Azərbaycan musiqisinə qarşı erməni saxtakarlığı ifşa olundu
08 noyabr 2020 19:12 (UTC +04:00)

Azərbaycan musiqisinə qarşı erməni saxtakarlığı ifşa olundu

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə noyabrın 6-da “Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasəti” mövzusunda onlayn beynəlxalq konfrans-konsert keçirilib.
Bakı Musiqi Akademiyasından Lent.az-a verilən məlumata görə, “Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin eyni adlı layihəsi əsasında və Azərbaycan Prezindenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin maliyyə dəstəyi ilə keçirilən beynəlxalq elmi tədbirdə BMA-nın mütəxəssisləri, yaradıcı gənclər, ictimai fəallar, bəzi dövlət qurumları iştirak ediblər.

Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktru, dosent Nuridə İsmayılzadə konfransda beynəlxalq elmi tədbirin mövzusu, layihənin məqsədi barədə ətraflı məlumat verib. Sonra BMA-nın rektoru, SSRİ və Azərbaycan Xalq artisti, professor Fərhad Bədəlbəylinin videomüraciəti təqdim olunub. F. Bədəlbəyli bu konfransın aktuallığını, milli musiqimizə qarşı erməni saxtakarlıqlarının elmi əsaslarla ifşa olunmasının vacibliyini diqqətə çatdırıb, mədəniyyət beşiyi Qarabağın işğaldan tam azad olunduğu ərəfədə musiqişünaslıq ictimaiyyətinin qarşısında dayanan vəzifələrdən danışdı və konfransa uğurlar arzulayıb.

Mövzu ilə bağlı elmi və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin məruzəsi dinlənilib. O, Türkiyədə elmi konfransların birində ermənilər ilə “Sarı gəlin” mahnısı ətrafında mübahisələrindən bəhs edib, mahnının Azərbaycan musiqisinə məxsusluğu barədə mülahizələrini bildirib. Xalq artisti, müğənni Zümrüd Məmmədova beynəlxalq Babil musiqi festivalında ermənilərin həm Ermənistanı və həm də qondarma “Qarabağ Respublikası”nı təmsil etməsi, buna görə təşkilatçılara etirazını bildirməsi, festivalda ermənilərin Azərbaycan musiqiçilərinə təxribatı, lakin minlərlə dinləyicinin məhz Azərbaycan musiqisinə dövlət bayraqları ilə dəstək verməsi barədə konfransı əyani materiallarla məlumatlandırıb.

Konfransda dosent, aparıcı elmi işçi Ariz Abduləliyevin “Azərbaycan musiqisi: tarix, ənənə və erməni vandalizmi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Ermənilərin Azərbaycan rəqslərinə qarşı saxtakarlıqları” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə milli musiqimizə qarşı erməni saxtakarlıqlarına və plagiatlarına dair faktlar araşdırılıb, onların elmi tənqidi verilib.

Nyu-Yorkdan Milli Musiqi və Qlobal Mədəniyyətlər Cəmiyyətinin prezidenti, məşhur pianoçu, BMA-nın professoru Nərgiz Əliyarova, görkəmli kulturoloq alim, publisist J.Spitzberg, Berlindən Alman-Azərbaycan Dotluq Cəmiyyətinin sədri Emil Hassanov, Gürcüstanda M.F.Axundov adına dövlət museyinin direktoru Leyla Əliyeva, Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədov, Novosibirsk şəhər dövlət simfonik orkestrinin baş dirijoru Etibar Əhmədov, Ukraynadan M.Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasov, Qırğızıstandan musiqiçünas-alim Sebahaddin Svrikaya, Ege Universiteti Dövlət Konservatoriyasının professoru, doktor Gürbüz Aktaş, Türkiyədən tanınmış pianoçu, bəstəkar və dirijor Turan Manafzadə, NDU müəllimi Fəridə Ağayeva, yaradıcı ziyalılar Sebahaddin Manafzadə, Anar Rafiqoğlu, Əqli Mülkiyyət Hüquqları Agentliyinin rəsmiləri Natiq İsayev və Elnur Məmmədli, Mədəniyyət Nazirliyi idarəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı və b. iştirak edərək, mövzuya dair yeni faktlar göstəriblər, maraqlı çıxışlar ediblər.

Bütün çıxışlarda Azərbaycan musiqi mədəniyyəti ətrafında milli həmrəylik, elmi obyektivlik, erməni vandalizminə qarşı ifşaedici mövqe sərgiləndi, bu istiqamətdə təkliflər irəli sürüldü, layihəyə və konfransdakı məruzələrə dəstək nümayiş olunub.

Konfransda video formatında musiqi nümunələri də səslənib. Layihənin rəhbəri, gənc bəstəkar İlahə İsrafilova (İlahə Qismət) Qazaxıstanın məşhur “Nomad” folklor ansamblının müşayiəti ilə “Sarı gəlin” xalq mahnısını oxuyub.

Beynəlxalq müsabiqə laureatı Fəqan Həsənli fortepiano üçün işlənilmiş xalq rəqslərini, gənc ifaçılar (tar və fortepiano) F.Əmiovun məşhur “Kor Ərəbin mahnısı”nı təqdim ediblər. Konsertin proqramı erməni plagiatına məruz qalmış milli musiqi nümunələrindən təşkil olunub.

Sonda beynəlxalq konfransın iştirakçıları tərəfindən bəyanat qəbul edilib. Dünyanın musiqi ictimaiyyətinə ünvanlanan bəyanatda ermənilərin Azərbaycan ərazilərini işğal erməsi, dinc əhaliyə atəş açması, Azərbaycan musiqisinə qarşı plagiatlıq əməlləri, milli mədəniyyətimizi mənimsəmələri faktları pislənilib. Beynəlxalq konfrans dünya musiqiçilərini ermənilərin anti-humanist fəaliyyətinə qarşı birgə fəaliyyətə səsləyib.

 

# 1636
avatar

Oxşar yazılar