18:10
16 Oktyabr 2020

"Azərbaycan Prezidenti erməni yalanlarını ifşa etdi" - AKTUAL ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə veriblər.

Qeyd edək ki, müsahibə zamanı ölkə rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanı yaradılıb.

Qarşılaşmanı Lent.az -a Bakı Dövlət Universitetinin professoru, Tarix elmləri doktoru Qabil Əliyev və Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova şərh ediblər.

Professor Qabil Əliyev qeyd edib ki, hazırda xalqımız öz doğma yurdunda dinc yaşamaq hüququnu bərpa etməkdədir:

“Bu günlərdə Azərbaycan xalqı öz torpaqlarında yaşamaq hüququnu əlində silah müdafiə edir, işğal edilmiş ərazilərimizi geri almaq, insanlarımızın dədə-baba torpaqlarında, öz doğma yurdunda azad və müstəqil yaşaması üçün savaşır.

Azərbaycan Prezidenti İlham Əliyev son günlərdə dünyanın aparıcı mətbuat agentliklərinə, televiziya kanallarına verdiyi çoxsaylı müsahibələrində Qarabağ müharibəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkəmizə çox böyük uğurlar qazandırıb. O, hər bir suala dəqiq, məntiqli, yoxlana bilən faktlara söykənən cavabları ilə ermənilərin və ermənipərəst qüvvələrin Azərbaycan haqqında yaydığı qərəzli, saxta məlumatları təkzib edir, erməni yalanlarını yayanları çətin vəziyyətə salır.

Müsahibəni götürənin hər iki tərəfdə muzdlu döyüşçülərin iştirak etməsi haqqında sualına verilən cavabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirdi ki, Azərbaycanın Qarabağda apardığı azadlıq müharibəsində hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur və Orduda 100 mindən çox döyüşçü var. Eləcə də, zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Dövlət başçısı xüsusi vurğuladı ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübarizə aparıb.

Ermənistan Baş naziri Nikol Paşinyan isə heç bir ciddi arqument, dəlil-sübut irəli sürmədən Azərbaycan tərəfdən guya hansısa ölkədən gətirilmiş muzdlu döyüşçülərin olduğunu iddia edir. Üstəlik, xəyal gücünü işə salaraq, belə muzdluların regionun başqa ölkələrində də göründüyünü söyləyir. İşğalçı ölkənin baş naziri bu iddiası ilə Rusiya hakimiyyətini terrorçulara qarşı birgə mübarizə aparmaq üçün Ermənistana yardım etməli olduğu barədə mesaj verməyə çalışır. Yalnız müsahibə götürənin yenidən sualı təkrar etməsindən sonra Ermənistan ordusu sıralarında xaricdən erməni diasporu nümayəndələrinin könüllü kimi döyüşdüyünü etiraf etmək məcburiyyətində qalır”.

Q.Əliyev həmçinin Azərbaycan və Ermənistan liderlərinin kompromislərlə bağlı suala cavabları barədə də fikirlərini bildirib:

“Bu suala cavab verən Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bütün prosesləri dərindən bildiyini nümayiş etdirir, öz fikrini aydın ifadə etmək, hər bir arqumenti dəlillərlə əsaslandırmaq bacarığı ilə izləyicilərdə onun dediklərinə şübhə yeri qoymur. Prezident İlham Əliyev bəyan edir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Bununla yanaşı, dövlət başçımız onu da diqqətə çatdırır ki, torpaqlarımız tam şəkildə işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi bütün kommunikasiyaları, o cümlədən Ermənistan-Azərbaycan sərhədində yerləşən kommunikasiyaları açmağa, Dağlıq Qarabağa, o cümlədən Şuşaya azərbaycanlı məcburi köçkünlər qaytarıldıqdan sonra da Dağlıq Qarabağın qəti statusunun müəyyən edilməsinə dair danışıqlara başlamağa hazırdır.

Aparıcı Dmitri Kiselyov bu sualı N.Paşinyana üç dəfə təkrar-təkrar vermək məcburiyyətində qalır. İzləyicilərdə belə təəssürat yaranır ki, Ermənistanın Baş naziri ya sualı başa düşmür, ya da özünü eşitməzliyə vuraraq, sualdan yayınmağa çalışır. Birinci dəfə o, kompromis kimi “Dağlıq Qarabağ xalqının” öz müqəddəratını təyin etmək hüququna malik olduğunu iddia edir, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. Bu rabitəsiz və məntiqsiz cavabdan heç nə anlaşılmadığı üçün aparıcı sualı ikinci dəfə təkrarlayır. Lakin Paşinyan bu dəfə də ümumi sözlərlə kompromis barədə suala konkret cavabdan yayınır. Nəhayət, sual üçüncü dəfə təkrarlandıqdan sonra Baş nazir ümumi şəkildə bildirir ki, “biz Azərbaycanın hazır olduğu proporsional kompromislərə hazırıq”.

