Meşələrdə əmirlik quranlar: “cihad” ardıcıllarının şok hekayəti - REPORTAJ
06 noyabr 2012 18:09 (UTC +04:00)

Meşələrdə əmirlik quranlar: “cihad” ardıcıllarının şok hekayəti - REPORTAJ

…Sərhədçi pasportmu ələk-vələk eləyib gözləməyimi əmr etdi. Hə, məhz əmr etdi. Adətən sərhəd-keçid məntəqələrində xahiş edirlər. Amma Yalama ilə üzbəüz Dağıstanın Tahirkənd buraxılış məntəqəsində cavan baş leytenant amiranə şəkildə elə beləcə də dedi:

- Kənara çəkilin, gözləyin!

Bu gözləmə isə hələ xeyli çəkəcəkdi…

Pasportumun vərəqlərini ora-bura çevirən zabit onun vərəqələrini bir-bir aparata salır və hər dəfədən sonra üzümə baxıb yanındakına nə isə deyirdi.

- Bu nə möhürdür?

- Suriyada olmuşam.

- Niyə?

- Jurnalistəm. Reportaj yazmağa getmişdim.

Yenə üzümə baxır. Bu dəfə pasportdakı bir neçə “gürcü möhürünü” göstərib sual verir.
Yenə həmin cavab.

Şengen vizasını niyə aldığımı sual edir. Cavab verirəm. Bu dəfə jurnalist vəsiqəmi istəyir. Dərbəndə niyə getdiyimi soruşur.

- İşim var.

Vəsiqənin ora-burasına baxıb, pasportu bir kənara atır. Kiməsə zəng edir. Və dediklərini də eşidirəm. Adımı, soyadımın, “Siriya”, “Qruziya”, “Turtsiya”, “Evropa”… Hə, kiməsə deyir ki, bu qədər bir-birinə dəxli olmayan yerlərdə olub, indi də… Dərbəndə gedir.

Təxminən 10 dəqiqəlik danışıqdan sonra yenə Suriya barədə sual verir. Bu dəfə yumşaq tonda. Sanki qohum-əqrəbasından narahat imiş kimi oradakı vəziyyəti soruşur.

- Orada avqustda olmuşam. Vətəndaş müharibəsi gedir. Elə indi də bilirəm ki, vəziyyət düzəlməyib, əksinə, daha da pisdir.

- Haradan bilirsən?

- Jurnalistəm, hadisələri izləyirəm. Bax, Dərbəndi sel basıb. Bizimkilər də sizə humanitar yardım aparıb. İndi də ondan yazmağa gedirəm…

Sözümü kəsir:

- Get yaz, amma özünü ağıllı apar. Bura Rusiyadır.

Bura Rusiyadırmı?

Buranın Rusiya olduğunu zatən bilirdim. Bəli, Federasiyanın subyekti olan Dağıstan Respublikasına, dünyəvi, mərkəz Moskvanın qanunları ilə idarə olan bir respublikaya gəldiyimin də fərqindəydim. Amma gənc zabit ürəyinin dərinliyində də bilirdi ki, bu gün nəinki Dağıstanda, bütün şimali Qafqazda özünü “Qafqaz Əmirliiyi” adlandıran bir “alternativ dövlət” də mövcuddur. Paytaxtı, simvolikaları, əmiri, valiləri ilə birgə. Şəriət məhkəməsi, hərbi birləşmələri ilə meşələrdə, dağlarda, mağarlarda…

“Vilayəti Dağıstan” isə bu əmirliyin bir subyektidir. Və bu vilayətin öz qanunları var. Çox sərt, amansız, sonu görünməyən, ancaq ölüm gətirəcək qanunları, qaydaları…

Hələ ki bu qanun və qaydalar meşələrdə, dağlarda, mağaralarda işləyir. Amma onlar bunu məmləkətlərinə tətbiq etmək istəyirlər. Və bunun uğrunda mübarizəni isə “cihad” adlandırırlar. Özlərini isə “meşə qardaşları”. Amma təkcə “meşə qardaşlarımı?”

- Sizi inandırıram, meşələrdə, dağda onların sayı o qədər də çox deyil. Amma federal qüvvələrin, yerli polisin cəhdlərinə baxmayaraq, sayları azalmayacaq.

Səbəbini soruşuram.

Cavab konkretdir; işsizlik, korrupsiya, rüşvət, ədalətsizlik.

Niyə meşələrə?

Hə, sonradan həmsöhbətim Rəsulun dediklərini, sanki sözləşiblərmiş kimi, digərləri də deyəcəkdilər. Dağıstan sözün həqiqi mənasında Rusiya Federasiyasının, rəsmi Kremlin kor bağırsağına çevrilib. Şişib, partlamaq üzrədir. Amma dərd ondadır ki, bu kor bağırsağı kəsib atmaq olmur, daha dəqiqi, bu ağlasığmazdır. Müalicəsi isə hələ ki mümkünsüz.

Əslində, mən rəsmi Kremlin həyəcanını başa düşürəm; Dağıstanda ancaq gündüzlər dünyəvi qanunlar hökm sürür, bu məmləkətin gecəsindən, ümumiyyətlə, danışmağa dəyməz.

Bura hər il yüz milyonlarla dotasiya ayrılır. Moskva regiona investisiyalar cəlb etmək istəyir, amma bu pullar Dağıstan büdcəsinə çatan kimi anındaca haralarasa buxarlanır.

- Təsəvvür elə, cavan uşaqdır, orta məktəbi və ya ali məktəbi bitirdi. İşə düzəlmək üçün külli miqdarda pul lazımdır. Hər addımda rüşvət, korrupsiya... onlarda da belə cəmiyyətə heç bir inam qalmır. Bir yandan da dini təbliğat, meşələrdə, dağlarda bu ədalətsizliyə qarşı mübarizə aparmaq üçün çağırışlar. Üstəlik, maddi təminat vədi. Ona görə gedirlər.

Bunu isə Ramazan adlı keçmiş dəmiryolçu deyir. Ramazanın hər iki oğlu Mahaçqalada ali məktəbi bitirib. Amma işsizdirlər. Biri yerli bazarda xırda ticarətlə məşğul olub, amma pul qazana bilməyib.

- Evlənəsi vaxtıdı, işi yoxdur. İndi bütün günü məsciddən çıxmır. Sabah, bir gün getdi qoşuldu onlara, nə edə biləcəyəm ki? Bir gün də ölüm xəbəri gələcək.

“İki aydan sonra xəbər gəldi ki, meşədədi”

Həmsöhbətimiz Müslümat adlı qadının oğlundan danışır.

- Orta məktəbi bitirdi, bir müddət Krasnodarda işlədi, sonra qayıtdı gəldi. Çox başıaşağı uşaq idi. Müslümat onu yetimçiliklə böyüdüb. O uşağı yolda maşın vurmuşdu. Vuran da qaçmışdı. Yoldan ötənlər ağır vəziyyətdə xəstəxanaya çatdırmışdılar. Təsəvvür edin, həkimlər yaxın durmamışdılar ki, yiyəsi gəlib pul versin, sonra əməliyyat edək. Yazıq arvad qızlarına demişdi. Onlar da bütün qızıllarını dəyər-dəyməzinə satıb, həkimə vermişdilər ki, təki qardaşları əməliyyat olunsun. Sonradan yenidən pul lazım olmuşdu. Anası evin əşyalarını, yorğan-döşəyi belə satmışdı. Uşaq 4 ay xəstəxanada qaldı. Çıxanda baş verənləri görüb bir müddət özünə gəlməmişdi. Bir gün eşitdik ki, yoxa çıxıb. İki aydan sonra xəbər tutdular ki, meşədədir. Şəklini də göndərmişdi, saqqal uzanıb, əldə silah…

Əslində cavanları meşələrə aparıb çıxaran bir tərəfdən ətraflarındakı sosial ədalətsizlikdisə, amma ən böyük səbəb dini-ideloji təbliğatdır.

Təsəvvür edin, bu sətirlərin müəllifi Mahaçqalanın “Şimal Avtostansiya” adlanan avtovağzalının ətrafında dini, özü də sələfi təriqətini təbliğ edən ədəbiyyat, geyim və sairə ləvazimat satılan azı 30 (!) mağaza saymışdı. Bu avtovağzaldan isə əsasən sələfilərin Dağıstanda ən çox təsir dairəsi olan rayonlara Sumadi, Suntinsk, Qunib, Buynaksk, Levaşı, Xasavyurt, Kizlər rayonlarına avtobuslar çıxır. Və bu mağazalarda həmişə qələbəlikdir.

Qubden reallığı

Söhbətləşdiyimiz şəxslərdən biri deyir ki, polisin və hərbçilərin təzyiqlərinə baxmayaraq meşələrdəki yaraqlılar dinc əhalidən kifayət qədər dəstək ala bilirlər.

- Onlar həmişə meşələrdə, dağlarda qalmırlar təbii. Əksər vaxt kəndlərdə gecələyirlər. Sizə bir misal deyim. Qarabudaqkənd rayonunda Qubden kəndi var. Bu kənddə demək olar ki, hamı sələfiliyə tapınıb. Bu kəndin icra nümayəndəsi də, imamı da Qubdenə gələn polis və xüsusi təyinatlıya heç bir izahat verməz. Lap güllə qabağına qoyub güllələmək istəsən belə.

Camaatın arasında sayları yüzlərlədir

Vaxtı ilə meşədəki yaraqlılarla əlaqələndirici funksiyasını yerinə yetirən, amma hakimiyyət orqanlarının amnistiya təkliflərindən sonra dinc həyata qayıdan adının çəkilməsini istəməyən bu şəxs maraqlı məqamlara da toxunur. O, Lent.az-a danışır ki, meşədə yaşamaq - özü də uzun müddət üçün - bütün şərait var.

- Orda ən müasir və özü qızdıran yataq dəstlərindən tutmuş, ən müasir hərbi geyimlərədək hər şey var. Geyimi çox vaxt elə ruslar özləri satır. Elə haram buyrulmayan ərzağı da ən pis halda onlardan almaq olur. Bəziləri üçün meşə həyatı romantika sayıla bilər. Amma oradakıların çoxu, məhz özlərini din uğrunda mücahid hesab edirlər. Arlarında qadınlar da var. Qadınları ancaq ən məhrəm şəxslər adıyla çağıra bilərlər. Yerdə qalanlar “bacı” deyə çağırmalıdırlar. Onlar əsasən təsərrüfat işləri ilə məşğuldurlar. Amma bu o demək deyil ki, döyüşdə iştirak etmirlər. Hamısı da vaxtı ilə öldürülmüş və ya uzun müddətə həbsə atılmış döyüşçülərin ya həyat yoldaşları, ya da bacılarıdır. Orda, bir daha deyirəm, nə pul problemi var, nə də ərzaq. Pul həmişə olur, çünki hansı biznesmenə “fləş-kart” göndərsələr pulu anındaca göndərəcək. Hə, təəccüblənməyin, “fləş-kart” iş adamına göndərilir, orda hara və ya kimə nə qədər pul çatacağı göstərilir. Həmin şəxs polisə xəbər verəcəyi təqdirdə obyekti göyə sovrula bilər. Daha doğrusu, sovrulur da. Ona görə də çox adam başı ağrımasın deyə göstərilən məbləğdə pulu əlaqələndiriciyə vermək məcburiyyətindədir.

