Əməkdar artist ad gününü qürbətdə qarşılayır
09 sentyabr 2020 14:52 (UTC +04:00)

Əməkdar artist ad gününü qürbətdə qarşılayır

Bu gün əməkdar artist Füzuli Hüseynovun 58 yaşı tamam olur.

Lent.az-ın məlumatına görə, aktyor yaşını ölkədən kənarda qarşılamalı olub. Pandemiyadan əvvəl dincəlmək üçün bir neçə günlük Rusiyaya səfər edən əməkdar artist yollar bağlandığından orda qalmalı olub. “Ad günüm mənim üçün adi günlərdən biridir, qeyd etmirəm, adətən. Bəlkə, yubileyimi vətəndə qeyd edərəm, hər şey qaydasında olarsa”.

Qeyd edək ki, Füzuli Hüseynov 1962-ci il sentyabrın 9-da Balakən rayonunda anadan olub. 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra müəllimi Həsənağa Turabovun teatra rəhbərlik etdiyi dövrdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb.

 O, Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil, İ. Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"nda Ayaz Turan, "Bizim qəribə taleyimiz"də Samir, "Şeyx Xiyabani"sində Şeyx Xiyabani, F. Q. Lorkanın "Qadın faciəsi"ndə Viktor, Anarın "Təhminə və Zaur"unda Spartak, S. Rəhmanın "Yalan"ında Şamil, N. Xəzrinin "Gecə döyülən qapılar"ında Səfər, V. Şekspirin "Kral Lir"ində Edmond kimi maraqlı obrazlar yaradıb.

Bu gün də həmin teatrda çalışan aktyor həm də filmlərə çəkilir.  "Təhminə"də Spartak, "Bəyin oğurlanması"nda Elxan, "Ölülər"dəki Mirzə Cəlil və digər obrazları var.

 

Azərbaycan Televiziyasında çəkilmiş ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar yaradıb.

 

Əməkdar artistdir, dəfələrlə (2014, 2016, 2017, 2018, 2020) Prezident mükafatına layiq görülüb.

Sevimli aktyoru təbrik edir, uğurlar və can sağlığı arzulayırıq.

# 4345
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar