Azərbaycan Prezidenti İlham Əliyevə dünya ölkələrindən və Azərbaycanın hər yerindən məktublar gəlməyə davam edir.
Lent.az həmin məktublardan bir neçəsini təqdim edir:
Təranə Xəlilova Rusiyadan yazır:
- Əziz Prezidentimiz.
Sizə olan minnətdarlığımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sizin gördüyünüz işin dəyəri olduqca böyükdür. Bu günlərdə özümü çox xoşbəxt hiss edirəm. Bu Sizin sayənizdədir.
Allah Sizi, bütün ailə üzvlərinizi qorusun. Mən Qarabağ bölgəsində doğulmasam da, bütün bu illər ərzində oranın işğal altında olması daim səadətli anlarıma kölgə salıb. Allah Sizin kölgənizi Azərbaycanın başı üzərindən əskik etməsin.
Sizə nə qədər təşəkkür etsəm, yenə də azdır. Çox sağ olun. Nə yaxşı ki, varsınız.
Rəşad Quliyev, Almaniyadan:
- Hörmətli cənab Prezident.
Sizin komandanlığınızla rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi üstünlüklər və qələbə xəbərləri Dünya Azərbaycanlıları Assambleyası üzvlərini də son dərəcə sevindirir.
İllərdir həyata keçirdiyiniz uğurlu xarici siyasətiniz bu gün də öz bəhrəsini verir. Biz də dünya azərbaycanlıları olaraq bu siyasətinizi dəstəkləyirik və bu yolda üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qeyd etmək istərdim ki, biz də öz növbəmizdə Ermənistanın işğalçılıq siyasətini, vandalist rəftarını, terrorçu və antihumanist addımlarını dünya ictimaiyyətinə çatdırırıq. Son günlərdə informasiya müharibəsi zəminində bu təşəbbüslərimizi intensivləşdirmişik.
Nəzərinizə çatdırmaq istərdim ki Sizin "Qarabağ Azərbaycandır!" şüarınız beynəlxalq aləmdə devizimizə çevrilib. Dünya azərbaycanlıları yekdilliklə Sizin arxanızdadır.
Hörmətli cənab Prezident, dünya azərbaycanlıları birmənalı şəkildə Sizin mövqeyinizi dəstəkləyir və erməni işğalçılar işğal olunmuş əraziləri tərk etməyənədək durmaq yox, ancaq irəli getmək lazımdır.
Qəhrəman Sadiyev, Qazaxıstan:
- Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Biz xaricdə yaşayan azərbaycanlılar son günlərdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarında Sizin rəhbərliyinizlə ordumuzun terrorçulara qarşı apardığı mübarizədə Sizi dəstəkləyirik. Uzun illər düşmən tapdağı altında inləyən torpaqlarımızın azad olunması naminə apardığınız ədalətli mübarizədə Sizinləyik və hər zaman Sizin yanınızda olduğumuzu bəyan edirik. Qürurla, mətanətlə döyüşməyə, torpaqlarımızı düşmənlərdən azad etməyə son damla qanımıza qədər hazırıq.
David Rafael, İsraildən:
- Hörmətli cənab Prezident.
2019-cu ildə ölkənizə səfərim zamanı Azərbaycanın güclü və qüdrətli ölkəyə çevrilməsi istiqamətində hər yerdə mərhum atanızın əməyini və hazırda Sizin səylərinizi gördüm ki, bunu da çox yüksək qiymətləndirirəm.
Səfərim zamanı çox zəngin tarixə və mədəniyyətə sahib bir ölkə gördüyüm üçün xoşbəxt idim. Azərbaycanda İsrail Dövlətinə və yəhudi icmasına qarşı gördüyüm xoş münasibətə görə, cənab Prezident, Sizə xüsusi təşəkkür edirəm.
Bütün bu faktlar məndə Azərbaycan və onun vətəndaşları haqqında yalnız müsbət fikirlər yaradıb.
Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzulayır, Tanrıdan torpaqlarınızın müharibələr olmadan tam sülh şəraitində Azərbaycan ərazisinə qayıtmasını diləyirəm.
Bir daha təşəkkür edirəm.
Alışan Sülüymanov, Bakı:
- Hörmətli cənab Prezident.
Vətənimizin müstəqilliyi və bütövlüyü uğurunda zəhmətiniz hədsizdir.
Erməni qəsbkarları tərəfindən ölkəmizin işğal altına salınmış torpaqlarının azad edilməsi üçün Sizin prinsipiallığınız xalqımızı ruhlandırır, sevindirir. Qarabağı erməni əsarətindən qurtarmaq barədə əzmkarlığınız və siyasi döyüşkənliyiniz bizim xoşbəxtliyimizdir, qürurumuzdur.
