829
17:36
15 Sentyabr 2020

Məktəblərdə koronavirusun yayılmaması üçün TÖVSİYƏLƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası dövründə məktəblərlə bağlı tövsiyələr açıqlayıb.

Lent.az e-tibb.az-a istinadla ÜST-ün Azərbaycan nümayəndəliyinin sosial şəbəkədə “COVID-19 pandemiyası dövründə məktəbləri təhlükəsiz saxlayaq” adlı infoqrafiyasında qeyd olunan tövsiyələri təqdim edir:

Xəstə olduğunuz zaman evdə qalın.

Öskürərkən və ya asqırarkən ağzınızı büküyünüzlə və ya salfetlə bağlayın və salfeti dərhal atın.

Əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibi məhlulla təmizləyin.

Tez-tez toxunulan səthləri və əşyaları təmizləyin.

Digər şəxslərlə aranızda ən azı 1 metr məsafə saxlayın.

Maskadan istifadə edin.

Əvvəllər COVID-19-a yoluxmuş insanları aşağılamayın.

Fiziki təmasdan çəkinin, əl yelləyərək və başınızı tərpədərək salamlaşın.

Bundan başqa, ÜST, BMT-nin Təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşdırılmış idarəsinin (UNESCO), BMT Uşaq Fondunun (UNICEF) ekspertləri yeni tədris ilinin başlanması ilə əlaqədar bir sıra tövsiyələr açıqlayıblar.

Ekspertlər məktəblilərin və müəllimlərin maska taxmalarını və bir metr sosial məsafə saxlamağı tövsiyə edirlər.

Qeyd olunub ki, maskalardan istifadə edilməsi, otaqların müntəzəm olaraq təmizlənməsi və havalandırılması, əlləri tez-tez yumaq, müəllimləri və şagirdləri kiçik qruplara bölmək, fiziki məsafəyə riayət etmək – bu və digər tədbirlər məktəblərdə koronavirusun yayılmasının qarşısını almağa kömək edəcək.

ÜST, UNESCO və UNİCEF-in ekspertləri bildirir ki, həm siniflərdə, həm dəhlizlərdə, həm də digər otaqlarda azı bir metr fiziki məsafə saxlanmalıdır. Şagirdlərin sayı çox olan sinifləri qruplara bölmək üçün mümkün qədər çox müəllim və könüllü cəlb edilməsi zəruridir.

Mütəxəssislər hesab edir ki, məktəblərin müdiriyyəti şagirdlər arasında zəruri informasiyanı yaymalı, şagirdlərin böyük qruplar şəkilində toplaşmaması üçün müvafiq tədbirlər görməlidirlər.