xanım yazarın “Əmr”ini ifadə edir, təhlükələrin miqyasını göstərirdi...
Artıq yuxarıda vurğuladığımız kimi, Emil Zolyanın təsirində, real ictimai təbəqələrin (və təbəqələşmə prosesinin!) təsvirini verə bilmək üçün ilkin araşdırmalarını tam olaraq həyata keçirdikdən sonra belə, Bertanın yazdıqları, kiməsə görə bəlkə də böyük sənət və sənətkarlıq baxımından bir “şah əsər” deyildi, fəqət yayınlandıqdan sonra qorxunc bir gurultu qoparan yönləndirmə romanı olub, sənət sərhədlərini təhdid etməyən (ülvi arzulara, sülh çağırışına köklənmiş) ideoloji-siyasi yükə malik əsərdi!
“Ən uca şərəf və namusun qaynağı...”
Xanım Zuttner sonralar, gənclik illərini xatırlayaraq, deyirdi ki, o vaxtlar “savaşların bütünlüklə ortadan qalxması mümkünlüyünü düşünmək belə xəyaldır” fikrindəymiş. O, deyirdi: “Ağacları yarpaqsız, dənizi dalğasız təsəvvür etmək kimi bir şey olardı bu. Savaş, insanlıq tarixinin gerçəkləşmə biçimidir: İmperatorluqların qurulması, ixtilafların çözülməsi, həmişə savaşla təmin edilir”. Gənc Berta fon Kinskinin belə düşünməsi təəccüblü deyildi. İllər sonra, 1889-cu ildə, artıq yuxarıda adından söz etdiyimiz “Silahları buraxın” romanında vaxtı ilə özünün və çağdaşlarının nə üçün belə bir inanc bəsləmək zorunda qaldıqlarını və bunun nə qədər yanlış olduğunu anladacaqdı Berta Zuttnet hər kəsə!
Dahi Tolstoyun diqqəti
...Berta Zuttnerin “Silahları buraxın” (1889) romanında – XIX əsrin 60-cı illərində baş vermiş Avropa müharibələri nəticəsində həyatı məhv olmuş gənc qadından bəhs edən bu ünlü əsərində yalnız pasifist düşüncələr deyil, eyni zamanda “yadda qalan döyüş səhnələri” də yer alır. Tənqidçi İrvin Abrams 1962-ci ildə “Journal of Central European Affairs” jurnalında yazırdı ki, Berta Zuttnerin romanındakı döyüş səhnələri sonrakı illərdə yazılmış analoji epizodlardan heç də geri qalmır.
(Bir də qayıtmamaq üzərə qeyd edək ki, Bertanın həyat yoldaşı baron Artur Qundakkar fon Zuttnerin (1850-1902) də bir sıra roman və novellaları məşhurdur. Onlara örnək olaraq, “Daredcan” (Münhen, 1884); “Der Battono” (Ştuttqart, 1886); “Anderl” (Drezden, 1889); “Die Adcàren” (Ştuttqart, 1889) göstərmək olar.)
Dediyimiz kimi, Berta Zuttner “Silahları buraxın” romanı ilə sülh uğrunda ardıcıl mübariz kimi tanınmağa başladı. Avstriya hökumətində bu kitabdan sitat gətirilir, kitabdan parçalar qəzetlərdə dönə-dönə dərc olunur və bir çox dillərə tərcümə edilirdi.
Hətta böyuk rus yazıçısı Lev Tolstoy “Silahları buraxın” romanını yüksək qiymətləndirmişdi. Sülh tərəfdarları olanlar üçün bu roman siyasi güzəştsizlik simvoluna çevrildi. Lev Tolstoy onun təsirini Harriet Biçer-Stounun ünlü “Tom əminin koması” əsərinin göstərdiyi təsirlə müqayisə edirdi. Tolstoy, Bertaya yazdığı bir məktubda, “Tanrı əsərinizin işığında savaşın ortadan qalxdığını göstərsin bizə!” deyirdi.
Alfred Nobel isə ona yazdığı bir məktubda, "Heyranlıq oyandıran şah əsərinizi oxudum. Mükəmməl əsərinizin tərcümə edilməyəcəyi, oxuna bilməyəcəyi və müzakirə edilməyəcəyi bir dil kəsinliklə yoxdur”. Şişirdilmiş deyildi bu, çünki 1905-ci ildə Berta fon Zuttner Nobel Sülh Mükafatını alarkən, kitabı 37-ci dəfə nəşr edilmişdi və Avropa dillərinin tam əksər hissəsinə çevrilmişdi...
Avstriyalı yazar Peter Rosegger bu romanı “Cığır açan bir əsər” olaraq dəyərləndirir. Təbii, “Barışçı Berta” və onun düşüncələrinə qarşı olanlar da vardı. Lakin Berta geri çəkilmək fikrində deyildi. O, sülh üçün qərarlı bir şəkildə varlığı ilə meydana atılmaqda davam edirdi: “Bu kitabım sayəsində əldə etdiyim təcrübələr, qazandığım çevrələr məni bu hərəkatın içinə daha artıq dərəcədə itələdi. Belə ki, başlanğıcda istədiyim kimi sadəcə qələmimlə deyil, bütün mənliyimlə özümü bu işə həsr etmək zorunda qaldım…”
Romanın məşhurluğu yazıçıya Avropanın sülh uğrunda mübarizə aparan qrupları ilə yaxın və ciddi əməkdaşlıq qurmaq imkanı verdi. 1891-ci ildə Berta Zuttner ömründə ilk dəfə Romada «Parlamentlərarası Birlik» tərəfindən təşkil olunmuş sülhsevər qüvvələrin qurultayında iştirak etdi. Elə həmin il o, Avstriyada ilk pasifist təşkilat olan “Avstriyanın Sülh Cəmiyyəti”ni təsis etdi.
Bəşəriyyətin inkişafının mümkün formulu
1892-ci ildə Berta Zuttner Avropanın bir çox ölkələrində yaradılan pasifist qruplarının fəaliyyətini əlaqələndirmək missiyası daşıyan təşkilatın – “Bern Sülh Bürosu”nun təsisçilərindən oldu (O, eyni zamanda 20 il bu Büronun vitse-prezidenti səlahiyyətlərini icra etdi).
XIX əsrin 90-cı illəri militarizmin kəskin artdığı dövr idi. Berta Zuttner sülhsevər qüvvələrin çoxsaylı konfranslarının işində iştirak edirdi. O, çox vaxt bu tədbirlərin yeganə qadın nümayəndəsi olurdu!
1899-cu ildə Haaqada, 26 ölkədən gəlmiş məşhur insanların iştirakı ilə keçirilən sülhsevər qüvvələrin konfransını da məhz o açmışdı. Bu illər ərzində Berta Zuttner yaradıcılıqdan da qalmır, müxtəlif məqalələr yazır, pasifist jurnalı redaktə edir, mühazirələr oxuyur, o dövrün tarixinə dair tənqidlər yazırdı. (Bu tənqidləri ölümündən sonra (1917-ci ildə), iki cilddə toplanaraq “Dünya müharibəsinin qarşısını almaq üçün aparılan müharibə” başlığı ilə yayınlandı.)
1891-ci ildə başlayan tənqidlər dəniz donanmasının qurulması problemləri, müxtəlif müharibələr, Balkandakı qarışıqlıqlar, qadınların səsvermə hüququ kimi mövzulara həsr olunmuşdu. Beləcə, xanım Zuttner Avropadakı hər bir münaqişəni izləyir və bu qitəni ancaq uzlaşmanın qurtara biləcəyini vurğulayırdı. Avstriyalı olaraq təbii ki, monarxiyanın iç siyasəti ilə də maraqlanmamış deyildi...
Qadınların, demək olar ki, ictimai həyatda iştirak etmədikləri dövrlərdə, Berta Zuttner sülh uğrunda çalışqan mübariz kimi beynəlxalq ictimaiyyətin rəğbətini və Alfred Nobelin hörmətini qazanmışdı. O, tez-tez yazışdığı Alfred Nobelə pasifist təşkilatların işi barədə bilgilər verir və onu sülhməramlı çalışmalara maddi dəstək göstərməyə çağırırdı.
