59
12:30
16 Noyabr 2020

İşğaldan azad edilən ərazilərdə sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq

İşğaldan azad olunan ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması da təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az -a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərimizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlçatan bərpa müalicə imkanlarına malik olmaları üçün həmin ərazilərdə də yeni reabilitasiya müəssisələrinin yaradılması nəzərdə tutulur. Qısa müddətdə inşa olunacaq müəssisələr müasir avadanlıqlarla da təchiz ediləcək. Bərpa müalicə prosedurlarının formalaşdırılmasında bölgənin yerli təbii müalicəvi resurslarından da səmərəli istifadə olunması diqqətdə saxlanacaq.

Sosial xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri işğaldan azad edilən ərazilərimizi də əhatə edəcək. Bu bölgələrimizdə tənha ahıl və əlilliyi olan şəxslərin evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçirilməklə yanaşı, stasionar və yarımstasionar tipli sosial xidmət müəssisələri də yaradılacaq. Eyni zamanda, dövlət sosial sifarişləri əsasında qeyd edilən ərazilərdə günərzi qayğı və icma əsaslı reabilitasiya xidmətləri göstərən mərkəzlərin qurulması təmin olunacaq.

Bakı və Göyçay, Gəncə şəhərlərində peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir və işğaldan azad edilmiş bölgələrimizdə də yaxın dövrdə regional peşə hazırlığı infrastrukturunun qurulması nəzərdə tutulur.

Bu istiqamətdə aparılacaq işlər, yaradılacaq müəssisələr həmin bölgələrimizdə reabilitasiya və sosial xidmətlər sisteminin qurulması ilə bərabər, yeni iş yerlərinin və məşğulluq imkanlarının artmasına da müsbət təsirini göstərəcək.

Dİgər xəbərlər