Tehran qadağalar əhatəsində
14 sentyabr 2010 22:48 (UTC +04:00)

Tehran qadağalar əhatəsində

İran hökuməti 20 adda strateji məhsulların, o cümlədən düyü və taxıl kimi ərzaq mallarının idxalını yasaqlayan qərar qəbul edib.

Ölkənin ticarət nazirinin müavini Babək Əfqani bildirib ki, ümumilikdə 1300 belə malın siyahısı tutulub. Hakimiyyət bu yolla daxili bazarda yerli məhsulların xaricilərə rəqabətdə davam gətirməsinə çalışır. Tehranla bununla Yaponiya və Cənubi Koreyadan ixrac olunan malların qarşısını almağa cəhd göstərir. Bundan başqa həmin tədbirlər həm də ölkənin valyuta ehtiyatının tükənməsinin qarşısının alınmasına hesablanıb.

Lent.az-ın «Mignyus»-a istinadən məlumatına görə, Cənubi Koreyanın «KİA» avtomobil şirkəti BMT Təhlükəsizlik Şurasının 4-cü, sonuncu sanksiyasına uyğun olaraq, İslam Respublikasına avtomobil hissələri və avtomobil ixracını dayandırır.

Mütəxəssislərin fikrincə, bu, İrana çox ağır zərbədir. Ötən il İrana idxal olunan avtomobillərin 40 faizi «KİA»-nın payına düşür.

Cənubi Koreya KİV-in məlumatına əsasən, rəsmi Seul sanksiya ilə bağlı qərar qəbul etdikdən sonra yerli xırda və iri şirkətlər İslam Respublikasına ixracatı ya tam dayandırıb, ya da əlaqələri dayandırıb.

Koreyanın ikinci ən iri avtomobil nəhəngi «Hyundai» hələlik İranla əməkdaşlıq etməkdədir. Müşahidələrə əsasən yaxın zamanlarda ölkə rəhbərliyinin sanksiyasının onun da fəaliyyətinə təsir edəcəyi ehtimal olunur.

Xatırladaq ki, bir müddət öncə rəsmi Seulla İrana qarşı qadağalara qoşulmaq barədə danışıqlar aparılmışdı. Həmin müzakirələrdən sonra bildirildi ki, Tehran hakimiyyətinə qarşı sanksiyalara qatılacağı halda, Cənubi Koreya 6 milyard dollar ziyana düşə bilər.

Onu da qeyd edək ki, bu ilin avqustunda Yaponiyanın «Toyota» avtomobil şirkəti də İranla əməkdaşlığı kəsdiyini bildirmişdi.

Əl xalçalarının istehsalı və ixracı birliyinin başçısı Əkbər Herisçian «İRNA»-ya müsahibəsində bildirib ki, cari ilin sentyabrının 29-dan etibarən ABŞ İranın bütün növ əl xalçalarına sanksiya tətbiq edəcək. Yasağın başa çatması müddəti müəyyən olunmayıb.

Onun sözlərinə görə, ABŞ İslam Respublikasının bu məhsullarının əsas bazarıdır. Birlik rəhbəri qeyd edib ki, onlar son aylarda Amerikaya iri həcmdə əl xalçası göndərməyi planlaşdırıbmış: «Bu yasaqdan sonra xalçaçılar rahatsızdır. Oxşar qərarın Avropa ölkələrində də qəbul olunacağı istisna olunmur».

Qeyd etmək lazımdır ki, rəsmi Vaşinqton İrandan ABŞ-a idxal olunan püstə və qara kürüyə də sanksiya tətbiq edib.

Ə.Herisçianın dediyinə görə, ötən ilin uyğun dövrü ilə müqayisədə cari ilin mart-iyul aylarında əl xalçalarının ixracatında 41 faiz artım müşahidə olunub.

İran hakimiyyətinin sanksiyalarla bağlı atdığı addımı ölkənin keçmiş prezidenti, dini ekspertlər şurasının sədri Haşimi-Rəfsəncani tənqid edib. O, hakimiyyəti beynəlxalq yasaqlara ciddi yanaşmağa çağırıb: «İndiyə kimi İrana qarşı belə ciddi və çoxsaylı sanksiyalar qəbul edilməyib. Mən hamının, eləcə də rəsmilərin bu qadağalara ciddi yanaşmasını istəyirəm. Hesab edirəm ki, ölkədəki vəziyyətin ağırlaşdığını bildirmək məni borcumdur. Bununla yanaşı, mövcud durumdan çıxmaq üçün fikrimi bölməyi də vacib sayıram».

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar