Son günlər Azərbaycanda koronavirusa gündəlik yoluxma ilə bağlı statistikada gah azalma, gah da artma qeydə alınır.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Lent.az-a bildirib ki, hazırda koronavirusa yoluxma dalğavari gedir:
“Bu isə pandemiyanın hazırki gedişi üçün normaldır. Diqqət etsək görərik ki, son günlər insanlar ciddiliyi daha çox başa düşürlər və maska taxırlar. Ehtiyatsızlıq etsək, verilən tövsiyələrə əməl etməsək virusun artma şansı çoxdur. Burada təkcə insanlardan asılı olmayan məsələ ictimai nəqliyyatdakı sıxlıqdır. Yəni, maska taxılsa belə sıxlıqda qorunma tədbirləri heçə düşür”.
C.İsayev qeyd edib ki, metronun açılması gözlənilən idi:
“Sadəcə, metro xüsusi nəzarətdə olmalı və insanlar maksimal dərəcədə tədbirlərə əməl etməlidir. Restoranlar açılıb, ancaq insanlar yeri düşdü-düşmədi, ürəyi istəyir deyə birbaşa ora gedirlər. Belə olmalı deyil. Gərək bir addım geri dayanaq və həyatımızı riskə atmayaq”.
Baş infeksionist koronavirusa qarşı peyvəndlərin sınaq dövründə olduğunu da vurğulayıb:
“Məsələn, Amerikada olan peyvəndlərdən biri sınaqdan keçirilsə də, özünü doğrultmayıb. Rusiya isə hazırladığı peyvəndi sınadığını və effektliyini iddia edir. Biz də peyvənd alanda diqqətlə seçim edəcəyik ki, həm insanları qorusun, həm də yan təsirləri olmasın.
Peyvəndlərin əhali üçün ödəniş məsələsinə gəlincə, düşünürəm ki, risk qrupuna daxil olan şəxslər üçün pulsuz, digərləri üçün ödənişli olacaq”.