Müsəlmanlar barədə 10 mif - TƏDQİQAT
20 sentyabr 2012 19:31 (UTC +04:00)

Müsəlmanlar barədə 10 mif - TƏDQİQAT

ABŞ-ın «Huffington Post» qəzetinin yazarı Duq Sonders özünün «İslam dalğası barədə 10 mif» kitabında Qərbdə müsəlman mühacirəti ilə bağlı geniş yayılmış səhv görüşləri yerlə yeksan edir.

Duq Sonders yazır ki, müsəlmanlar da əvvəllər yəhudilər və katoliklərlə olduğu kimi cəmiyyətə inteqrasiya olunmayan insanlar, inam deyil, daha çox zora əsaslanan dinə tapınan adamlar kimi qəbul edilirlər. Amma o, müasir fakt və rəqəmlərin köməyi ilə Qərbə köçən müsəlmanlar barədə həqiqəti üzə çıxarır.

Beləliklə, Qərbdə müsəlmanlar barəsində yaranan 10 əsas mif:

1. Müsəlmanlar arasında doğum səviyyəsi digər dinə tapınanlarla müqayisədə daha çoxdur. Müsəlmanlar bütün dünyanı sayları ilə fəth edəcəklər


İki nəsil əvvəl belə güman edilirmiş ki, İslam ölkələri əhalinin nəzarət edilməyən artımı ilə üz-üzə qalacaqlar. Qərbdə «İslamdakı artım qabiliyyəti» - bir ailədə 5-6 uşaq doğulduğundan bəhs edirdilər və proqnoz verirdilər ki, planeti məscid minarələri bürüyəcək.

Bu gün isə aydındır ki, İslamın əhalinin artımı ilə heç bir əlaqəsi yoxdur. İndi isə faktlara baxaq: Dünyanın yeganə İslam teokratiyasının hökm sürdüyü İranda 1980-ci illərdə hər ailəyə orta hesabla 7 uşaq düşdüyü halda, indi bu rəqəm 1,7-yə bərabərdir. Bu isə Fransa və ya Böyük Britaniyadakı rəqəmdən də azdır. Birləşmiş Ərəb Əmirliklərində hər ailəyə 1,9 uşaq düşür. Dini partiyanın 10 ildir idarə etdiyi Türkiyədə hər ailədə orta hesabla 2,15 uşaq doğulur. Livanda isə «Hizbulla» hərəkatının güclənməsinə baxmayaraq, hər ailədə 1,86 uşaq dünyaya göz açır – yəni, ölkə əhalisi getdikcə azalır.

Ümumilikdə isə bütün dünya üzrə orta müsəlman ailəsində uşaqların sayı 1995-ci ildəki 4,3-dən 2010-cu ildə 2,9-a düşüb. Bəzi ekspertlərin proqnozuna görə, bu göstərici getdikcə azalacaq, əhalinin artması üçün vacib olan səviyyədən aşağı düşəcək və müsəlman ailəsinin üzvlərinin sayı Qərb ailəsi ilə bərabərləşəcək. Bu, o deməkdir ki, müsəlmanlar İslam partiyalarını dəstəkləməkdə davam etmələrinə baxmayaraq, İslam cəmiyyəti böyük modernləşmə və sekulyarizasiya yaşayır.

2. Müsəlman ölkələrindən olan mühacirlər bizi «udacaqlar»

Qərbdəki insanlar yeni müsəlman mühacirlərinin çoxsaylı ailələrinə baxaraq hesab edirlər ki, onların sayı geometrik inkişafa uyğun olaraq artacaq. Amma bu, müsəlman mühacirlərinin doğum əmsalının vətənlərindəkindən çox olduğunu göstərən rəqəmlər kimi illüziyadan başqa bir şey deyil. Bu onunla izah edilir ki, yeni mühacirlərin böyük hissəsi uşaqlarının çoxunu köçəndən dərhal sonra dünyaya gətirirlər. Ümumi doğum əmsalı (orta ailənin ölçüsünün hesablanması) qadının uşaqlarının ümumi sayının onun uşaq doğma yaşındakı həyatı boyunca bölünməsinin köməyi ilə hesablanır. Buna görə də, mühacirlərin daha çox uşağı olduğu görüntüsü meydana gəlir.

Əslində isə müsəlman mühacirlərinin ailəsinin üzvlərinin sayı sürətlə Qərbin orta statistik nümayəndələrinin ailəsinin sayına çatır. Hətta bu proses vaxtilə yəhudi və katolik mühacirlərinin ailəsindən də sürətlə baş verir. Hazırda Fransa və ya Almaniyada mühacir ailəsində orta hesabla cəmi 2,2 uşaq böyüyür. Bu, həmin ölkələr üzrə orta göstəricidən azacıq yüksəkdir. Pakistandan Böyük Britaniyaya köçən mühacirlərin ailəsində orta hesabla 3,5 uşaq olsa da, onların artıq bu ölkədə göz açan qızlarının orta hesabla 2,5 uşağı var. Bütün Avropa üzrə müsəlman və qeyri-müsəlman ailələrdə doğum əmsalı arasındakı fərq 0,7-dən 0,4- kimi azalıb. Tezliklə bu rəqəm bütün qitə üzrə bərabərləşəcək.

3. Müsəlmanlar Avropada çoxluğa çevriləcəklər

Əslində, hazırda əhalinin artımı və mühacirətin səviyyəsi əsasında bir neçə ciddi hipoteza var. Onlar göstərir ki, Avropanın müsəlman əhalisinin sayı getdikcə daha zəif artmaqdadır. Və əgər mühacirətin əmsalı aşağı düşməsə, əsrin ortalarında Avropada müsəlmanların sayı ümumi əhalinin 10 faizinə bərabər olacaq (hazırda bu rəqəm 7 faiz təşkil edir). O zamana qədər müsəlman ailələrinin say və yaş tərkibi orta Avropa göstəricilərindən çox az fərqlənəcək.

4. Müsəlmanlar ABŞ-da «mədəniyyət autsayderləri»nin hakim qrupu olacaqlar

Bəzilərinin isterik nitqinə baxmayaraq, müsəlmanlar Birləşmiş Ştatlarda nəinki sadəcə kiçik qrupdur, eləcə də ən çox inteqrasiya olunan sosial qrupdur. Nəzərə almaq lazımdır ki, Amerika müsəlmanlarının 69 faizi birinci nəsildə mühacirdir. Onlardan 71 faizi isə 1990-cı ildən sonra ölkəyə gəlib.

Bu gün ABŞ-da əhalinin cəmi 2,6 milyonu müsəlmandır. 2030-cu ilə kimi onların sayı təxminən 6,2 milyona qədər artacaq (çünki müsəlmanlar gəncdirlər və uşaq dünyaya gətirmək barəsində daha çox düşünürlər). Bu, əhalinin 1,7 faizini təşkil edəcək. Yəni, müsəlmanlar sayca yəhudilərə və yepiskopial kilsəyə tapınanlara çatacaqlar.

Müsəlmanlar ölkədə «yeni» olsalar da, təhsilə və iqtisadi cəhətdən müstəqilliyə can atma tendensiyaları var. Onların 40 faizinin kolleci bitirmək barədə diplomları var. Müsəlmanlar yəhudilərdən sonra ikinci ən təhsilli qrupdur. Onlar ümumi Amerika səviyyəsində faiz etibarilə daha təhsillidirlər. Müqayisə üçün qeyd edək ki, amerikalıların cəmi 29 faizinin ali təhsillə bağlı diplomu var.

5. Qərbdəki müsəlmanlar Yaxın Şərq və Pakistandakı müsəlmanlar kimi geridə qalmış baxışlara malikdir

Əslində isə müsəlmanlar Qərbə köçəndən dərhal sonra mədəni baxışlarını dəyişirlər. Məsələn, Amerika müsəlmanlarının 62 faizi deyir ki, İsrailin mövcudiyyətinin elə üsulunu tapmaq olar ki, bu üsul fələstinlilərin hüquqlarını nəzərə alsın. Bu, belə düşünən amerikalıların ümumi sayından (67 faiz) cüzi azdır. Əvəzində isə həmin rəqəm Yaxın Şərqdə belə düşünən müsəlmanlardan xeyli çoxdur. Yaxın Şərqdə müsəlmanların ancaq 20-40 faizi belə düşünür.

Başqa bir misal: Amerika müsəlmanlarının 39, Almaniya müsəlmanlarının isə 47 faizi deyir ki, homoseksuallığa dözümlü yanaşır. Bu göstəricini İslam ölkələrinin çoxundakı göstərici ilə müqayisə etməyə belə dəyməz. Özü də ki, bu rəqəm mühacirlərin hər yeni nəsli ilə bir qədər də dəyişir. Bu məsələlərlə bağlı müsəlman mühacirləri Qərb baxışlarına daha çox yaxınlaşırlar.

6. Amerikalı müsəlmanlar ölkələrindən çox, dinlərinə sadiqdirlər

Doğrudur ki, müsəlman kökü olan amerikalıların 49 faizi özünü ilk növbədə müsəlman, ikinci növbədə amerikalı sayır. 47 faiz isə bəyan edir ki, hər cümə günü məscidə gedir. Amma bu statistikanı amerikalı xristianların statistikası ilə müqayisə etmək lazımdır. Onların 46 faizi bildirir ki, özünü ilk növbədə xristian, sonra isə amerikalı hesab edir (bu zaman xristian dininin Yevangeliya kilsəsinin tərəfdarları arasında həmin rəqəm 70 faizə qədər yüksəlir). Amerika xristianlarının 45 faizi hər bazar günü kilsəyə getdiyini bildirir.

Başqa sözlə, müsəlmanlar arasında dindarlıq səviyyəsi onları qəbul edən ölkənin digər əhalisi arasındakı dindarlıq səviyyəsi ilə təxminən eynidir. Eyni halı Fransada da müşahidə etmək olar: bu ölkədə müsəlman kökü olanların beşdə biri ateistdir, cəmi 5 faiz müsəlman müntəzəm olaraq məscidə gedir. Bu, Fransa xristianları arasındakı rəqəmlə eynidir.

7. Kasıb müsəlmanlar əhalinin çox olduğu ölkələrindən Qərbə qaçırlar

Həqiqətdə isə ən kasıb və əhalinin sıx olduğu İslam ölkələrindən daha az mühacir çıxır. Bu mühacirlərin isə çox az bir qismi Qərbə üz tutur. Mühacirlər daha çox əhali artımının ən aşağı olduğu ölkələrdən çıxırlar və bu mühacirət heç də qonşu ölkələrə üz tutmur.

Müsəlmanlar hətta İslam dünyasına yaxın olan ölkələrdə belə ən böyük mühacir qrupu deyillər. Məsələn, kasıb ərəb ölkələrinə yaxınlıqda yerləşən İspaniyada mühacirlərin cəmi 13 faizi müsəlmanlardır: İspaniya mühacirlərinin böyük əksəriyyəti Atlantik okeanın o biri üzündə yerləşən ispandilli ölkələrdən gələnlərdir. Böyük Britaniyada müsəlmanlar mühacirlərin cəmi 28 faizin təşkil edirlər. Bu rəqəmin artacağı isə gözlənilmir.

8. Müsəlman mühacirlər onları əhatə edən cəmiyyətə acıqlıdırlar

Əslində isə müsəlman mühacirlər onları əhatə edən dünyadan və sosial institutlardan ümumi əhaliyə nisbətən daha razıdırlar. ABŞ-dakı müsəlman mühacirlərin 84 faizi həyatından razı olduğunu bildirir. Amerikalılar arasında ümumilikdə belə deyənlərin sayı isə 75 faizdir. Amerikada doğulan müsəlmanlar arasında bu göstərici daha yüksəkdir – 90 faiz. Hətta məscidlərində vandallıq aktlarının getdikcə daha tez-tez baş verdiyi müsəlman kvartallarının rəyi soruşulan əhalisinin 76 faizi onların rayonunun əla və ya ümumilikdə həyat üçün daha yaxşı olduğunu bildirir.

Bu hiss çox tez-tez qürura çevrilir. Məsələn, Böyük Britaniyanın müsəlmanlarının 83 faizi bu ölkənin vətəndaşı olmaqdan qürur duyduğunu bildirir. Bu rəqəmi ümumi britaniyalılar arasında belə söyləyən 79 faiz britaniyalı ilə müqayisə edin. Müsəlmanların cəmi 31 faizi Britaniyanın yaxşı günlərinin artıq arxada qaldığı fikri ilə razıdır. Ümumilikdə britaniyalılar arasında belə düşünənlərin sayı isə 45 faizdir.

9. Qərbdəki müsəlmanlar terrorçuluğu təqdir edirlər

Yəqin ki, çoxları Amerika müsəlmanlarının 8 faizinin məqsəd ədalətli olduğu halda mülki obyektlərə zərbə endirilməsinin tez-tez və ya bəzən düzgün olduğunu düşündüyünü eşidəndə, dəhşətə gələcək. Amma nəticə çıxarmağa tələsmək olmaz. Bu rəqəmi Amerikadakı qeyri-müsəlmanların 24 faizinin terror aktlarının tez-tez və ya bəzən haqlı olduğunu düşünmələri ilə müqayisə etdikdə daha çox dəhşətə gəlirsən.

Bu cavab bütün böyük sorğularda öz əksini tapıb. «Dinc əhaliyə qarşı hücum mənəvi cəhətdən düzgündürmü» sualına fransızların və almanların 1, ingilislərin isə 3 faizi müsbət cavab verib. Həmin ölkələrdəki müsəlmanların analoji suala cavabı isə aşağıdakı kimi olub: Fransada 2 faiz, Almaniyada 0,5 faiz, Britaniyada 2 faiz. «Xoş məqsəd xatirinə zorakılığa haqq qazandırmaq olarmı» sualına isə aşağıdakı cavab alınıb: Fransızların 7 faizi müsbət cavab verib və onlardan ancaq 8 faizi müsəlman olub; almanların 10 faizi müsbət cavab verib və onlardan ancaq 2 faizi müsəlman olub, britaniyalıların 10 faizi müsbət cavab verib və ancaq 8 faiz müsəlman olub. Bu, bəlkə də terror qurbanlarının 85 faizinin məhz müsəlman olması ilə bağlıdır…

10. Müsəlmanlar o qədər çoxdurlar ki, ən geniş yayılan ad Məhəmməddir

Bu, həm doğru, həm də yanlış nəticədir... Əgər islam peyğəmbərinin adının yazılmasının 12 versiyasının hamısı üst-üstə gəlinsə, 2010-cu ildə Məhəmməd adı ilə adlandırılan yeni doğulan körpələrin sayı daha çox olub.

Amma bu, daha çox adla bağlı olan dəbdir. Bir çox müxtəlif müsəlman mədəniyyətlərində yeni doğulan oğlan uşaqlarına birinci rəsmi ad kimi Məhəmməd adı verilir. Qərbin digər vətəndaşları, ilk növbədə ağ dərili ingilisdillilər və qara dərili xristianlar arasında körpələrə qeyri-adi ad verilməsi dəbə minib. 2011-ci ildə bu qrupların nümayəndələrinin yeni doğulan körpələrinə verdikləri adın 50 faizi qeyri-adi olub. Başqa sözlə, Məhəmməd adının birinci yerə çıxmasında qeyri-müsəlmanların ənənəvi adlardan uzaqlaşması da öz rolunu oynayıb.

Bütün bunların nəticəsində o qədər də geniş yayılmayan Məhəmməd adı birinci yerə çıxıb. Əslində isə 2010-cu ildə İslam peyğəmbərinin adı ilə Məhəmməd adlandırılan britaniyalılar cəmi 1 faiz təşkil ediblər.

Kamal Gürşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1756

Oxşar yazılar