1432
18:57
04 Sentyabr 2020

"Pandemiya dövründə sosial müdafiə proqramları genişləndirilib" - NAZİR


“Son illərdə özünüməşğulluq proqramı çərçivəsində 4 min nəfər əlilliyi olan şəxs öz ailə təsərrüfatlarını yaradıb. Bu istiqamətdə, həmçinin əlilliyi olan şəxslərin əmək bazarına və kiçik biznesə çıxış imkanlarının artırılması, onlar üçün xüsusiləşdirilmiş peşəyönümü testləri, müasir modul təlim proqramları və peşə standartlarının hazırlanması məqsədilə işlər davam etdirilir”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Prezidenti Yoakim Bröyer ilə videoformatda görüşündə bildirib.

Azərbaycanda aparılan siyasətin əsas xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayan nazir Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan son islahatları, e-texnologiyaların bu sahədə geniş tətbiqi işlərini diqqətə çatdırıb. DOST layihəsi, sosial ödənişlərdə artım dinamikası, pandemiya dövründə reallaşdırılan iqtisadi-sosial dəstək tədbirləri barədə məlumat verib. Bu tədbirlər sırasında sosial təminat növləri üzrə ödənişlərin davamlılığının da təmin edildiyini bildirib.

S.Babayev pandemiya dövründə sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi sahəsində görülən işləri də qeyd edib. Əlilliyi olan şəxslərin peşə əmək reabilitasiyası məqsədilə görülən tədbirləri diqqətə çatdırıb. Nazir ötən dövrdə BSTA ilə müsbət əməkdaşlıq təcrübəsindən bəhs edərək, gələcəkdə bu təcrübənin uğurla davam edəcəyinə əminlik ifadə edib.

Y.Bröyer BSTA-nın Azərbaycanda sosial sahədə aparılan islahatları, əldə olunan uğurlu nəticələri yüksək dəyərləndirdiyini vurğulayıb. O, pandemiya dövründə sosial təminatın əhalinin rifahında önəminin daha aydın şəkildə özünü göstərdiyini deyib. Ölkəmizdə də bu sahəyə xüsusi diqqət göstərilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Y.Bröyer həmçinin ölkəmizin islahatlar prosesində BSTA ilə mütəmadi əməkdaşlığını yüksək qiymətləndirib.

Görüşdə ötən ilin may ayında BSTA-nın Avropa Regional Forumunun Bakıda yüksək səviyyədə keçirilməsindən razılıq ifadə olunub. Həmçinin Azərbaycanın dörd layihəsinin (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatıü zrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri) BSTA-nın xüsusi mükafat və təltiflərə layiq görülməsindən bəhs olunub. Bu layihələr üzrə davam edən işlər qeyd edilib.