Dünyada bu gün - VİDEO
25 oktyabr 2020 09:02 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

PABLO PİKASSO

(1881-1973)

 

Mənşəcə ispan olan dünya şöhrətli fransız rəssamı, heykəltəraş, qrafik, keramist və dizayner Pablo Pikasso 25 oktyabr 1881-ci ildə Malaqada dünyaya gəlib. Səkkiz yaşında ikən özünün ilk ciddi əsəri olan “Pikador”u yaradıb. 1894-1895-ci illərdə La-Korunyada incəsənət məktəbində təhsil alıb. 1895-ci ildə Barselona incəsənət məktəbinə daxil olub. 1897-ci ilin sentyabr ayında Madridə yollanaraq San-Fernand Akademiyasına daxil olub. Jorj Brakla birlikdə kubizm cərəyanının banisi sayılır. 1902-ci ilin əvvəllərində sonralar “mavi dövr” adlandırılacaq üslubda əsərlər işləməyə başlayıb. 1904-cü ildən Parisdə məskunlaşıb və bundan sonra "Çəhrayı dövr" adlandırılacaq yeni mərhələ açılıb. Məşhur "Şar üzərində qızcığaz" əsəri "mavi" və "çəhrayı" dövrlər arasındakı keçid mərhələsinə aiddir. XX əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biri sayılan Pablo Pikasso 8 aprel 1973-cü ildə dünyasını dəyişib.

 

 

VEYSƏL ŞATIROĞLU

(1984-1973)

 

Türk xalq ozanı, Əfşar boyunun Şatırlı obasına mənsub musiqiçi Aşıq Veysəl Şatıroğlu 1984-cü il oktyabrın 25-də Sivasın Şarkışla əyalətinə bağlı Sivrialan kəndində dünyaya gəlib. 7 yaşında olanda Sivas bölgəsində yayılan “su çiçəyi” xəstəliyi səbəbindən sol gözü görmə qabiliyyətini itirib. 1943-1946-cı illərdə Arifiyə, Həsənoğlan, Yıldızeli, Kastamonu və Əskişəhərin Çiftələr kənd institutlarında xalq türküləri müəllimi kimi də fəaliyyət göstərib. İlk şerlər kitabı 1944-cü ildə Ankarada “Deyişlər” adı ilə çap olunub. Daha sonralar onun “Sazımdan səslər”, “Aşıq Veysəl”, “Dostlar məni xatırlasın” və başqa kitabları işıq üzü görüb. Aşıq Veysəl Şatıroğlu 1973-cü ildə martın 21-də doğma kəndi Sivrialanda dünyasını dəyişib.

 

 

BƏDURƏ ƏFQANLI

(1912-2002)

 

İlk azərbaycanlı qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi, xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı 1912-ci ilin bu günü Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumuna daxil olub, 1931-ci ildə isə Bakı Rəssamlıq Məktəbini bitirib. Aşqabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu rəssam, Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam, 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işləyib. Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşaları, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib. Bir çox əsərləri Azərbaycan Dövlət Teatr Muzeyi və Rusiya Mərkəzi Teatr Muzeyində saxlanılır. Bədurə Əfqanlı 7 may 2002-ci ildə Bakıda vəfat edib. O, Azərbaycanın xalq artisti Rza Əfqanlının həyat yoldaşı, xalq artisti Ofeliya Aslanın anasıdır.

 

 

MUSTAFA NƏSİROV

(1921-2012)

 

İkinci Dünya müharibəsi veteranı, Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib. 1972-ci ilin dekabrında SSRİ DTK-nın Zaqafqaziya Sərhəd Dairəsi Qoşunlarının rəis müavini təyin edilib. SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. "Şöhrət" ordeni ilə təltif edilən Mustafa Nəsirov 27 may 2012-ci ildə Bakıda vəfat edib.

