Qarabağ haqda hələ "Neftçi"də işləyəndə bilirdim" - ispaniyalı məşqçi
11 oktyabr 2020 12:25 (UTC +04:00)

Qarabağ haqda hələ "Neftçi"də işləyəndə bilirdim" - ispaniyalı məşqçi


“Qarabağ” 30 il əvvəl torpaqları Ermənistan tərəfindən işğal edilən qaçqın komandadır. Komanda doğma meydana həsrətdir, ev oyunlarını Bakıda keçirir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın keçmiş məşqçisi Ruben Selleş ölkəsi İspaniya mətbuatına açıqlamasında bildirib.

Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı həmkarlarımız vaxtilə ölkəmizdə fəaliyyət göstərmiş mütəxəssisin fikirlərinə yer verib. Selleş Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”ın rəqibi olan “Qarabağ”ın Avropa arenasında missiyasının Qarabağın Azərbaycana məxsus olduğunu bütün dünyaya çatdırmaq olduğunu söyləyib: “Bu klubun öz siyasi mövqeyi var. Bunu da Avropada uğurlu çıxış etməklə layiqincə yerinə yetirir. Bu münaqişəni dünyaya çatdırmaq bir missiyadır. Klubun hədəflərindən biri həmişə bu olub. Çünki həm klub rəhbərliyi, həm məşqçilər korpusu, həm də futbolçuların bir hissəsi bu hadisələri yaşayıb”.

Hazırda “Valensiya”nın aşağı yaş qrupunda fəaliyyət göstərən 37 yaşlı məşqçi Azərbaycanda çalışanların keçmişdə yaşananlardan xəbərdar olduğunu əlavə edib: “Qarabağ”ın hazırda Bakıda bazası var, orada məskunlaşıb. Baş vermiş hadisələrin ildönümləri hər dəfə klub daxilində xatırlanır, heyət bir araya toplanır. Orada olanlar məni təəccübləndirmirdi. Çünki bunların hamısını hələ “Neftçi”də çalışanda bilirdim. Azərbaycanda çalışanlar bu tarixi bilirlər”.

Qeyd edək ki, Ruben Selleş 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da köməkçi məşqçi kimi çalışıb.

# 967
avatar

Oxşar yazılar