Müasir protezləmə texnologiyası aktiv şəkildə inkişaf etdirilməkdədir. Mütəxəssislər hesab edir ki, insanlara süni əl-ayağı tətbiq etməyə mane olan problemlərdən biri həssaslığın olmamasıdır.
Lent.az "ictnews"a istinadən xəbər verir ki, elə bu səbəbdən Avstraliyalı alimlər ağrını, istiliyi və soyuğu hiss etmək qabiliyyətinə malik elektron dəri prototipi hazırlayıblar.
İnsan dərisi ətraf mühitin bu və ya digər dəyişiklikləri haqqında erkən bildiriş verən mürəkkəb mexanizmdir. O, qəfil ağrı zamanı beyinə siqnal göndərən çoxlu sayda sinirlə təchiz edilib.
Müasir elektron texnologiyalar bu hisslərin hamısını imitasiya etmək imkanına malik deyil. Avstraliyalı mütəxəssislər komandası ağrıya həssas süni dəri hazırlamaqla bu istiqamətdə irəliləyiş əldə ediblər.
Prototip təzyiq, istilik və ya soyuq kimi dəyişiklikləri fərqləndirə bilən nazik plyonka formasındadır. Artıq süni dəri insanda olduğu kimi, hər bir qıcığa reaksiya verir.