Həmsöhbətimiz deyir ki, Dağıstan “Qafqaz əmiri”nin göstərişi ilə müxtəlif camaatlığa bölünüb. Amma bu camaatlıqlara rəhbərlik edənlərin hamısı koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Məsələn, Dərbənd camaatı Qubden camatı ilə, yaxud Kizlər, Kizilyurt camaatı ilə hər gün əlaqədədirlər. Baxmayaraq ki, bu şəhərlər arasında məsafə xeyli uzaqdır. Onun dediyinə görə, ən iri qruplaşma Şamilqala (yaraqlılar Mahaçqalanı belə adlandırılar), Buynaksk, Xasavyurt camaatına aid olanlardır. Bu qruplaşmalara yaxın, amma necə deyərlər yarı-hərbi “Seyfullahçılar”ın da sayı çoxdur.

- Meşələrdə bu qruplaşmaların hərəsinin 12-15 nəfər adamı ola, ya olmaya. Amma gizlində, camaatın arasında sayları yüzlərlədir. Sıraları da günü-gündən genişlənir. İşsiz-gücsüz cavanlar sanki orda nicat axtarırlar.

İş yerləri ancaq polisdədir. Ora isə heç kim işləməyə getmək istəmir. Bu gün Dağıstan polisində orta əməkhaqqı 1200-1500 dollardır. Kasıb bir region üçün əməlli-başlı maaşdır. Amma yerli telekanallarda, hər xəbər buraxılışından sonra bu və ya digər rayon polisinə polis vəzifəsinə işə götürülmək haqda elanlar gedir.

- 90-ların əvvəlində polisdə işə düzəlmək üçün azı 10 min dollar xərcin çıxardı. İndi pulsuz gedən də yoxdur. Çünki ilk hədəf onlardır. Həmin postda duran yaxşı oğlan olsa da. Burda belə bir qara yumor da yayılıb. “Ən yaxşı polis - ölü polisdir”. Mücahidlərin prinsipi belədir.

“Allah, sən Dağıstanı xilas elə!”

Həmsöhbətimiz deyir ki, bir qədər əvvələdək Dağıstanın cənubu ən sakit region idi. İndi vəziyyət o yerə çatıb ki, buralar da qaynayır.

- O gün divara yazı yazan bir orta məktəb uşağını tutub aparıb döyüblər. Uşaq divara “Allah, sən Dağıstanı xilas elə” yazıbmış. O qədər döymüşdülər ki, huşunu itirmişdi. Əlbəttə, onun valideynləri polisə, yerli hökumətə qəzəbli olacaq. Onun böyük qardaşı, ya əmisi oğlu qəzəbindən qaçıb meşəyə gedəcək ki, həmin məmurdan qisas alsın.
Hətta meşədəkilərə onları əfv edəcəyi ilə bağlı müraciət etsə belə, hökumətə inam qalmayıb. Bunun nəticəsidir ki, meşədən adam azalmır, əksinə artır. Meşədə ərəb və ya başqa ölkələrdən olan instrukturların əlinə düşdünsə, ümumiyyətlə geri qayıdış yoxdur. Dağın başında belə internetləri var. Elə təlim və dini dərslər keçirlər ki, adam sanki bu dünyaya ancaq cihad eləmək üçün gəldiyini düşünür. Xüsusən də Abdullah Əzzəmin video-müraciətləri, onu az qala Quran ayəsi kimi qəbul edirlər. Bizim elə uşaqlar var ki, səsi-sorağı Əfqanıstandan, Pakistandan, Suriyadan gəlir. Onlar artıq həm ideoloji, həm də hərbi taktiki cəhətdən tam hazırlıqlı olanlardır.

***

Yadıma bəlkə də dəxli olmasa da, məşhur filmdəki epizod düşür: Arazın o tayı sizə azlıq edir ki…. Yox, Dağıstan, Şimali Qafqaz yetərincə böyük arealdır. Amma Suriya, Əfqanıstan, Pakistan… bütün bunların arxasında isə onların tapındığı təriqət, ideologiya durur. Ona görə gedirlər.

Necə, hara, hansı yollarla…bu isə bir başqa yazının mövzusudur. Elə Lent.az-da, maraqlı araşdırmayla tanış olacaqsınız. Azərbaycan mediasında ilk dəfə…

Səbuhi Məmmədli,

Dağıstan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5045

Oxşar yazılar