“Həmas” – azadlıq ordusu, yoxsa terror təşkilatı?
15 dekabr 2010 19:27 (UTC +04:00)

“Həmas” – azadlıq ordusu, yoxsa terror təşkilatı?

Lent.az-ın məlumatına görə, bununla bağlı olaraq bir neçə gündür “Həmas” nəzarətində olan Qəzza bölgəsində minlərlə insanın iştirakı ilə tədbirlər keçirilir.

Bölgədə “Həmas” qüvvələri eyni zamanda təxribatların qarşısını almaq məqsədi ilə gücləndirilmiş rejimə keçib. Bu arada İsrail KİV-lərinin yaydığı məlumatlara görə, təşkilat rəhbərliyi adından Qüds və Qərbi Şəriədə yarım milyondan artıq insanın mobil telefonuna təbrik SMS-ləri göndərilib.

Bayram münasibəti ilə İslam Müqavimət Hərəkatının yaydığı bəyanatda isə təşkilat “bu torpaqların bir santimetrindən belə vaz keçilməyəcək və İsrail adlı dövləti tanımayacağıq” fikrini ifadə etməklə yanaşı “dənizdən-çaya” bütün torpaqların fələstinlilərin olduğunu açıqlayıb. Bəyanatda qələbə və azadlıq üçün müqavimətdən başqa yol olmadığı da xüsusi vurğulanıb.

Partiya, terror təşkilatı, yoxsa...?

“Həmas” İslam Müqavimət Hərəkatı 1987-ci ildə Şeyx Əhməd Yasin, Əbdüləziz əl-Rantisi və Məhəmməd Taha tərəfindən Misirdə fəaliyyət göstərən “Müsəlman Qardaşlar” təşkilatının Fələstin qanadı olaraq qurulub. Təşkilat 1988-ci ildə açıqladığı platformasında Fələstini müstəqil bir dövlət və müsəlman ölkələrin əhatəsindəki dövlət olaraq görmək istədiyini və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib. O vaxtdan indiyədək təşkilat həmin prinsiplərə uyğun olaraq fəaliyyətini davam etdirir. Qeyd edək ki, “Həmas”ın bu bəyanatı 1988-ci ildə İsrail dövlətini tanıyan Fələstin Azadlıq Təşkilatı (Fəth) ilə “arasının açılmasına” gətirib çıxarıb.

Həmin dövrdə bölgədəki ictimai-siyasi mühitdən yetərincə yararlanan, İsrail tərəfindən fəaliyyətinə göz yumulan “Həmas” az bir zamanda Qəzza bölgəsində məscid və universitetlərdə özünə tərəfdarlar toplamağa nail olub. Bununla da sonrakı mərhələlərdə həm İsrail, həm də “Fəth” üçün başağrısına çevrilib. “Həmas”ın güclənməsinə İsrailin göz yumduğunu ötən əsrin 90-cı illərindən qərb mətbuatı da iddia etməyə başlayıb. Məsələn, Fransada nəşr olunan “L Humanite» qəzeti bu barədə belə yazıb: “İsrail kəşfiyyat xidməti “Mossad” sayəsində islamçıların işğal altındakı bölgələrdə varlıqlarını gücləndirmələrinə icazə verildi. Bu zaman “Fəth” təşkilatına müəyyən basqılar edildi və onun fəaliyyəti məhdudlaşdırıldı”. Qəzet yazır ki, İsrail məqsədli şəkildə Yasir Ərafatın liderliyindəki dünyəvi “Fəth” hərəkatını zəiflətmək məqsədiylə “Həmas”ın genişlənməsini dəstəkləyib və bir növ bu təşkilatı canlandırıb. Məşhur “UPI” nəşri isə belə qənaətdədir ki, İsrail Fələstin Azadlığı Təşkilatının fəaliyyətini sarsıtmaq üçün 1970-ci illərin sonlarından etibarən “Həmas”ı dəstəkləyib. Hansı ki, o dövrdə “Həmas” “dini və ictimai işlərlə” məşğul olub.

Qeyd edək ki, 2007-ci il yanvarın 12-də Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin toplantısında çıxış edən İsrailin baş naziri Ehud Olmert də Tel-Əvivin “Həmas”ın fəaliyyətinə bir vaxtlar dəstək verdiyini etiraf edib: “Hamas”ı Netanyahu qurdu, həyat verdi, Əhməd Yasini sərbəst buraxdı və ona inkişaf şansı verdi”.

Bütün səslənən bəyanatlara və təsirlərə baxmayaraq “Həmas” bu gün Fələstində kifayət qədər böyük nüfuza malik təşkilat kimi özünü doğruldub. Eyni zamanda seçkilərdə səs çoxluğu qazana bilib. Xüsusilə də 2005-ci ildə Fələstin Muxtariyyətində keçirilən yerli seçkilərdə “Fəth” 56%, “Həmas” isə 33% səs qazanıb. “Həmas” Muxtariyyətin Nablus, Döl və əl-Birehi şəhərlərində yerli seçkiləri qazanaraq Qərbi Şəriyyə bölgəsini öz nəzarəti altına ala bilib.

Ümumilikdə bu gün “Həmas” müsəlman dünyasında, müsəlman dövlətləri tərəfindən açıq yardımların ən çox göstərildiyi təşkilatdır. Hazırda bu təşkilatı maliyyələşdirənlər arasında Səudiyyə Ərəbistanı, İran, Liviya, Suriya ilə yanaşı xaricdə yaşayan fələstinlilər və digər ərəb ölkələri yer alır.

“Həmas” tərəfindən 1993 və 2005-ci illərdə İsrail vətəndaşlarına və əsgərlərinə qarşı müxtəlif formalı hücumlar həyata keçirilib. Buna görə də “Həmas” Kanada, Avropa Birliyi, İsrail, Yaponiya və ABŞ tərəfindən terror təşkilatları siyahısına salınıb. Bundan əlavə, “Həmas”ın hərbi qanadı olan “İzzeddin əl- Əzələysəm Briqadası” Avstraliya və Böyük Britaniyada terror təşkilatlarının siyahısında yer alır.

Terror statistikası

“Həmas”ın 23 illiyi ərəfəsində ötən gün təşkilatın hərbi qanadı olan “İzzəddin əl Kassam” Briqadası 23 illik fəaliyyətlərinin hesabatını verib. “Kassam” Briqadasının hesabatında qeyd olunur ki, 23 il ərzində 87-si cihad və şəhidlik əməliyyatı olmaqla, ümumilikdə 1106 əməliyyat reallaşdırılıb. Əməliyyatlar nəticəsində 1808 nəfər cihadçı həlak olub. Bu dövrdə “düşmən hədəflərinə və mövqelərinə” 11 minə yaxın raket və mərmi atılıb, nəticədə 1349 İsrail əsgəri həlak olub, 6357 nəfər isə yaralanıb. Bu dövrdə “Kassam” briqadası tərəfindən İsrail əsgərlərinin oğurlanması məqsədi ilə 24 əməliyyat həyata keçirilib.

Hazırda təcrid vəziyyətində olan Qəzza bölgəsində fəaliyyətini davam etdirən “Həmas” blokadaya və məhdudiyyətlərə baxmayaraq hələ də İsrailə qarşı təhlükə mənbəyi olaraq görülür. Bölgədə səfərdə olan türkiyəli jurnalistlərin sözlərinə görə, “Həmas” sonuncu Qəzza savaşında İsrail ərazisinə təsir göstərmək üçün kustar üsullarla hazırlanmış silahlardan, adi soba borusundan hazırlanan birdəfəlik raket minaatanlardan istifadə edib. Partlayışların törədilməsində hətta vedrələrdən və boya qablarından istifadə olunub. İsrailin modern texnologiyaları qarşısında min dəfələrlə cılız görünən bu silahlar isə hələ də Qəzza bölgəsi yaxınlığında yaşayan yəhudiləri qorxu içində saxlamaqdadır.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3911

Oxşar yazılar