Dözə bilmədilər. Heç bir gün belə. Köhnə vərdişlərinə qayıtdılar, səs-səsə verib yenə də Azərbaycan hakimiyyətini ittiham edirlər. Ki, niyə sülhyaratma gücü olaraq Rusiya seçilib?
Əslində, bu sualın cavabını özləri yaxşı bilirlər. Lap elə hamıdan da yaxşı. Lakin ilişməyə başqa səbəb tapa bilmədikləri üçün millətin hisslərilə bu yandan oynamağa çalışırlar.
Hal belə ikən biz də nəyin nə olduğunu izah etməyə məcburuq. Necə deyərlər, sırasıyla izah edək.
Heç çox demirəm, cəmi 2 ay öncə Azərbaycanda nə qədər adam düşünə bilərdi ki, az bir müddət sonra torpaqların tamamı Ermənistanın işğalından qurtarılacaq? Əminəm ki, buna inananların sayı heç də çox deyildi. Hətta ən optimist adamlardan biri kimi mən belə daxilən narahatlıq keçirirdim ki, birdən alınmaz.
Yaxud, yenə də 2 ay öncə nə qədər insanımız inanardı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib Ermənistanı biabırçı sülhə məcbur edəcək? Yenə də əminəm, belə düşünənlərin sayı heç də çox deyildi.
Daha bir məqam: nə qədər insanımız son günə qədər əmin idi ki, savaş dönəmində Rusiya bu qədər tərəfsizlik nümayiş etdirəcək? Şəxsən mən əmin deyildim və hər gün, hər saat səksəkə içində idim ki, Quzey qonşumuz anidən Azərbaycanın qarşısını kəsib dur deyəcək. Və biz də güc qarşısında dayanmalı olacağıq. Olmayıbmı belə hallar? Olub axı. Görmüşük. Gözümüzlə. Qarabağda Azadlıq hərəkatımıza həvəslə başlamışkən məhz Rusiya bizi dayandırıb və dayanmalı olmuşuq.
İndi nə baş verir bəs? Rusiya, dediyimiz kimi, tərəfsizliyini qorumağa çalışdı. Sonadək özü də. Hətta o qədər tərəfsiz davrandı ki, biz yatsaq yuxumuza girməyəcək uğurlar qazandıq. Müzəffər ordumuz Şuşanı azad etdi! İnanılacaq şey deyil! Və Şuşa düşməndən qurtulunca ermənilər rəsmən yalvarmağa başladılar. Nəticədə Azərbaycan Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev işğalçı Ermənistanı ən aşağılayıcı şərtlərə imza atmağa məcbur etdi.
İndi kimlərsə deyir ki, biz gərək Şuşadan sonra da davam edəydik. Edə bilərdik. Lakin belə olan halda dünya bizə qarşı çevriləcəkdi. Lap elə Rusiyanın özü də. Çünki Azərbaycan ermənilərin öz vətəndaşımız olduğunu, onlarla birlikdə yaşamağa hazır olduğunu illərdir dediyi halda bu savaşda hamısını qovub çıxarsaydı işimiz çox çətin olacaqdı. Ona görə də dövlət başçısı bu dəfə də bizə qarşı köklənmiş məlum qlobal güclərin iştahasını qursağında boğdu. Ermənistanı aşağılayıcı şərtlərlə sülhə məcbur edib savaşı tam qələbəylə başa çatdırdı!
Sual olunur ki, niyə biz Rusiyanın sülhyaratma güclərinin gəlməsinə razı olduq? Əlavə sual da edilir ki, niyə Türkiyə yoxdur bu işin içində?
Tək-tək izah edirik.
Rusiyanın olması ən təbii məsələdir. Çünki bu dövlətin həm Azərbaycanla, həm də Ermənistanla olduqca yaxın münasibətləri var. Özü də ənənəvi. Ona görə də sülhyaratma prosesinə onun cəlb edilməsi hər iki tərəf üçün uyğun seçimdir.
Türkiyəyə gəlincə, bizim qan qardaşımız olan bu dövləti ermənilər Azərbaycandan fərqli görmürlər. İndi sülhyaratmaya birbaşa bu dövlətin cəlb edilməsinə Ermənistan razı ola bilərdimi? Təbii ki, yox. Çünki haqlı olaraq deyəcəkdilər ki, ya Azərbaycan, ya Türkiyə, fərq etmir. Ermənilər üçün yəni. Düz də deyirlər. Doğrudan da Azərbaycanla Türkiyə ət və dırnaq kimidir.
Belə bir durumda Rusiya 5 il müddətinə sülhyaratma kontingenti ilə bölgəyə dəvət edildi. Hər iki tərəfin razılığı əsasında. Cəmi bir alaylıq canlı qüvvəsi var bu heyətin. Yəni böyük güc deyil. Üstəlik də bölgədə qalan erməni əhalinin təhlükəsizliyinə məsuldur bunlar. Xalqlar arasında bir növ körpü rolunu oynayacaqlar. Həm də hələ də səbrini basa bilməyən ermənilərin artıq-əskik hərəkətlərinin qarşısını alacaqlar. Biz də ala bilərik o hərəkətlərin qarşısını. Lakin bunu qlobal ictimai rəyə təqdim etmək asan olmaz. Ancaq Rusiya əsgəri bunu edincə ermənilər çox da hay-küy sala bilməyəcəklər.
