15:59
01 Oktyabr 2020

Həyatımızın ən mənalı günləridir – AHILLAR DANIŞDI

“Bu gün bizim günümüz - Beynəlxalq Ahıllar günüdür. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin ərazilərimizi işğaldan azad etməsi istiqamətində şanlı qələbələri indi bizim bu günü qat-qat artıq sevinc və qürur hissi ilə keçirməyimizə səbəb olub”.

Lent.az xəbər verir ki, bunu Ahıllar günü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi sakinləri ilə keçirilən görüşdə müəssisənin yaşlı sakinləri deyib.

Onlar işğal olunmuş ərazilərimizin çox qısa bir zamanda azad ediləcəyi ilə bağlı Prezident İlham Əliyevin qətiyyətli bəyanatlarından, Ordumuzun zəfər yürüşlərindən, düşmənə sarsıdıcı zərbələr vurmasından keçirdikləri sonsuz fəxr hisslərini, iftixar duyğularını bölüşüblər: “Bu günləri biz həyatımızın ən mənalı, ən sevincli günləri hesab edirik. Azərbaycan əsgərinin rəşadəti bizi o qədər ruhlandırıb ki, qoca, ahıl olmağımıza baxmayaraq, özümüzdə sanki yeni bir güc, qüvvə hiss edirik və hər an Ordumuzun sıralarına qoşulmağa, Ordumuza bacardığımız qədər köməyimizi, dəstəyimizi göstərməyə hazırıq!” - bunu isə müəssisədəki ahıllardan biri bütün sakinlər adından deyib.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib ki, bu gün ölkədə 420 mindən çox ahıl insan, yəni yaşı 70 və daha yuxarı olan şəxs var. Onların hər biri sosial təminat sistemi ilə əhatə olunub. Pensiyaları, müavinətləri, təqaüdləri ötən dövrdə dəfələrlə artırılıb.

V.Behbudov qeyd edib ki, Agentliyin sosial xidmətçiləri tərəfindən evlərində sosial-məişət xidməti göstərilənlərdən 6054 nəfəri məhz tənha ahıl vətəndaşlardır. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində də hazırda 220 nəfər tam dövlət təminatında yaşayır.

Dİgər xəbərlər