Obama Suriya liderinə xəbərdarlıq edib
06 sentyabr 2010 19:40 (UTC +04:00)

Obama Suriya liderinə xəbərdarlıq edib

Bununla belə, Dəməşqin Tehranla münasibətlərinə görə bəzi şərhçilər Suriyanın İsrailə qarşı hərbi əməliyyatlara başlayacağı iddiasını irəli sürürdü.

ABŞ İraqda hərbi əməliyyatların fəal hissəsini başa çatdırdığını bəyan etdikdən sonra Yaxın Şərqdə «yeni savaş» ocağı açıldığı iddiası ilə çıxış edənləri də qınamaq olmur. Çünki bölgənin ərəb olmayan iki dövləti - İsrail və İran rəsmilərinin çıxışları belə ehtimalların yaranmasına əsas verir.

Lent.az-ın «Debka»-ya istinadən məlumatında bildirilib ki, ABŞ prezidenti Barak Obama Suriya lideri Bəşşar Əsədə kəskin xəbərdarlıq göndərib.

Mətbu orqanın yazdığına görə, İsrailə qarşı terror aksiyaları davam edərsə, o zaman Vaşinqton yəhudi dövlətinin «hərbi istəklərinə qarşı çıxmayacaq». O, Qəzza zolağında və başqa ərazilərdə terrorçuların infrastrukturunu dağıtmaq üçün İsraili dəstəkləyəcək.

Vaşinqtondakı rəsmi qaynaqlara istinad edən, «Debka»-nın materialında daha sonra bildirilib ki, bu əməliyyatlar Suriyada yerləşən terrorçuların, özəlliklə Hizbullah və onun himayədarlarının hərbi bazalarına da şamil ediləcək.

ABŞ hakimiyyətinin Yaxın Şərq üzrə özəl elçisi Corc Mitçellin müşaviri Frederik Hoff bu yaxınlarda Suriya prezidenti Bəşşar Əsədlə görüşüb və ona Barak Obamanın bəyanatını təqdim edib. O, Dəməşq rəsmisinə bildirib ki, Ağ ev sülh danışıqları zamanı Suriyanın terrorçuları ölkədən çıxaracağına inanır.

Qeyd edək ki, bu il sentyabrın 2-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Hillari Klinton, Corc Mitçell, Misir prezidenti Hüsni Mübarək, İordaniya kralı 2-ci Abdulla, İsrailin baş naziri Benyamin Netanyahu, Fələstin Muxtariyyatının sədri Mahmud Abbas birbaşa danışıqlara başlayıb. Bu müzakirələrin nəticəsi kimi İsraillə Fələstin arasında sülh müqaviləsinin bağlanacağı gözlənilir.

Heç şübhəsiz, Fələstinlə İsrail arasında anlaşma ilk növbədə bölgədə öz iddiasını yeritmək istəyən İran İslam Respublikasına heç sərf etmir. Çünki Fələstin düyününün çözülməsi Avrasiyanın böyük bir hissəsinə əmin-amanlığın gəlməsi deməkdir.

İran İslam Respublikası Suriya ilə əlaqələrinin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndiyini və inkişaf etdiyini bəyan edir. Apreldə Suriya-İran hökumətlərarası iqtisadi-ticarət komissiyasının toplantısında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması haqda bəyanatlar verilib.

ABŞ isə Dəməşqlə Tehranın bu yaxınlığından təbii ki rahatsızdır. İran prezidenti Mahmud Əhmədinijat Dəməşqə səfəri zamanı bildirmişdi ki, Suriya ilə ölkəsinin münasibətini «korlaya biləcək qüvvə yoxdur».

Rəsmi Vaşinqton isə Suriya hakimiyyəti ilə münasibətləri bərpa etmək istiqamətində səylərini davam etdirir.

Rəsmi Dəməşqə qarşı tətbiq olunan sanksiya ucbatından bu ölkəyə məhsullarının ixracı yasaqlanmış şirktərlərin - «Microsoft», «Dell», «Sysco» və «Symantec»in direktorları Suriyanı İrandan «ayırmaq» üçün cəhd göstərib.

Yeri gəlmişkən, bu ilin əvvəlində ABŞ Suriya ilə ikitərəfli əlaqələri qaydasına salmaq üçün bu ölkəyə yeni səlahiyyətli səfirini təyin edib. 2005-ci ildə Livanın baş naziri Rafiq Həriri qətlə yetirildikdən sonra ABŞ-ın bu ölkədə səfiri fəaliyyət göstərmirdi. Yeni səfir Robert Ford hələ də işə başlamayıb.

Dəməşq və Tehran təmsilçiləri bu əməkdaşlığın iki dövlət çərçivəsindən çıxaraq, Türkiyə və İraqı da əhatə edəcəyinə inandıqlarını bildirib. Bu yaxınlarda isə Türkiyə hökumətinin təmsilçisi bölgədə Livan, İran, Suriya və Türkiyənin birgə ticarət zonası yaradılacağını bəyan etdi.

Bir müddət öncə İran və Suriya bankları iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi ilə müştərək maliyyə müəssisəsi açmaq barədə razılığa gəlib. Bankın nizamnamə kapitalı 30 milyon dollardır. Nəzarət zərfinin 60 faizi İrana məxsusdur.

Beləliklə, Suriya terrorçular və onların himayədarları ilə münasibətləri saxlayarsa, o zaman vəziyyətin ağır olacağını ehtimal etmək olar. Çünki Suriya İraq deyil; amma İraqdan da güclü deyil. Başqa sözlə, İrana qarşı hərbi əməliyyatlar onun bölgədəki müttəfiqlərindən də başlaya bilər…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar