Risk altında olan evlilik  - Ailədə kişi ilə qadın arasındakı etimadı  nə məhv edir?
16 yanvar 2026 19:49 (UTC +04:00)

Risk altında olan evlilik - Ailədə kişi ilə qadın arasındakı etimadı nə məhv edir?

0

Ailə münasibətləri nadir hallarda qəfil dağılır. Əksər hallarda etibar gündəlik vərdişlərə çevrilmiş səhvlərin təsiri ilə tədricən yoxa çıxır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqların fikrincə, bunun əsas səbəbi səmimi və açıq dialoqun olmamasıdır.

İnsanlar zamanla hissləri barədə danışmağı dayandırır, problemləri sözlə deyil, susqunluqla “həll etməyə” çalışırlar. Məhz bu, etibarın sarsılmasına aparan ilk addım sayılır, sözləri sükut əvəz etdikdə isə anlaşılmazlıq daha da böyüyür və münasibətlərdə məsafə yaranır.

Mütəxəssislərin sözlərinə görə, kişilər çox vaxt işə qapanır, qadınlar isə məişət qayğıları içində yorulur. Nəticədə ailə daxilində ünsiyyət minimuma enir, tərəflər bir-birini dinləməkdən uzaqlaşır.

Psixoloqlar vurğulayır ki, etibar diqqət və qayğı tələb edir. Bu diqqət olmadıqda münasibətlər tədricən formallığa çevrilir və ailə birliyinin mənəvi bağları zəifləyir.

Etibarın itirilməsinə səbəb olan digər mühüm amil isə gizli incikliklərdir. Zamanında danışılmayan narazılıqlar yığılır, sonra soyuqluq və laqeydlik şəklində özünü göstərir.

Hətta kiçik yalanlar belə münasibətlərə ciddi zərbə vurur. Çünki yalan tərəfdaşın gözündə insanı yadlaşdırır və inamı sındırır.

Psixoloqlar qeyd edirlər ki, xəyanət etibarın itirilməsinin ən ağır və ən kəskin formasıdır. Lakin xəyanət bir anda baş vermir, ona aparan yol çox vaxt xırda addımlardan, diqqətsizlikdən və laqeyd münasibətdən başlayır.

Dəstəyin olmaması da ailədəki uçurumu daha da dərinləşdirir. Tərəflər bir-birinə dayaq olmadıqda, özlərini artıq “komanda” kimi hiss etmirlər və münasibətlərin emosional dayağı zəifləyir.

Maliyyə problemləri də etibara təsir edən amillər sırasındadır. Xüsusilə gizli xərclər və açıq danışılmayan pul məsələləri şübhə yaradır, ailədə gərginliyi artırır.

Mütəxəssislər tövsiyə edir ki, hətta ən xırda məsələlər belə müzakirə olunsun. Bu, tərəflər arasında yaxınlığı qorumağa, anlaşmanı gücləndirməyə kömək edir.

Etibarın sarsıldığı məqamlardan biri də tərəflərdən birinin özünü dəyərsiz və qiymətləndirilməmiş hiss etməsidir. Psixoloqlar bildirirlər ki, bir-birinin zəhmətini görmək və bunu etiraf etmək münasibətlər üçün vacib şərtdir.

Ailə münaqişələrinin böyük hissəsi məhz etimadsızlıqla bağlı olur. Etimadsızlıq hər mübahisəni sadə fikir ayrılığı deyil, mübarizə və qarşıdurmaya çevirir.

Psixoloqlar xatırladır: etibar illərlə qurulur, amma bir anda dağıla bilər. Buna görə də onu qorumaq, münasibətləri diqqətlə idarə etmək lazımdır.

Hörmətin olmaması isə problemi daha da ağırlaşdırır. Hörmət olmayan yerdə etibarın mövcudluğu mümkün sayılmır.

Ekspertlər əmindirlər ki, ailəni qorumağın əsas yolu dürüstlükdür. Məhz buna görə psixoloqlar tərəfləri açıq danışmağa, dialoqa vaxt ayırmağa çağırırlar. Çünki səmimi ünsiyyət etibarı bərpa etməyin ən real yoludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 58

Oxşar yazılar