 

 

NƏCİBƏ MƏLİKOVA

(1921-1992)

 

Azərbaycanın xalq artisti, aktrisa Nəcibə Haşımbəy qızı Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində doğulub. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfində və Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb. Gəncə Dövlət Dram Teatrında və Akademik Milli Dram Teatrında çalışıb. “Arşın mal alan”, "Ögey ana", “Əhməd haradadır?”, “Fətəli xan”, "Aygün", “Qanun naminə” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Nəcibə Məlikova 27 iyul 1992-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, jurnalist Haşım bəy Sağibin qızı, dövlət və partiya xadimi Ruhulla Axundovun bacısı qızıdır.

 

 

ELMİRA ŞAHTAXTİNSKAYA

(1930-1996)

 

Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi Elmira Həbibulla qızı Şahtaxtinskaya 1930-cu ilin bu günü Bakıda doğulub. Orta təhsilini Bakı şəhərində alıb, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini və V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapıb. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarel işlərindən ibarət "Çexoslovakiyada” seriyasını, "Sosialist Bakısı", "Bolqarıstanda", "Qutablar"və "Novruz bayramı" tablolarını yaradıb. Moskva, Kaunas və sair şəhərlərdə fərdi sərgisi nümayiş etdirilib. "Şərəf" ordeni ilə təltif edilən Elmira Şahtaxtinskaya 13 oktyabr 1996-cı ildə Moskvada vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub. O, akademik Həbibulla Şahtaxtinskinin qızı, akademik Məhəmməd Şahtaxtinskinin bacısıdır.

 

 

HACI MAİL

(1935-1999)

 

Füzulişünas alim, şair, qəzəlxan, filologiya elmləri namizədi Hacı Mail İsmayıl oğlu Əliyev 25 oktyabr 1935-ci ildə Bakının Nardaran kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra 18 il Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. "Məcməüs-şüəra" ədəbi məclisinin bərpaçısı, "Füzuli" ədəbi məclisinin təşkilatçısı və sədri olub. “Füzuli divanının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” adlı əsərinə görə filologiya elmləri namizədi elmi dərəcəsinə müdafiəsiz layiq görülüb. Hacı Mail 22 avqust 1999-cu ildə Bakıda vəfat edib və Nardaranda dəfn olunub.

 

 

DİLARƏ SEYİDZADƏ

(1939)

 

Görkəmli ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor Dilarə Bağır qızı Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında baş müəllim işləyib. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində böyük məsləhətçi, daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsinə təyinat alıb. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi təyin edilib. Dilarə Seyidzadə "Şöhrət" və “Şərəf” ordenləri ilə təltif olunub.

 

 

VURĞUN ƏYYUB

(1957-2019)

 

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, filologiya üzrə fəlsəfə doktoru Vurğun Əliş oğlu Əyyub 1957-ci ilin bu günü Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb. Müxtəlif illərdə Sabirabad və Tovuz rayonlarında, Azərbaycan Pedaqoji Universitetdə müəllim işləyib. Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olub, “Çənlibel” təşkilatına rəhbərlik edib. AXC Məclisinin və İdarə Heyətinin üzvü, Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, partiyanın baş katibi, Müsavat başqanının 1-ci müavini olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib və 1992-ci ildə Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulunun keçirilməsini təmin edib. Bir kitabın, 150-dən çox elmi və siyasi-publisistik məqalələrin müəllifidir. Vurğun Əyyub 2019-cu il sentyabrın 24-də Bakıda vəfat edib və Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında dəfn olunub.

 

 

HAKİM HƏSƏNOV

(1973-1993)

 

Şəhid Hakim Cəmiyağa oğlu Həsənov 25 oktyabr 1973-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olub. Yeddioymaq kənd orta məktəbində, Bakı Dənizçilik Məktəbində təhsil alıb. 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusun Qusar batalyonunda hərbi xidmətə başlayıb. Qubadlı-Laçın bölgəsində gedən qızğın döyüşlərdə fəal iştirak edib, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan və Türklər kəndlərinin erməni quldurlarından təmizlənməsində böyük şücaət göstərib. Hakim Həsənov 1993-cü il aprelin 5-də Laçın bölgəsinin Qızartı kəndini erməni qəsbkarlarından azad edərək qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib. Qasımlı kənd orta məktəbinə adı verilib.

 

 

MİRZAĞA ƏLİYEV

(1883-1954)

 

SSRİ xalq artisti, teatr və kino aktyoru Mirzağa Əli oğlu Əliyevin anım günüdür. O, 1883-cü ildə Bakının Hövsan kəndində doğulub. İlk təhsilini mollaxanada alıb, Bakıda rus-müsəlman məktəbini bitirib. İlk dəfə 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı səhnəyə çıxıb. 1906-1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olub, 1907-1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışıb. "Bismillah", "Hacı Qara", "Məhəbbət Oyunu", "Almaz", "Bakının İşıqları" və başqa filmlərdə çəkilib. Volqaboyu şəhərlərində, Tiflisdə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar verib. "Qırmızı Əmək Bayrağı" ordeni və SSRİ Dövlət Mükafatı ilə təltif olunan Mirzağa Əliyev 1954-cü il oktyabrın 25-də Bakıda vəfat edib.

 

 

FİRUDİN ŞUŞİNSKİ

(1925-1997)

 

Musiqişünas Firudin Məhəmməd oğlu Həsənov-Şuşinskinin xatirə günüdür. O, 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Malıbəyli kənd məktəbində, Ağdam məktəblərində ədəbiyyat müəllimi işləyib. İkinci Dünya müharibəsində fərqləndiyinə görə "İgidliyə görə" və başqa orden, medallara layiq görülüb. "Şuşa", "Cabbar Qaryağdıoğlu", "Seyid Şuşinski", "Tiflisin köhnə musiqiçiləri", "Azərbaycan xalq musiqiçiləri" və başqa kitabların müəllifidir. Uzun illər Azərbaycan televiziyasında "İfaçılıq sənəti" verilişini aparıb. Firudin Şuşinski 1997-ci il oktyabrın 25-də Bakıda vəfat edib.

 

 

AŞIQ KAMANDAR

(1932-2000)

 

Çağdaş Azərbaycan aşıq sənətinin və Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Kamandar Həmid oğlu Əfəndiyev də bu gün xatırlanır. O, 1932-ci il oktyabrın 21-də Gürcüstanın Borçalı mahalının Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olub. Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olub. 72 saz havasını böyük ustalıqla ifa edib. "Fəxri", "Qaragöz balam", "Doğma Gürcüstanım" və bir neçə saz havasının yaradıcısıdır. Bir çox kitabın müəllifidir. Azərbaycan və Gürcüstan teleradio şirkətlərinin qızıl fondunda çoxlu lent yazıları saxlanılır. "Şərəf" ordeni ilə təltif olunan Aşıq Kamandar 2000-ci il oktyabrın 25-də Marneulidə vəfat edib.

 

 

KAMRAN BAĞIROV

(1933-2000)

 

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Məmməd oğlu Bağırovun anım günüdür. O, 1933-cü il yanvarın 24-də Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib, sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi təyin olunub. 1982-1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. 1988-ci ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilib və bir müddət bu vəzifədə işləyib. Kamran Bağırov 2000-ci ilin oktyabrında vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

MÜSLÜM MAQOMAYEV

(1942-2008)

 

Dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirə günüdür. O, 1942-ci il avqustun 17-də Bakıda görkəmli bəstəkar Müslüm Maqomayevin oğlunun ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə bitirsə də, hələ birinci kursda oxuyarkən Opera və Balet Teatrının solisti olub. 1964-1965-ci illərdə Milanın La-Skala Teatrında təcrübə keçib. Bu məşhur opera səhnəsində ifa etdiyi Coakinyo Rossinin “Sevilya bərbəri” operasındakı Fiqaro partiyası ona böyük şöhrət qazandırıb. Sopot və Kannda keçirilmiş mahnı müsabiqələrinin laureatı olub. Müğənninin repertuarında xarici ölkə bəstəkarlarının əsərləri, xüsusilə italyan mahnıları geniş yer tutur. Həmçinin estrada mahnılarının müəllifi kimi tanınır. Haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə Moskvada vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

# 775
avatar

Oxşar yazılar