Professor diqqətə çatdırıb ki, bu müsahibəni seyr edən Rusiya auditoriyası İlham Əliyevin olduqca təcrübəli, fikirlərini aydın şəkildə, məntiqi ardıcıllıqla çatdıran və əsaslandıran, özünün və apardığı mübarizənin haqq işi olduğuna əmin olan qətiyyətli dövlət başçısı olduğu qənaətinə gəlir:

"Onun rəqibi isə özünü itirmiş, fikirlərini anlaşıqlı şəkildə izah etməyi bacarmayan, cəbhədəki uğursuzluqların yaratdığı çətinliklər qarşısında aciz qalmış, necə deyərlər “gah nala, gah mıxa vuran”, öz yerində olmayan siyasətçi təəssüratı yaradır.

İnanırıq ki, Azərbaycan Ordusunun Qarabağda növbəti qələbələri Ermənistan liderini daha ağır vəziyyətə salacaq, hay-küylü bəyanatları sülh haqqında zavallı yalvarışları ilə əvəz olunacaq".

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova isə mövzu ilə bağlı bildirib ki, sentyabr ayının 27-dən etibarən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının davam etdiyi, eləcə də humanitar atəşkəs dövründə ölkə prezidenti İlham Əliyev dünyanın müxtəlif, aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr verib:

“Sözügedən müsahibələr zamanı İlham Əliyevin bütün verilən suallara dəqiq, əhatəli, dolğun cavablar verməsi isə Azərbaycanın haqlı savaş aparmasını bir daha sübut edib. Rusiyanın “RİA Novosti” Agentliyi həm İlham Əliyevə, həm də ki, Nikol Paşinyana eyni suallar ünvanladı və verilən cavablardan bəlli oldu ki, Azərbaycan liderinin geniş məzmunlu, səlis açıqlamaları müqabilində işğalçı ölkənin rəhbəri suallara birbaşa cavab verə bilmir. N.Paşinyan verilən suallara konkret cavablar vermək əvəzinə, saxta, sübutu olmayan fikirlərini irəli sürdü. Hətta bir sual Ermənistanın baş nazirinə bir neçə dəfə izah edilməli, yenidən soruşulmalı olsa da tutarlı cavabı ondan almaq mümkün olmadı. Suallara verilən cavablardan bəlli oldu ki, 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi təkcə özünü müdafiə edən yox, eyni zamanda da öz haqlı tərəflərini irəli sürən dövlətin mövqeyi idi. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsi adlandırılan, mahiyyət etibarı ilə isə Ermənistanın Azərbaycana qarşı apardığı haqsız müharibədə N.Paşinyanın tutarlı, əsaslı cavablar verə bilməməsi gözlənilən idi. Onun əsaslandırılmamış, beynəlxalq ictimaiyyəti əsl həqiqətlərdən yayındıra biləcək saxta cavabları özünü və ölkəsini dünya ictimaiyyət qarşısında bir daha rəzil duruma saldı”.

F.Əhmədova suallardan birinin kompromislər haqqında olduğunu xatırladaraq, verilən cavabları müqayisə edib:

“İlham Əliyevin aydın və əhatəli verdiyi açıqlamada diqqətə çatdırıldı ki, ölkənin mövqeyi beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Eyni zamanda xatırlatdı ki, Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı deyil və olmayacaq.

Bundan başqa İlham Əliyev bundan əvvəl verdiyi müsahibələrdə dediyi kimi xatırlatdı ki, gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması mümkündür. N.Paşinyana isə eyni sualın üç dəfə verilməsinə baxmayaraq, cavabında tutarlı heç bir şey deyə bilmədi və Azərbaycanın hazır olduğu kompromislərə gedə biləcəklərini deməklə kifayətləndi.

Təəssüf ki, Ermənistan məkrli, saxtakardır və özünün haqsız mövqeyindən çəkinmək istəmir. Ancaq düşünürəm ki, Azərbaycanın öz torpaqları uğrunda apardığı həqiqi savaş dünya, beynəlxalq ictimaiyyət tərəfindən haqlı hesab ediləcək”.

Dİgər xəbərlər