Koronavirus təhlükəsi: karantin sərtləşdirilməlidir? - MÜTƏXƏSSİS DANIŞIR
29 oktyabr 2020 15:11 (UTC +04:00)

Koronavirus təhlükəsi: karantin sərtləşdirilməlidir? - MÜTƏXƏSSİS DANIŞIR

Xəbər verdiyimiz kimi, pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-i saat 06:00-dək uzadılıb.

Dünən isə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına ilk dəfə ən yüksək - 988 yeni yoluxma qeydə alınıb.

Lent.az mövzu ilə əlaqədar Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevlə müsahibəni təqdim edir:

- Hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni (ikinci) dalğasını yaşayır. Onun təhlükələri haqqında isə müxtəlif fikirlər yayılır. Yeni dalğa ilə bağlı fikirləriniz nədən ibarətdir?

- Əvvəlcə təəssüf hissi ilə bildirim ki, hələ də virusun yeni dalğasının Azərbaycanda yaradacağı təhlükəni dərk etməyən vətəndaşlarla yanaşı, həkimlərimiz, hətta elm adamlarımız var. Bu həm çox təhlükəli, həm də özü-özlüyündə qeyri-ciddilik nümunəsidir. 

Mən bu günə qədər dalğa barədə danışan insanlardan dalğanın nə demək olduğunun dolğun izahını eşitməmişəm. Bu 8 ayda bəziləri statistik pikləri misal gətirdi, bəziləri rəsmi rəqəmlər çoxaldısa, dalğanın gəldiyini bildirdi və s. Amma bunların hamısı səhvdir. Dalğanın tərifi var və orada deyilir ki, dalğa eyni zaman çərçivəsində bütün regionlarda hər bir yaş qrupunda virusa yoluxmanın baş verməsi deməkdir. Elə bu tərifin özünü başa düşmək nə qədər problemin açıq qaldığını göstərir.

Məsələn, biz yay aylarında olan dalğa zamanı uşaqların statistikasına ciddi yanaşmamışıq və ya rəsmi statistikaya görə, virusa yoluxma həddindən çox az olan regionlar olub. Bu da elmi olaraq dalğa ilə uyğun gəlmir. Onsuz da statistik rəqəmlərin nisbi olduğu elm adamlarına məlumdur. Bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Sadəcə, diqqət olunmalı məqam elmdən kənara çıxılmamaqdır, əks halda çox qeyri-ciddi görünür. 

- Bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Azərbaycanda da qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə bilərmi?

- Məlumat üçün bildirim ki, COVID-19-un öyrənilməsi istiqamətində aparılan son elmi tədqiqatlar göstərir ki, bu virusun özünə də xas olan bir xüsusiyyətdir. Məsələn,  bir müddət sonra virus kəskin azalır və sonra yenidən çoxalır. İnsanlar isə deyilənlərə əməl etsələr, bu çoxalma zamanı yoluxmaların dalğa halına keçməsinin qarşısı alına bilər. Bir çox dövlətlər də artıq insanların deyilənlərə əməl etmədiyini və dalğanın həqiqi yarandığını görərək, rəsmi olaraq yeni dalğanın baş verməsini elan ediblər. Məsələn, Almaniyada artıq qaydalar gələn həftədən daha da sərtləşdirilir. Bunun Azərbaycanda da tətbiq edilməsi vacibdir və birbaşa insanların təhlükəsizliyinə xidmət edir. Sərtləşdirilən qaydaların hamısı da elmi əsaslı olmalıdır. Bu barədə də mənim bu günə qədər kifayət qədər ciddi və elmə əsaslanan təkliflərim olub. 

- Hazırda vətəndaşların qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmur. Buna əsas səbəblər nədir? Nə üçün insanlar özlərini qorumurlar? 

- Təəssüf ki, insanlar tətbiq edilən karantin rejimlərində olan yumşalmalarla bərabər virusa qarşı deyilən tövsiyələrə də laqeyd yanaşmağa başlayıb. Bunun baş verməməsi üçün düşünürəm ki, gərək maarifləndirmə işinə, eləcə də məsələnin aktuallığına müvafiq qurumlar fərqli yanaşsınlar. 