1893-cü ildə Nobel öz planları barədə Berta Zuttnerə yazır və “var-dövlətinin bir hissəsini ödül kimi Avropada sülhün bərqərar olmasına kömək edəcək şəxslərə verəcəyini” bildirirdi. Berta Zuttner ona, “Mütləq bunu edin, Sizdən rica edirəm” deyə özünəməxsus üslubla cavab yazırdı.
1902-ci ildə, ərinin ölümündən sonra da Berta Zuttner pasifist çalışmalarını müntəzəm davam etdirirdi. O, ABŞ və Almaniyaya səfərlər edərək, mühazirələr oxudu (1904-05), ABŞ-ın prezidenti Teodor Ruzveltlə görüşərək İngilis-Alman dostluğu Komitəsinin yaradılmasına nail oldu.
İsveçli böyük sənayeçi Alfred Nobel 1896-cı ildə vəfat edərkən bəlli oldu ki, o, sərvətinin bir qismini Nobel Sülh Mükafatına vəsiyyət edib. Berta fon Zuttner 10 dekabr 1905-ci ildə bu ödülə layiq görülən ilk qadın (həmçinin Mariya Küridən sonra Nobel ödülünə layiq görülmüş ikinci qadın) oldu... Xanım Zuttner artıq 62 yaşındaydı və bütün hücumlara, xəyal qırıqlıqlarına baxmayaraq, sülh uğrunda yorulmaq bilmədən çalışırdı... Ödül ona 18 aprel 1906-cı ildə, indiki Oslo şəhərində təqdim edildi.
1905-ci ildə Berta Zuttner Nobel ödülünü alan zaman Frederik Passi ilə birgə Avropa ölkələrinin Sülh tərəfdarları Hərəkatına rəhbərlik edirdi.
O, Nobel ödülünün təqdimatındakı çıxışında, istənilən savaşın törətdiyi vəhşiliklərdən, mənəvi deqradasiyanın qaçılmazlığından, eləcə də yer üzündə sülhün qorunub saxlanılması üçün beynəlxalq münsiflər və beynəlxalq arbitraj məhkəməsinin yaradılması zəruriliyindən danışırdı. “Dövlətlər arasındakı münasibətlərdə nəyin üstünlük təşkil etməli olması – “kobud gücünmü, yoxsa qanununmu” – sualı, bizim hadisələrlə zəngin olan dövrümüzdə də ən ümdə məsələ kimi qalmaqdadır. Bu problemin həlli, bizim Avropanı necə görmək istəməyimizdən asılıdır: xarabalıqlar, dağıntılar şəklindəmi, yoxsa qarşıdurmalardan uzaq, dinc və çiçəklənən vəziyyətdəmi”, - deyə Berta Zuttner müdrikcəsinə söyləyirdi.
Nobel ödülü aldıqdan sonra Berta Zuttnerin həm yazıçı, həm də natiq kimi şöhrəti daha da artdı. Ardınca o, çoxlu sayda məqalə dərc etdirdi, dünyanın və qadın hərəkatının problemləri haqqında “Bəşəriyyətin məramı” / “Der Menschheit Hochgedanken” (1911) adlı roman yazdı.
Öz mühazirələrində Berta Zuttner Çinin hərbiləşməsi təhlükəsi haqqında xəbərdarlıq edir, qəti şəkildə hərbi təyyarələrin istehsalına qarşı çıxır, Avropa ölkələrini, yeganə alternativ kimi, savaşa qarşı birləşməyə çağırırdı.
O, Avstriyalı Fəhlə Qadınlar Hərəkatının 1911-ci ildəki bir mitinqi zamanı belə deyir: “Fəhlə qadınlar Vyanada qadınların səsvermə hüququ qazanması üçün böyük bir nümayiş keçirdilər. Minlərlə insan böyük bir nizam və səssizlik içində küçələrdən keçdilər. Gartenbau salonunda çıxış etdilər. Bu arada Adelheid Popp bunları da söylədi: “Eyni zamanda cinayətlərə, qardaşın qardaşı vurduğu savaşlar üçün milyonların xərclənməsinə qarşı da mübarizə aparmaq istəyirik. Ölümcül silahlanmanın sona yetməsini və bu milyonların xalqın ehtiyacları üçün xərclənməsini istəyirik!” Bu nədir? Qadınsayağı siyasətmi? Xeyr! İnsanpərvər siyasət!”
O günə qədər əleyhdarlarının sürəkli gözdən salmağa çalışdıqları və “Duyğusal, sərsəm sülh həvarisi” dedikləri Berta fon Zuttner artıq tənqidlər yazan bir qəzetçidir. Uzun illər dostu və Alman Sülh Dərnəyinin başqanı olan Alfred Hermann Fried belə ümumiləşdirir: “Bu hərəkat elmə, roman yazarımız da çağın bir tənqidçisinə çevrildi.”
1912-ci ildə o, ikinci dəfə ABŞ-a gedərək silsilə mühazirələrlə çıxış etdi. Onun 1913-cü ilin avqustunda sülhsevər qüvvələrin Haaqa Uluslararası Qurultayının nümayəndələri qarşısında etdiyi çıxış böyük maraqla qarşılandı.
Mərd, fədakar, sədaqətli qadın...
Həyatının son illərində Berta fon Zuttner çoxlu xoş və... faciəli hadisələrlə üzləşdi. Almaniyanın millətçi mətbuatı onu “pasifizmin deyingəni”, Avstriyanın militarist dairələri isə “xain, xəyanətkar, satqın” adlandırırdılar. İrvin Abrams yazırdı: “Heç bir tərəfdarının eşitmədiyi ağlagəlməz ittihamlar yağışı altında baronessa hamıya mərdlik nümunəsi, öz işinə sədaqətlilik və fədakarlıq rəmzi oldu”.
1913-cü ildə Haaqada keçirilən Beynəlxalq Sülh Konqresində ona qeyri-rəsmi olaraq, pasifist hərəkatın “generalissimus”u adı verildi.
O, Berndə Uluslararası Sülh Bürosunun fəxri prezidenti kimi yüksək ada layiq görülmüş, ABŞ-ın Karnegi Sülh Fondunun Məşvərət Şurasının üzvü seçilmişdi.
Bəşəriyyətin daim sülh içində yaşamasını arzulayan və bu yolda fədakarlıqla mübarizə aparan Berta Zuttner ağır xəstəliyə mübtəla oldu. O, əziyyət çəkdiyi xərçəng xəstəliyindən qurtulmaq şansı kimi həkimlərin məsləhət gördüyü cərrahi əməliyyat təklifindən imtina etdi. I Dünya müharibəsinin başlanmasına cəmi 7 gün qalmış – 1914-cü il iyun ayının 21-də Vyanada vəfat etdi. Son sözləri (həmin vaxt yanında olan Alfred Hermann Friedə görə) belə olub: "Silahları buraxın! Bunu hər kəsə söyləyin... hər kəsə..."
...Yeddi gün sonra Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinand qadını ilə birlikdə Sarayevoda öldürüldü və bu, I Dünya müharibəsinin başlanmasına bəhanə rolu oynadı...
Bəlkə də bu taleyin yazısıdır ki, ömrünü sülh uğrunda mübarizələrə bağlayan Berta Zuttner dünya tarixinə ağır nəticələrlə həkk edilən bu dəhşətli müharibəni görmədən vəfat etdi.
Dünyanın bir çox yerlərində Berta fon Zuttnerin adını daşıyan ödüllər təsis olunub, poçt markaları və pul əsginasları üzərində onun şəkli əks edilib, adına küçələr verilib.
İllər keçsə də tərəqqipərvər dünya ictimaiyyəti, sülh, mədəniyyət və ümumən insanlıq adına böyük xidmətlər sahibi olan Berta fon Zuttneri unutmur. Onun xatirəsi həmişə yüksək tutulur, haqqında kitablar yazılır. Onun dünyanın gələcəyi ilə bağlı düşüncələri isə bu gün də öz aktuallığını qoruyub saxlayır. Onun fikirləri dünya var olduqca da öz aktuallığını qoruyub saxlayacaq, əsərləri və əməlləri ilə bir TARİX yazmış və bununla da adına TARİXə əbədi yazmış bu böyük QADINI dünya var olduqca daim hörmətlə yad edəcək və xatırlayacaq…

922