508
09:02
11 Sentyabr 2020

Dünyada bu gün

ABŞ-DA 11 SENTYABR TERRORU

(2001)

11 sentyabr 2001-ci ildə "əl-Qaidə" terror təşkilatı Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror hadisələri törədib. Terrorçular tərəfindən ələ keçirilən “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin binasına çırpılıb. Faciə təxminən 3 minə yaxın dinc insanın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib. ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. 2002-ci ildə Ümumdünya Ticarət Mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulub.

MUXTAR DADAŞOV

(1913-1998)

Azərbaycanın xalq artisti, rejissor, kinooperator, ssenarist, Dövlət Mükafatı laureatı Muxtar Baba oğlu Dadaşov 1913-cü il sentyabrın 11-də Bakıda anadan olub. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxıb. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedib və orada bir sıra filmlərin çəkilişində iştirak edib. Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olub. 1977-1983-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb. 50 ildən çox Azərbaycan kinosuna xidmət edən Muxtar Dadaşov 1998-ci il mayın 7-də Bakıda vəfat edib.

İOSİF KOBZON

(1937-2018)

SSRİ və Rusiyanın xalq artisti, müğənni İosif Kobzon 11 sentyabr 1937-ci ildə Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərində anadan olub. 48 nömrəli məktəbin səkkizinci sinfini fərqlənmə diplomu ilə bitirdikdən sonra Dnepropetrovsk mədən texnikumuna daxil olub. Boks üzrə keçirilən idman yarışlarında iştirak edib, gənclər arasında şəhər birinciliyini və Ukrayna çempionatını qazanıb. 1956-1959-cu illərdə sovet ordusunda hərbi xidmətdə olub. Daha sonra Qnesinlər adına Dövlət Musiqi və Pedaqoji İnstitutunda vokal sinfini bitirib. 1959-1962-ci illərdə Ümumittifaq Radiosunun solisti, 1989-cu ilə qədər "Moskonsert"in solisti olub. II-VI çağırış Rusiya Dövlət Dumasının deputatı və Mədəniyyət komitəsinin sədri olub. İosif Kobzon 30 avqust 2018-ci ildə vəfat edib və Moskvanın Vostryakovsk məzarlığında dəfn olunub.

İSMAYIL BƏY QASPIRALI

(1851-1914)

Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, “üsuli-cədid” hərəkatının və tatar mətbuatının banisi, türkçülük hərəkatının mərkəzi siması İsmayıl bəy Qaspıralının anım günüdür. O, 1851-ci il martın 8-də Baxçasaray yaxınlığındakı Ovçu kəndində anadan olub. 1861-ci ildə Ağməscid gimnaziyasına daxil olub və orada 2 il təhsil alıb. Daha sonra təhsilini Voronej və Moskva hərbi məktəblərində davam etdirib. 1869-cu ildə Yaltanın Dərəkənd məktəbinə müəllim təyin edilsə də, burada iki il işlədikdən sonra, 1871-ci ildə Baxçasaraya qayıdaraq “Zəncirli” məktəbində rus dili müəllimi kimi fəaliyyətini davam etdirib. Daha sonra hərbi təhsilini tamamlamaq üçün 1872-ci ildə Parisə gedib. Bir il sonra türk zabiti olmaq arzusu ilə Parisdən İstanbula gəlsə də, bu istəyinə çatmadan 1875-ci ildə Krıma geri dönüb. 1878-ci ildə Baxçasaray şəhər bələdiyyəsinin sədri seçilib və 1882-ci ilədək bu vəzifədə çalışıb. 1879-cu ildə qəzet çıxarmaq məqsədilə hökumətə ərizə ilə müraciət etsə də, çar hökuməti bu müraciəti dörd il rədd edib. Öz düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən "Tərcüman" qəzeti vasitəsilə yayıb. İsmayıl bəy Qaspıralı 1914-cü ilin sentyabrın 11-də vəfat edib və Baxçasaraydakı “Zincirli” mədrəsəsinin həyətində yerləşən Mengli Gərayxan həzrətləri türbəsinin yanında dəfn edilib. O, ilk müsəlman qadın hərəkatının lideri Şəfiqəxanım Qasprinskayanın atası, Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin qayınatasıdır.

NİKİTA XRUŞŞOV

(1894-1971)

Sovet İttifaqı Qəhrəmanı, üçqat Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin ən məşhur rəhbərlərindən biri Nikita Sergeyeviç Xruşşovun xatirə günüdür. O, 1894-cü il aprelin 17-də Kursk vilayətinin Kalinovka kəndində anadan olub. Rusiyada vətəndaş müharibəsinin, Birinci və İkinci Dünya müharibələrinin iştirakçısı olub. 1931-ci ildən Moskva partiya təşkilatının katibi vəzifəsində çalışıb. 1953-cü ilin sentyabrından Sov.İKP MK-nın baş katibi, 1958-ci ildən 1964-cü ilə kimi SSRİ Nazirlər Sovetinin sədri olub və hakimiyyətdə olduğu 10 il müddətində daha çox stalinizmin ifşası ilə məşhurlaşıb. Stalinin sağ əli olan Lavrenti Beriyanın həbsi, SSRİ ilə ABŞ-ı müharibənin bir addımlığına gətirən “Karib böhranı” onun adı ilə bağlıdır. 1960-cı ildə BMT-nin iclasında çıxış edən zaman ayaqqabısını çıxardıb tribunaya döyəcləməklə SSRİ-ni tənqid edənləri hədələyib. Həmin məşhur ayaqqabılar 2007-ci ildə Xruşşovun nəvəsi tərəfindən 30 min dollara ABŞ vətəndaşına satılıb. Ginnesin Rekordlar Kitabına düşən ən bahalı teleqram da Nikita Xruşşovun 12 aprel 1961-ci ildə Yuri Qaqarinə ünvanladığı teleqramdır. Həmin teleqram 1993-cü ildə Amerikada keçirilən hərracda 68 500 dollara satılıb. 1964-cü ildə saray çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Nikita Xruşşov 1971-ci il sentyabrın 11-də Moskvada vəfat edib.

CƏFƏR RƏMZİ

(1905-1996)

Şair, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi, əmək veteranı Cəfər Rəmzi də bu gün xatırlanır. Cəfər Balaəmi oğlu İsmayılzadə 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində anadan olub. Bakı Darülmüəllimində, Azərbaycan Pedaqoji İnstitutunun tarix, dil və ədəbiyyat fakültəsində təhsil alıb. Uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllim kimi çalışıb. Mərdəkan gənclər özəyinin kitabxanasında, Azərbaycan EA Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində işləyib. Bədii yaradıcılığa 1954-cü ildən başlayan şair "Deyilən söz yadigardır" üç cildlik kitabının tərtibçisi, “Günləri sayıram”, “Ürəkdən gələn səslər” və başqa əsərlərin müəllifidir. Cəfər Rəmzi 1996-cı il sentyabrın 11-də Bakıda vəfat edib və Mərdəkan qəbiristanlığında dəfn olunub.

SALVADOR ALYENDE

(1908-1973)

Çilinin sosialist prezidenti Salvador Alyendenin anım günüdür. O, 1908-ci il iyunun 26-da Santyaqo şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Valparasio Universitetində tibb təhsili alıb. Tələbəlik illərində qısa zamanda üzvü olduğu təşkilatın liderlərindən birinə çevrilib və dostları ilə birlikdə sol yönümlü “Partido Socialista” adlı kommunist partiyasını yaradıb. 1939-cu ildə səhiyyə naziri, 1943-cü ildə isə Çili Sosialist Partiyasının icra komitəsinin rəhbəri təyin olunub. Sosial baxımdan az təmin olunmuş insanlar üçün bəzi qanunların qəbul olunmasına nail olub, bu cür fəaliyyətinə görə “Kasıbların Kralı” adını alıb. 1952, 1958 və 1964-cü ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb, ancaq qalib gələ bilməyib. 1967-ci ildə keçirilən seçkilərdə isə qələbə qazanıb. Seçkilər vasitəsilə hakimiyyətə gəlmiş ilk marksist prezident kimi tarixə düşüb. 1970-ci ildə sosialist, kommunist və liberallardan ibarət Xalq Birliyi adlı siyasi komitə yaradıb. Salvador Alyende 1973-cü il sentyabrın 11-də general Auqusto Pinoçet tərəfindən devrilib və silahlı çevriliş zamanı Prezident Sarayında qətlə yetirilib.

FAİL MAYILOV

(1971-1992)

Şəhid Fail Əlibala oğlu Mayılovun xatirə günüdür. O, 1971-ci ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Salyan peşə məktəbində təhsil alıb. 1992-ci ildə hərbi xidmətə yollanıb, Çıldıran kəndi uğrunda döyüşlərdə iştirak edib. Fail Mayılov 1992-ci il sentyabrın 11-də Ağdərənin Drmbon kəndi uğrunda gedən döyüşlərdə həlak olub və doğulduğu kənddə dəfn edilib. Şorkənd ümumi orta məktəbi onun adını daşıyır.