Məyusedici haldır ki, bizdə bir müddət məsələ tam bitmiş kimi davranıldı. Hətta televiziya kanallarında həkimlər dövləti ittiham etməyə başladı ki, bu virus daha bitdi, rayonlara yollar tam açılmalıdır, insanlar dənizə getməlidir, ikinci dalğa daha olmayacaq və s. Bunu görən xalqda da təbii olaraq məsələlərə qeyri-ciddilik və deyilənləri önəmsəməmək yarandı. İndi elə həmin insanları eyni televiziya kanallarına çağırıb 988 yoluxma sayını göstərmək lazımdır.

- Ticarət, məişət-iaşə obyektlərində də hazırkı vəziyyət qənaətbəxş deyil. Maraqlıdır, digər ölkələrdə vəziyyət necədir? 

- Əslində, mən bu məsələlərdə Azərbaycanı xariclə müqayisə etməyin tərəfdarı deyiləm. Çünki ola bilər ki, İspaniyada hamı alış-veriş mərkəzində qaydaları pozsun, maska taxmasın və orda yoluxma halları çoxalsın, alış-veriş mərkəzi bağlansın. Bu indi o demək deyil ki, Azərbaycanda da alış-veriş mərkəzlərini bağlamaq lazımdır. 

Düşünürəm ki, Azərbaycanda klaster (topluluq - red.) üsulu ilə yoluxmaların ən çox harada yayıldığı mütləq qeydiyyata alınmalıdır. Daha sonra yoluxma çox olan həmin yerlər bağlanmalı və ya müəyyən məhdudiyyətlərlə işləməlidir. Məsələn, gələn həftədən Almaniyada iki ailənin ev şəraitində görüşməsi zamanı adam saylarına bir daha məhdudiyyət qoyulub. Çünki yoluxma hallarının o şəraitdə daha çox yayılmasına rast gəlinib. Supermarketlərdə isə belə hallara rast gəlinmədiyinə görə məhdudiyyət yoxdur. Məhz bu kimi şeyləri Azərbaycanda tətbiq etmək vacibdir. 

- Məlumdur ki, hazırda Azərbaycan Ermənistanın təcavüzünə qarşı əks-hücum əməliyyatları aparır. Koronavirusa yoluxmanın ölkədə çoxalması isə cəbhədə olan hərbçilərimiz üçün təhlükə yarada bilər. Bu təhlükənin qarşısını almaq üçün nələr etməliyik?

- Birincisi, insanlar başa düşməlidir ki, həm ön, həm də arxa cəbhədə mübarizə aparmaq olduqca vacibdir. Arxa cəbhədə virusla layiqli mübarizə ön cəbhədə əsgərlərimiz üçün də təhlükəsizlik deməkdir. İnsanlar bilməlidir ki, bütün deyilən qaydalara əməl etmək artıq mütləqdir. Tibbi maskadan istifadə, məsafə saxlanılması, gündəlik canlı təmasların mümkün qədər minimuma endirilməsi, qapalı otaq şəraitində iştiraklardan maksimum imtina edilməsi mütləq riayət olunmalı qaydalardır. Bu qaydaların hamısına birdən əməl edilməlidir. Maska taxan məsafə saxlamazsa, o zaman virusdan qorunmaq mümkün deyil. Bunlardan başqa, açıq havada da olsa belə bir yerə toplaşmaq, cəmləşmək yoluxmalara səbəb olur.

Valideynlər özləri ilə yanaşı, uşaqlarını da virusdan qorumalıdırlar. Buna səbəb virusun yayılmasında böyüklərlə yanaşı, uşaqlaın ciddi rol oynamasıdır. Yaşından asılı olmayaraq hər bir şəxsin əllərini təmiz saxlaması önəmlidir, çünki virus 15 faizə qədər səthi təmaslardan yayıla bilir.

Bir şeyi də unutmaq olmaz ki, əgər qaydalara əməl edilməzsə, xəstəxanalarımızın reanimasiyaları viruslu xəstələrlə dolarsa və hər kəs yay aylarındakı kimi birdən xəstələnərsə, göstəriləcək tibbi xidmətin keyfiyyəti aşağı düşə bilər. Bu isə ölüm saylarının çoxalması deməkdir.

 

# 1264
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar