17:41
14 Sentyabr 2020

Birgə yaşamaq istəməyən arvadını ölümlə hədələdi

Yasamalda arvadını öldürməyə cəhd edən keçmiş ərin cinayət işinin ibtidai istintaqı başa çatıb.

Yasamal rayon Prokurorlupundan Lent.az -a daxil olan xəbərə görə, cinayət işinin istintaqı baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, fevralın 1-də Yasamal rayonu ərazisində Dilarə Bəhmənovanın bıçaqla çoxsaylı xəsarətlər yetirilərək öldürülməsinə cəhd edilməsi faktı üzrə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi və Dilarə Bəhmənovanın ölümlə hədələnməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi bir icraatda birləşdirilməklə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə rayon prokurorluğunda istintaq davam etdirilib.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərəçəkmişin keçmiş əri Ceyhun Bəhmənovun Dilarə Bəhmənovanı yenidən birgə yaşamaları üçün evə qaytarmaq məqsədilə bir neçə dəfə ölümlə hədələməsinə, sonuncunun bundan imtina etməsi səbəbindən qeyd edilən tarixdə aralarında yaranmış mübahisə zamanı soyuq silah hesab edilən bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Bəhmənov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər