Boşanma – təkcə emosional yox, həm də maddi durumumuza təsir edən stresli bir prosesdir. Psixoloqlar və tədqiqatçılar bildirirlər ki, boşanmaya münasibət bir çox amillərdən – o cümlədən insanın erkən yaşlardan formalaşan şəxsi və mədəni dəyərlərindən asılıdır.
Bu barədə Lent.az sizə məlumat verir.
Amerikalı psixoloq Mark Treversin sözlərinə görə, mədəni dəyərlər boşanma qərarına təsir edən mühüm amillərdən biridir.
Məsələn, fərdiyyət və azadlıq yüksək dəyərləndirilən cəmiyyətlərdə boşanma çox zaman özünü reallaşdırmağa aparan normal bir addım kimi qəbul edilir. Belə cəmiyyətlərdə insanlar, hətta bu evliliyin pozulmasına səbəb olsa da, şəxsi xoşbəxtliklərini axtarmağa daha meyllidirlər. Əksinə, sosial bağlılıq və ənənələrə böyük əhəmiyyət verilən cəmiyyətlərdə boşanma ictimai nizamın pozulması kimi qəbul olunur. Belə cəmiyyətlərdə bir çoxları bədbəxt evlilikdə qalmağa üstünlük verir.
Trevers izah edir ki, ictimai iştirakçılığın yüksək olduğu ölkələrdə insanlar bəzən münasibətləri davam etdirmək üçün sosial təzyiq hiss edirlər – hətta bu, onların şəxsi əzab çəkməsi bahasına olsa belə. Belə cəmiyyətlərdə boşanma çox zaman utancverici hadisə kimi dəyərləndirilir. Əvəzində, müstəqillik təşviq edilən mədəniyyətlərdə boşanma tez-tez şəxsi rifaha doğru atılan bir addım kimi görülür.
Şəxsi dəyərlər də böyük rol oynayır
Sabitlik və ənənəyə önəm verən insanlar daha az ehtimalla boşanma qərarı verirlər. Onlar evliliyin qorunmasını mənəvi borc hesab edirlər. Əvəzində, şəxsi azadlığa və inkişafa önəm verənlər, əgər münasibətlər artıq onları qane etmirsə, boşanmanı yeni bir başlanğıc kimi görə bilərlər. Xüsusilə də müstəqilliyin yüksək dəyərləndirildiyi ölkələrdə bu cür şəxsi dəyərlər boşanma qərarına ciddi təsir edir. Araşdırmalar göstərir ki, dəyişikliklərə açıq olan insanlar, evlilikdən gözləntiləri qarşılanmadıqda, boşanma qərarına daha asanlıqla gəlirlər. Bu onu göstərir ki, mədəniyyət və şəxsi dəyərlər birlikdə insanların evliliyə və boşanmaya münasibətini formalaşdırır. Bundan əlavə, sabitlik dəyərləri ümumilikdə evliliyi qorumağa kömək etsə də, bir istisna var: Əgər münasibətlər çox ağrılı və zərərli hala gəlibsə, insanın təhlükəsizlik və rahatlıq axtarışı onu boşanma qərarına gətirə bilər. Öz dəyərlərinizi və partnyorunuzun dəyərlərini başa düşmək – uğurlu münasibətin əsas şərtidir. Psixoloqlar bildirirlər ki, dəyərlər və inanclardakı fərqləri anlayan cütlüklər, münasibətlərdəki çətinlikləri daha yaxşı dəf edə və daha möhkəm birlik qura bilirlər. Axırda sevgi vacibdir, lakin ümumi dəyərlər çox zaman evliliyin davamlılığını müəyyən edən əsas amilə çevrilir.