İndi də keçək bəzi kəsimlərin “niyə Rusiya” sualının səbəbinə. İrəli qaçaraq qeyd edim ki, şəxsən mən Azər Həsrət Rusiya sevdalısı deyiləm. Şəxsimi tanıyan hər kəs bunu çox yaxşı bilir. Yəqin heç bundan sonra da dönüb Rusiya sevdalısı olan deyiləm. Lakin bir çoxlarından fərqli olaraq gerçəklərlə hesablaşmağı, yeri gələndə maksimalizmdən qaçmağı da bacaranam.
Sözümün canı odur ki, bu yazımla heç də Rusiya sülhyaratma missiyasından ötrü ürəyimin getmədiyini ifadə etmiş oluram. Bununla belə, indiki halda məhz elə Rusiyanın seçilməsinin ən düzgün addım olduğuna əminliyimi də ifadə edirəm.
Dediyimiz kimi, bir alaylıq canlı qüvvəsi var Rusiyanın Qarabağda. Azərbaycan ordusu, uyğun dövlət qurumlarıyla gərəkli işbirliyi içində fəaliyyət göstərirlər. İşğalçı Ermənistanla da onların anlayıb qəbul etməli olduqları dildə danışırlar. Yəni tam olaraq bir sülhyaratma missiyasıdır və əbədi olaraq Azərbaycan torpaqlarında qalan deyil.
Savaşın bitirilməsi üçün imzalanmış sənəddə də nəzərdə tutulduğu kimi, Rusiya əsgərini 5 il sonra təntənəli şəkildə yola sala biləcəyik. Yəni belə bir haqqımız var. Bəziləri deyir ki, Azərbaycan bunu edə bilməyəcək. O bəzilərinə də xatırladırıq: Rusiya üçün olduqca strateji əhəmiyyətli Qəbələ RLS-i bağlatdıran biz deyilmiydik? Azərbaycan dövləti müddəti başa çatınca Rusiya tərəfə bildirdi ki, müqaviləni daha uzatmırıq. Rusiya da bunu anlayışla qarşıladı, məsələ qapandı.
İndi bu sülhyaradanlarla bağlı da eyni hal olacaq. Əgər 5 ilin tamamına doğru ermənilərlə aramızdakı buzu əridə bilsək artıq onlara gərək qalmayacaq. Və hər kəs əmin olsun ki, biz Qarabağda yaşayan erməni vətəndaşlarımızı haqq yoluna gətirib dinc yaşamağa alışdıra biləcəyik. Azərbaycan dövlətinin bölgənin iqtisadi inkişafı üçün görəcəyi işlər, rifah halının yüksəldilməsi onların bizimlə hesablaşmağına səbəb olacaq. Onda da araçılara – sülhyaradanlara gərək qalmayacaq.
Məsələ bu qədər sadədir. Buna baxmayaraq bəzi şəxslər – siyasi oyunbazlar bu qədər böyük qələbəmizi gözdən salmaq üçün görün nələrə əl atırlar. Bir daha deyirik, bir zamanlar xəyal belə etməyə çətinlik çəkdiyimiz gerçək olub artıq. Bunu da müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dühası bacarıb. O, milləti səfərbər edib, hamımızı illərdir inandırıb və son qələbəyə gətirib çıxarıb. Təbii ki, belə bir durum onun siyasi ömrünü nəinki uzadır, həm də əbədi edir. Bu gün ölkədə kimi dindirsən deyir ki, İlham Əliyevi Azərbaycanın ömürlük prezidenti seçək. Bu, xalqın güvəni – etimadıdır. Bu adam bunu öz zəhmətilə qazanıb. İndi kimlərsə qalxıb yenə də iddia edir ki, İlham Əliyev yanlış yoldaymış…
Bu adamlara yenə də xatırladaq. Onlar illər öncə açıq iddia edirdilər ki, İlham Əliyev Qarabağı Ermənistana satıb. Deyirdilər ki, onun Qarabağ dərdi yoxdur və bu adam heç vaxt o torpaqları işğaldan azad etmək haqqında düşünmür. Bizsə hər kəsi inandırmağa çalışırdıq ki, elə deyil. İlham Əliyev hamıdan çox istəyir və çalışır ki, Qarabağ birdəfəlik düşmən işğalından qurtulsun. Biz haqlı çıxdıqmı? Çıxdıq! Sadəcə bəzi məsələlərin zamana ehtiyacı var ki, öz həllini tapsın. Qarabağ məsələsi də onlardan biri idi. Vaxtı çatınca həllini tapacaqdı. İlham Əliyev də hamıdan yaxşı bilirdi ki, o vaxt haçan çatacaq.
Demək istədiyimiz odur ki, indiki mərhələdə Rusiyanın sülhyaratma gücünün cəlb edilməsinin niyə uyğun olduğunu İlham Əliyev hamımızdan yaxşı bilir. Necə ki, illərdir ona güvənib əvəzində bu gün hətta Şuşanı belə geri almışıq, bundan sonra da güvənməyə davam edək ki, yeni uğurlarımız olsun. Hətta xəyal belə edə bilməyəcəyimiz uğurlarımız…
Azər Həsrət