14:43
11 Oktyabr 2020

İlham Əliyev: “Əsla şübhə ola bilməz ki, Türkiyə münaqişənin nizamlanmasında mühüm rol oynayacaq”

“Azərbaycanın Türkiyə tərəfindən idarə edilməsi və bizim onun iradəsini yerinə yetirməyimiz barədə bütün insunasiyalar tamamilə yalandır. Bu, həm də Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya müəyyən qədər zəiflətməyə yönəlib, lakin baş tutmayacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalında oktyabrın 11-də yayımlanan müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə ətrafında bütün bu informasiya hay-küyü üçün əsas olsaydı, Moskva bəyanatı olmazdı: “Bu bəyanat mənimlə razılaşdırılıb, başqa heç kimlə. Əgər bizi kimlərsə idarə etsəydi, onda yəqin ki, məsələ belə tezliklə həll edilməzdi. Hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı. Buna görə hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır”.

Dövlət başçısı “İndi Rusiyada çoxları “Türkiyə daha böyük rol oynamalıdır” frazasını eşidəcəklər. Bu sözlərin arxasında hansı məna var? Siz nəyi nəzərdə tutursunuz” sualına cavabında bildirib ki, bu barədə danışmaq hələ tezdir: “Çünki mən Azərbaycan tərəfinin mövqeyini bildirirəm. Lakin yaxın vaxtlarda müsahibələrimin birində demişəm ki, Minsk qrupu neçə illər bundan əvvəl – 1992-ci ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində formalaşıb. Əgər biz vasitəçilərin təmas qrupunu bu gün formalaşdırsaydıq, onun tərkibi fərqli olardı. Bu qrupun tərkibi münaqişə tərəflərinin niyyətlərini və istəklərini əks etdirməlidir. Minsk qrupunun tərkibi isə praktiki olaraq bunları əks etdirmir. Yeni təmas qrupunun və ya hansısa işçi qrupun, – onu necə adlandırmaq vacib deyil, – tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Əks halda, bunun nə mənası var? Bunun heç bir mənası yoxdur. Əgər biz münaqişəni həll etmək istəyiriksə, o, yeni format çərçivəsində həll olunmalıdır. Baxın, son vaxtlar bir sıra qaynar nöqtələr barəsində ölkələrin mövqelərini razılaşdırmaq üçün nə qədər yeni əməkdaşlıq formatı yaradılıb - üçtərəfli, dördtərəfli. Axı, onlar indi yaradılır, hansısa ehkamlar əsasında deyil, real qüvvələr nisbəti əsasında yaradılır. Buna görə burada əsla şübhə ola bilməz ki, Türkiyə münaqişənin nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq. Bunun hansı formada - hüquqi, yoxsa de-fakto həyata keçirilməsi artıq texniki məsələdir”.

Dİgər xəbərlər