Allah Sizi, Ordumuzu, xalqımızı sevindirsin.
Tanrı Sizə, Ordumuza və xalqımıza yar olsun.
İlham Mustafayev, Bərdədən:
- Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Erməni işğalçılarına qarşı apardığınız haqq mübarizənizi dəstəkləyir, Azərbaycan xalqına qələbə arzulayıram.
Ağdam rayonundan məcburi köçkün kimi tezliklə öz doğma torpaqlarımıza qayıdacağımız anı həsrətlə gözləyirəm.
Tanrı tezliklə qələbə gününü qeyd etməyi bizə nəsib etsin. Sizə, Ordumuza və xalqımıza güvənirəm.
Orxan Qubadlı, Biləsuvar:
- Hörmətli cənab Prezident.
Göstərdiyiniz qətiyyətə, xalqımız üçün etdiyiniz hər bir işə görə Sizə dərin minnətdarlığımı və sevincimi bildirirəm. Rəhbərlik etdiyiniz bir ölkədə yaşamaqdan qürur duyuruq. Hamımız yaxşı bilirik ki, indi Sizin üçün qayğılı bir vaxtdır. Amma böyükdən kiçiyə bütün insanlar Sizinlə birlikdədir.
Torpaqlarımızın qaytarılmasını 30 il gözlədik və indi şərəfli bir yoldayıq. Xalqımız mübarizəmizdə sona qədər Sizinlədir. İnşallah, qələbə bizimlədir. Allah Sizi və əsgərlərimizi qorusun!
Cənab Ali Baş Komandan, hər an silaha sarılıb Vətənimiz uğrunda vuruşmağa hazırıq.
Şakir İmanov, Yevlax:
- Möhtərəm cənab Prezident.
Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq və Sizin yanınızdayıq. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan Ordusu formalaşmışdır. Həmin siyasət və güclü Azərbaycan Ordusu ilə bütün işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün bizə yaşatdığınız bu sevincə görə Sizə təşəkkür edirik.
Cənab Prezident, bu gün hər birimiz bu Vətən Müharibəsində qələbə qazanmağımız üçün əlimizdən gələni edirik. Azərbaycan xalqı daim Sizinlə fəxr edib, edir və edəcək. Biz inanırıq ki, yaxın zamanda üçrəngli bayrağımız zəbt olunmuş torpaqlarımızda dalğalanacaq.
Tapdıq Abbasov, Laçın:
- Cənab Ali Baş Komandan.
Laçın rayonundan məcburi köçkünəm. Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışam. Ermənistan ordusunun vəhşiliyini öz gözlərimlə görmüşəm və mənim doğma Laçınım da erməni işğalı altındadır.
Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə Azərbaycan xalqının tarixi, əzəli-əbədi torpağı olan Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan ordusunun işğalından azad olunacaqdır. Bundan ötrü əks-hücum əmriniz hamımızın ürəyindən oldu. İllərlə bu günün həsrətində olmuşam. Qələbəyə köklədiyiniz Azərbaycanın nizami Ordusu torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq göstərir, yenilməz əzmkarlıqla vuruşur.
Siz ulu öndərimiz Heydər Əliyevin oğlusunuz. Ulu Öndərimizin adını, şərəfini uca tutursunuz, onun siyasi kursunu ləyaqətlə davam etdirirsiniz. Siz xalqımızın nicat yeri, döyünən ürəyisiniz. Uca Tanrı Sizi qorusun, Allah Sizə yar olsun.
Hədsiz ürəkaçan işlər məhz Sizin rəhbərliyiniz sayəsində bərqərar olmuşdur. Xalq-dövlət birliyi, möhtəşəm Vətən sevgisi məhz Sizin müdrik siyasətinizin nəticəsidir.
Müəllim işləmişəm. 73 yaşım var. Fəaliyyətim dövründə dərs dediyim şagirdləri elini-obasını, Vətənini, dövlətini sevən ruhda tərbiyə etmişəm. Onlar arasında Ordu sıralarında vuruşan, rayon, respublika səviyyəli kadrlar yetişmişdir. İndi Vətənimizdə müharibə gedir. Həmişə olduğu kimi, Vətən savaşında da Sizin arxanızdayam, bundan şərəf duyuram. Əsgərlərimizin yanında olmağa hazıram.
Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə otuz illik Vətən həsrətimin sonu çox yaxındadır. Qələbə müjdəsi və Sizə cansağlığı arzulayıram. Uca Tanrı Sizi qorusun. Allah Sizə yar olsun.