Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Əmrə Kılınçın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, yay fasiləsində “Sivasspor”dan transfer olunan 26 yaşlı yarımmüdafiəçi Super Liqanın 1-ci turunda “Qaziantep”lə keçirilən oyunda (3:1) zədələnib.
80-ci dəqiqədə yerini Cimmi Durmaza verən Əmrə “Qalatasaray”ın Bakıya gələcək heyətində yer alıb. Baş məşqçi Fatih Terim oyunundan məmnun qaldığı futbolçunun zədəsinin ciddi olmadığını açıqlayıb. Sabah keçiriləcək məşqdə kollektivə qoşulacaq cinah oyunçusu “Neftçi” ilə görüşdə baş məşqçinin ixtiyarında olacaq.
Ondan fərqli olaraq, Fernando Muslera, Ahmet Çalık, Əmrə Taşdemir, Valentin Ozornvafor, Əmrə Akbaba, Kərəm Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.